YAP Bərdə rayon təşkilatı Milli Mətbuat və Jurnalistika günü münasibətilə media nümayəndələri ilə görüş keçirmişdir+FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
ARANTV.AZ xəbər verir ki, əvvəlcə YAP Bərdə rayon təşkilatının kollektivi media nümayəndələri ilə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövılüyü uğrunda həlak olmuş şəhidlərimizin, Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin və həyatdan getmiş media nümayəndələrinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya milli mətbuatın yaranmasının ildönümü münasibətilə media işçilərini təbrik edib, Azərbaycan mətbuatının zəngin və şərəfli yoluna, “Əkinçi” qəzetinin fəaliyyətinə nəzər salıb, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin əldə olunmasında media nümayəndələrinin də bütün xalq və Ordu kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx, dəmir yumruq kimi birliyini xüsusilə vurğulayıb. Jurnalist ordusunun söz və qələmi ilə Vətən müharibəsindəki xidmətlərindən söz açıb, informasiya sahəsində daim dövlət siyasətini dəstəklədiklərini bildirib.
Tədbirdə çıxış edən media nümayəndələri mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, cəmiyyətin tərəqqisindəki rolundan danışıblar.
Sonda media nümayəndələrinə YAP Bərdə rayon təşkilatının hədiyyələri təqdim edilib, xatirə şəkil çəkdirilib.


