Gündəm 

Ermənistan ekosid cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir

Təxminən 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini ekoloji fəlakət zonasına çevirən təcavüzkar Ermənistan Qarabağa və Şərqi Zəngəzura qarşı ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla düşmənçiliyini davam etdirib.

Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yayıb. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, belə demək mümkünsə, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. İşğalçı ölkədə dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, qeyd edə bilərik ki, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi həm də son dərəcə mənfi təsirlərə yol açır.

Azərbaycanın çağırışlarına, beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə sərhəddə– Arazdəyən kəndində böyük metallurgiya zavodu tikir. Bununla da İrəvan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru davam etdirmək niyyətini nümayiş etdirir.

Müəssisənin inşasına 70 milyon dollar yatırılacaq. Sahəsi 16 min 500 kvadratmetr olacaq zavod ildə 180 min ton məhsul istehsal edəcək. Metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investisiyası hesabına salınır.

Ermənistan bu addımı ilə birincisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyasını kobud şəkildə pozur. İşğalçı ölkənin də imza atdığı həmin sənədə əsasən, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistan isə müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan ətraf mühitə, ekologiyaya ziyan vurmaqla məşğuldur.

Mütəxəssislərin bildirdiklərinə görə, zavodun inşasının reallaşacağı təqdirdə geniş zolaqda ətraf mühitin, ekosistemin pozulacağı, havanın zəhərli tullantılarla çirklənəcəyi, mal-qaranın və əkinlərin sıradan çıxacağı gözlənilir. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin ekoloji fəlakətlə üz-üzə qalacağını, ciddi xəstəliklərlə üzləşəcəyini indidən deməyə əsas verir.

Ekspertlər bu qənaətə gəliblər ki, müəssisə fəaliyyətə başlayandan sonra onun fəsadlarından təkcə Naxçıvan deyil, eləcə də respublikamızın digər bölgələri, habelə Türkiyə, İran, o cümlədən elə Ermənistan da zərər çəkəcək. Həmçinin qeyd edilir ki, inşa ediləcək zavod Arazın sahilindədir. Ona görə də müəssisənin tullantılarının bu çaya axıdılacağı heç bir şübhə doğurmur. Amma təkzibedilməz faktlara əsaslanan bütün bu ekoloji terror hadisələri beynəlxalq qurumlar tərəfindən indiyədək susqunluqla qarşılanıb. Belə bir laqeyd münasibətdən sonra isə Ermənistan indiyə kimi insanlığa sığmayan əməllərini davam etdirib. İş o həddə çatıb ki, hətta Azərbaycana bu məsələdə haqq səsini ucaltdığına görə hədə-qorxu gəlməkdən belə çəkinməyib. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistan mətbuatı Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini həyata keçirən “Virtual Funding” və “CSE Global” şirkətlərinin bəyanatını yayıb.

Bəyanatda həmin özəl qurumların nümayəndələri çox güman ki, Ermənistan rəhbərliyinin diktəsi ilə guya Azərbaycanı bu müəssisənin tikintisinin qarşısını almaq cəhdinə görə vurduğu ziyanda ittiham edir və buna görə də kompensasiya tələb edəcəklərini bildirirlər. Bunlar hətta utanıb-qızarmadan tikilən zavodun Azərbaycan üçün ekoloji problem yaradacağı ilə bağlı deyilənlərin yalan olduğunu bəyan edirlər. Adları çəkilən müəssisələrin nümayəndələri inşa ediləcək zavodda gələcəkdə hazır metalların armatura çevriləcəyini, heç bir zərərli tullantıların olmayacağını iddia edirlər. Bəyanatın sonunda həyasızcasına guya tikilən zavodun transsərhəd təsiri olmadığı üçün Azərbaycanın göstərdiyi beynəlxalq konvensiyaların heç bir müddəasının pozulmadığı da bildirilir.

Ümumiyyətlə, düşmən ölkənin törətdiyi terror onun qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir.

Elə bu yaxınlarda, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətə və BMT-yə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi ilə bağlı müraciət ünvanlanıb.

Sübut və faktlara əsaslanan həmin müraciətdə Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları nəticəsində ekosistemin deqradasiyası ilə nəticələndiyi, bununla da yalnız Ermənistanın ətraf mühit üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yarandığı öz ifadəsini tapıb. Müraciətdə, həmçinin mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərdiyi bildirilib.

Həqiqətən də bölgəni təhlükəyə sürükləyən bu prosesin, ekosidin durdurulması çox vacibdir. Çünki heç bir siyasi gücün, yaxud özəl və dövlət şirkətlərinin, onların arxasında dayanan qüvvələrin regionda yaşayan xalqların taleyi ilə oynamağa haqqı yoxdur.

Daha çox xəbərlər