Gündəm 

«Humanitar böhran»la bağlı erməni məkri siyasi manipulyasiyadır

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  Cozef  Borrelə,  Kanadaya və Fransaya xatırlatma: Ermənistanın  razılaşdırılmadan ölkəmizin toxunulmaz ərazisi Xankəndiyə «humanitar yük» adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti təxribatdır

İkinci Qarabağ müharibəsində  Azərbaycana məğlub olduğunu imzaladığı kapitulyasiya aktı ilə təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlarda  keçirilən görüşlərdə  Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan etsə də,   hələ də havadarlarının çaldıqları havalara uyğun  oynayır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan dəstəkçiləri  ilə birlikdə hazırladığı məkrli planlara uyğun təxribatlar törədən işğalçı dövlətin son günlərdə əsassız  «Xankəndidə yaranan  humanitar böhran»   barədəki  hay-küyləri bölgədə vəziyyəti daha da gərginləşdirib.

Azərbaycan öz ərazisi olan Laçın yolunda  sərhəd buraxılış-keçid məntəqəsi yaratdıqdan sonra  Xankəndinin separatçı rejimi üçün daşınan silah-sursatların qarşısının alınması  terrorçu dəstələri daha da quduzlaşdırıb. Son zamanlarda  Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə  Xankəndiyə  qadağan olunmuş yüklərin daşınması ilə yaranan gərginliyə  görə  yolun bağlanmasını guya  Xankəndidə  «ərzaq qıtlığı» ilə əlaqələndirərək  dəstək istəyən Hayastanın rəsmiləri beynəlxalq hüquq normalarına belə etinasızlıq göstərirlər.  Əslində vəziyyət necədir?

Vəziyyətlə bağlı  ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə keçirilən brifinqdə açıqlama verən Xarici İşlər nazirinin müavini Araz Əzimovun vurğuladığı kimi,  Vətən müharibəsində erməni faşizmi üzərində Qələbə  qazanan  Azərbaycanın sülh tərəfdarı olması,  dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə ədalətlə yanaşması bütün məqamlarda aydın görünür.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üçün bütün vasitələrdən istifadə edən ölkəmizin  bölgədə sabitliyin yaranması üçün göstərdiyi  qətiyyət  beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən dəstəklənir.  Rəsmi İrəvanın erməni əsilli  Azərbaycan vətəndaşlarının  yaşadıqları  ərazilərimizdə hərbi təxribatlar, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsi işğalçı ölkənin barbarlıq niyyətini bəlli edir. Ermənistanın heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblər irəli sürməsi, ölkəmizin  daxili işlərinə müdaxilə cəhdlərini davam etdirməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanata ziddir. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da qeyd olunduğu kimi,   ərazisində vətəndaşlarının istifadəsi üçün  Laçın sərhəd-keçid məntəqəsi yaratması Azərbaycanın daxili işi və hüququdur.

