Gündəm 

Rusiya nala-mıxa vurur

Məqsəd nədir?

Brüssel görüşü başa çatmamış Rusiya Federasiyasının  Xarici İşlər Nazirliyi tələm-tələsik Azərbaycanın əleyhinə qəzəbli bəyanat verdi. Həmin bəyanatda xüsusi olaraq vurğulanırdı ki, guya Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması 3 ölkə arasındakı məlum Bəyanata ziddir, eyni zamanda bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin dəyişdirmişdir.

Şübhəsiz, danışıqların getdiyi dönəmdə belə bir bəyanatın səsləndirilməsi Rusiyanın xoş olmayan niyyətindən, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıları açıq-aşkar  dəstəkləməsindən xəbər verir. Üstəlik, Rusiya belə addımı ilə  İrəvana, o cümlədən, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə təhrikedici və qızışdırıcı mesajlar verir. Elə həmin bəyanatdan sonra separatçılar tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, Qarabağda Azərbaycan əleyhinə kütləvi tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Şübhəsiz, bütün bunlar  o deməkdir ki, Rusiya bölgədə sülhün bərqərar olmasında əsla maraqlı deyil. Odur ki, stabilləşməyə doğru istiqamət götürən konflikti qızışdırır. Elə məlum bəyanatda səsləndirilən ifadələrə diqqət yetirsək, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, o cümlədən regionda sülh və sabitliyin bərqərar olunmasının, diplomatik münasibətlərin qurulmasının, həmçinin Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyanın əleyhinə olduğu açıq-aydın görünür. Hətta Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlərini qəbuledilməz sayır. Çünki  tarix boyu iki ölkə arasında münaqişə yaratmaqla məşğul olan şimal qonşumuz yaxşı dərk edir ki, sülh danışıqları uğurla başa çatsa, Azərbaycan-Ermənistan münasibətlərinin  normallaşmasında üzərinə götürdüyü əsas öhdəlikləri yerinə yetirməyən, yəni erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməyən, Zəngəzur dəhlizinin açılmasına səy göstərməyən, amma separatçılara dəstək verməkdə davam edən, üstəlik, erməni hərbi birləşmələrinin tör-töküntülərinin bir hissəsi kimi özünü göstərən  sülhməramlı adı ilə yerləşdirdiyi silahlı qüvvələri bölgəni tərk etməli olacaq. Rusiya isə bölgədən çıxmaq niyyətində deyil. Odur ki, Kreml bu kimi addımlarla sülh­məramlıların bölgədə qalma müddətini uzatmaq üçün əsaslar yaratmağa səy göstərir. Görünür, sülh danışıqlarının digər ölkələrdə keçirilməsi, əgər belə demək mümkünsə, prosesdə oyundan kənar vəziyyətə düşməsi  də Rusiyanı qıcıqlandırmaqdadır. Halbuki danışıqların harada aparılması Azərbaycan üçün o qədər də  əhəmiyyət kəsb etmir. Əsas məsələ danışıqların davam etdirilməsi və konkret nəticənin əldə olunmasıdır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı bu ölkənin rəsmilərini və qeyri-rəsmilərini (politoloqlar, jurnalistlər və s.), necə deyərlər, hərəkətə gətirmişdir. Məsələn, Rusiya  Federasiya Şurasının bey­nəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Qriqori Karasin yaranmış vəziyyətə görə Azərbaycanı ittiham etməyə çalışıb. “Rusiyanın Azərbaycan üçün etdiklərini” sadalayan bu şəxs  bildirib ki, 44 günlük müharibəni dayandıran Rusiya olub. Bəli, bu, danılmazdır. Amma bu da danılmaz faktdır ki, əslində bu məsələdə Rusiya Azərbaycandan çox Ermənistana xidmət edib. Əgər belə demək mümkünsə, təcavüzkarı Azərbaycanın caynağından almaqla onu tamamilə məhv olmaqdan qurtarıb.

Hazırda baş verənləri bir daha analiz edəndə açıq-aydın görünür ki, Rusiyanın sayəsində artıq bölgəyə 1988-ci ilin ab-havası (mitinqlər, yürüşlər, barrikadaların qurulması, Vardanyan kimi separatçıları himayə edilməsi və s.) gətirilməkdədir. Unutmayaq ki, o zaman məhz bu ölkənin ucbatından vəziyyət daha mürəkkəb şəkil almışdı. Şübhəsiz, indi o illər, Azərbaycan da o Azərbaycan deyil. Hazırda Azərbaycan diplomatiyası öz haqq işini beynəlxalq təşkilatlar, dövlətlər qarşısında cəsarətlə qaldırır və istəklərinə nail olur. Artıq bir sıra beynəlxalq qurumlar ölkəmizin  haqq səsinə səs verməklə yanaşı,  mövqeyimizin haqlı olduğunu qəbul edirlər. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin timsalında da gördük. Bir sözlə, 44 günlük müharibədəki Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan Azərbaycan artıq  özünü sülhün tərəfdarı kimi təsdiq edib. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Rusiyanın cəhdlərinin bir nəticə verəcəyi inandırıcı görünmür.

Yeri gəlmişkən, söz-söhbətə səbəb olan həmin bəyanatdan sonra Rusiyanın  xarici işlər nazirinin müavini Andrey Rudenko ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşündə rəsmi Moskvanın əsas məqsədinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından ibarət olduğunu, bunun üçün hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazır olduğunu bildirib. Bu isə Rusiyanın bu məsələdə sözün həqiqi mənasında ikibaşlı oyun nümayiş etdirməsindən xəbər verir. Şübhəsiz, Rudenkonun  söylədikləri sözügedən bəyanatdan yaranan gərginliyi yumşaltmağa xidmət edir. Amma eyni qurumda, Rusiya rəsmilərinin belə həssas məsələlərə bir-biri ilə təzad təşkil edən reaksiya vermələri olduqca müəmmalıdır. Görünür, Rusiya  xarici işlər naziri Sergey Lavrov ölkəsinin  Azərbaycanın ərazi bütövlüyünü tanımasını “unudub”. Halbuki bunu heç Rusiya Prezidenti Vladimir Putin  belə yaddan çıxarmayıb. Yəni o, dəfələrlə Azərbaycanın  mövqeyini alqışlayıb, ölkəmizin qonşuluq-tərəfdaşlıq münasibətlərində etibarlı mövqeyini dəstəkləyib. Belədə bilmirsən kimə inanasan…

Daha çox xəbərlər