Qədr gecəsi necə dua edək?

“Rəbbiniz buyurdu: “Dua edin, mən də sizin dualarınızı qəbul edim”

(Mömin, 60).

Bəndəçiliyin bir əlaməti də duadır. İnsan Allaha üz tutaraq məhz Rəbbinə ehtiyaclı olduğunu, yeganə xilasının məhz Onda olduğunu nümayiş etdirir. Tanrıya hər zaman dua ilə müraciət etmək olar. Amma şübhəsiz ki, mübarək Ramazan ayı bunun üçün ən gözəl fürsətdir. Ramazan ayında isə ən uyğun zaman ehtimal edilən Qədr gecələridir. Bəs bu gecələr hansı duaları və necə edək?

İslam mənbələrində, demək olar, həyatın hər vəziyyəti üçün müəyyən dualar mövcuddur. Onları “şablon dualar” da adlandıra bilərik. Bəziləri mötəbər, bəziləri isə bir o qədər də səhih deyil. Sözsüz ki, istənilən duanı oxumaq, onları dilə gətirərək Allaha əl açmaq mümkündür. Amma bir qeydə ehtiyac duyuruq.

Təsəvvür edək ki, bir ata uzun ayrılıqdan sonra evinə dönür. Qapıda onu oğlu qarşılayır. Atasını görüncə, dərhal cibindən bir vərəq çıxarır, höccələyə-höccələyə, vurğuları düzgün qoymayaraq həyəcanlı səslə oxumağa başlayır: “Əziz və möhtərəm valideynim! Səni doğma yuvamızda səmimi qəlbdən salamlayıram! Qədəmlərin mübarək olsun! Səni bizə qovuşduran yollar, sözsüz ki, dünyanın ən üstün yollarıdır! Sənin isti nəfəsin… və s. və i.a”. Baş verənlərdən məəttəl qalan ata da soruşur: “Ay bala, bir dayan görək e! Bu nə sözlərdi? Axı bunu sənə kim öyrədib?” Oğul da cavab verir ki, “filankəs 200 il əvvəl atasını qarşılayanda bu sözləri deyib”. İndi düşünək: belə variant ataya xoş ovqat bəxş edəcəkmi, o, övladından belə qarşılanma, belə münasibət, belə rəsmiyyət gözləyirmi? Dualar da belədir.

Məsumlarımızdan nəql edilən dualarımız var, “Səhifeyi-Səccadiyyə”miz var. Əlbəttə ki, onları açıb oxumaq, onları özümüzə bir ülgü qərar vermək olar, lazımdır da. Amma bu dualarla yanaşı Allaha özümüzün də deməyə sözümüz olmalıdır axı! Bu, ən üstün dərəcədə olsa belə, onların duasıdır. Bəs biz harada qaldıq? Məgər bizim Allaha deməyə sözümüz yoxdur? Yəni qəlbimiz o qədər boşdur ki, əlimizdə şparqalka olmasa Yaradan qarşısında ancaq sükut edəcəyik? Məsumlarımız bizə yol göstəriblər, nümunə veriblər – belə minacat etməyə cəhd edin! Təbii ki, heç kim Həzrət Əlidən (ə), imam Səccaddan (ə) üstün dua edə bilməz, buna qüdrəti, elmi, helmi çatmaz. Ancaq hər şeydə mövcudluğu vacib olması səmimiyyət duada da qeybə çəkilməməlidir.

Allah bizə dua etməyin yollarını və üsulunu nişan verir:

“Rəbbiniz buyurdu: “Dua edin, mən də sizin dualarınızı qəbul edim” (Mömin, 60).

“(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha yalnız dini Ona aid edərək (ixlasla) dua edin!” (Mömin, 14).

“Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin” (Əraf, 180).

“De: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (Fürqan, 77).

Sonda isə bir daha təkrar etmək istərdik. Məşhur duaları oxuyaq, onlardan ibrət alaq və… Allaha daha gözəl, daha səmimi dua etməyi öyrənək.