Bu reallığı qəbul etməyən  rəsmi İrəvanın Azərbaycanın sərhədini qoruyan əsgərimizə  atəş açması, dövlət bayrağımıza qarşı təxribat törətməsi  faşizmə xas vəhşilik  kimi  xalqımız tərəfindən hiddətlə qarşılandı. Belə ki,  Laçın yolundan istifadəyə məhdudiyyət  Ermənistanın  Azərbaycana qarşı qeyri- etik hərəkətləri üzündən tətbiq edilib. Daşınması  qadağan olunan yüklərə məhdudiyyət qoyulsa da, tibbi yardıma ehtiyacı olanların tələblərinə hörmətlə yanaşılır, dəhlizdən sərbəst istifadə üçün lazımi şərait yaradılır. Xankəndi sakinlərinə ərzaq məhsullarına ehtiyaclarının ödənilməsi üçün alternativ, daha səmərəli variant kimi «Ağdam-Xankəndi»” yolundan istifadə təklif olunub. Yəni  Azərbaycan ərazisi olan Xankəndiyə Ermənistandan ərzaq məhsullarının gətirilməsinə ehtiyac qalmır. Separatçılar və Fransa kimi digər dəstəkçilər isə   rəsmi Bakının humanist siyasətini, haqlı seçimini   «böhran» adlandıraraq yardım adı ilə silah-sursat daşınması əməllərinin qarşısının alınmasından narahat  olurlar. Ermənistanın ölkəmiz ilə razılaşmadan ölkəmizin toxunulmaz ərazisi Xankəndiyə  «humanitar yük»” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti təxribatdır.  Ermənistan  bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməlidir.  Xankəndi  sakinlərinin ehtiyaclarının qarşılanması üçün  Azərbaycanın təklif etdiyi «Ağdam-Xankəndi»”  və digər alternativ yollardan istifadə olunmalıdır.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri tərəfindən   xarici ölkələrin parlamentlərinə göndərilən  müraciətdə, Qərbi Azərbaycan İcmasının (QAİ)  bəyanatında  Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli sənədində   Azərbaycanın haqq işinə xarici müdaxilələrin yolverilməz olduğu bildirilir.  İcmanın bəyanatında  Azərbaycana qarşı  düşmən mövqeyini davam etdirən Fransa ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, Qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün  rəsmi İrəvana çağırış etməyə dəvət edilir.

Müraciət və bəyanatlarda Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni əsilli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların siyasi manipulyasiya olduğu bəllidir. Separatçıların Əsgəran- Ağdam yolunu beton bloklarla bağlayaraq əraziyə  «Ölüm yolu» plakatı asmaları faşizm ideyalarına sadiq  «yan»ların əsl niyyətlərinin  göstəricisidir.
Təklif  olunan  variantlardan imtinada məqsəd  Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasını ləngitmək və qarşısını almaqdır.  Azərbaycanı qondarma «soyqırımı” cəhdlərində»  təqsirləndirən  Ermənistan Qərbi Azərbaycandan zorla çıxardığı  250 mindən artıq azərbaycanlının doğma torpaqlarına qayıtmasını təmin etməli, o illərdə daşnakların soydaşlarımıza qarşı etnik təmizləmə siyasətinin qurbanları olan insanların qətli üçün cavab verməli, üzr istəməlidir. Ermənistanın və Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti olmadan Xankəndiyə eksklüziv təchizat marşrutları tələb etməsi bölgədə gərginliyin artırılmasına, sülh sazişinin imzalanmasına törədilən süni maneələrdir.  Avropa İttifaqının (Aİ) bu məsələyə qarışması isə  ikili standartların təəssüfdoğuran nümunəsi olmaqla, beynəlxalq hüquqa etimadsızlıqdır. Aİ missiyasının rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazilərinə  daxil olmağa cəhd edən konvoyları müşayiət etməsi ölkəmizin suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətsizlikdir.

«Xatırlatmaq istərdik ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatına Ermənistanın Azərbaycanın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıqları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradan etimad tədbirlərini dəstəkləməkdən ibarətdir. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir» sözləri yazılan bəyanatda  Ermənistandan qeyri-qanuni hərəkətlərinə son verilməsi tələb olunur. Bölgəylə bağlılığı, Avropa İttifaqının üzvü olmayan, Vətən müharibəsinin davam etdiyi günlərdə də  Ermənistanı müdafiə edən  Kanadanın bu günlərdə Fansa ilə eyni mövqe sərgiləyərək  İrəvanda peyda olması təəccüblü, müəmmalı və təəssüf doğurucu haldır.

«Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı  kimi, hər bir uğurlu addımın arxasında qətiyyətli siyasi iradə, güc, düşünülmüş məntiq  və  beynəlxalq hüquq dayanır. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən  Ermənistanda olan Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə  ali nümayəndəsi  Cozef  Borrelə,  qurumun müşahidə missiyasına  dövlət başçımızın «Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq» sözlərinin xatırlanmasının vaxtı və məqamıdır.

Daha çox xəbərlər