BMT-nin faciəsi
BMT kimi bir təşkilatın hayların yalanlarına uyması, Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar səsləndirməsi, sözün həqiqi mənasında, faciədir
Bəzi ermənipərəst dövlətlər, siyasətçilər, beynəlxalq təşkilatlar “Laçın yolu dərhal açılsın!” bağıraraq rəsmi Bakıya təzyiq göstərməkdə davam edirlər. Artıq Ermənistan bu şouya BMT-ni də cəlb edib. Sən demə, BMT-nin Baş katibi Antonio Quterreş, həmçinin bu qurumun İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri də Laçın yolunda yaranmış “problemlərdən” dərin narahatlıq keçirirmişlər. Üstəlik, onların dediklərindən belə məlum olur ki, rəsmi Bakı Laçın yolu ilə ermənilərin Xankəndidən Ermənistana və əks istiqamətdə “sərbəst”, yəni hər hansı yoxlama və nəzarət olmadan hərəkətlərini qeyd-şərtsiz təmin etməlidir. Bir sözlə, ermənilər Xankəndidən Ermənistana, Ermənistandan da Xankəndinə istədikləri zaman gedib-gəlməli, istədiklərini də aparıb gətirməlidirlər. Amma onlar nədənsə unudurlar ki, haylar bu yoldan humanitar məqsədlər üçün istifadə etmirlər. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra həmin yolla Ermənistandan Xankəndiyə silah-sursat, o cümlədən minalar daşıyırdılar. Təkcə bir faktı qeyd edək ki, onlarla soydaşımız 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalara düşərək həlak olublar. Elə Laçın postu da bu kimi halların qarşısını almaq məqsədilə təşkil edilib. Burada isə qeyri-adi heç bir şey yoxdur. Belə ki, Azərbaycan heç vaxt erməni sakinlərinin Laçın yolunda sərbəst hərəkətinə, eləcə də ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətinə əngəl yaratmayıb. Üstəlik, rəsmi Bakı suveren ərazilərində yaşayan bir ovuc erməninin ehtiyaclarının qarşılanması məqsədilə onlara Ağdam–Xankəndi yolunu təklif edib. Bu təklifin Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, hayların Laçın yolundan “ənənəvi” qaydada istifadə etmək xülyalarında israrlıdırlar. Bu mənada hayların məsələni beynəlxalq müstəviyə çıxarmaq cəhdi olduqca gülüncdür. BMT kimi bir təşkilatın hayların yalanlarına uyması, Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar səsləndirməsi, sözün həqiqi mənasında, faciədir.
Qeyd edək ki, bu yaxınlarda BMT-nin Ermənistandakı nümayəndəliyinin əməkdaşları Laçın-Xankəndi yolunun başlanğıc nöqtəsində olublar. Guya burada onlara yaranmış vəziyyət barədə “məlumat” verilib. BMT-nin əməkdaşları da həmin “məlumatlar” əsasında belə bir nəticəyə gəliblər. Bu isə o deməkdir ki, onlar hayların yalanları əsasında, daha doğrusu, Ermənistanın təbliğat-dezinformasiya maşını tərəfindən hazırladıqları materialları mərkəzə ötürüblər. Nəticədə BMT real fəaliyyətlə müşayiət olunmayan formal bəyanatlar, fikirlər səsləndirib. Ermənistandakı bütün beynəlxalq təşkilatların nümayəndələrinin hayların cızdıqları dairədən kənara çıxmadıqları hər kəsə məlumdur.
Halbuki cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda, İrəvanın Həkəri keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib. Belə olan təqdirdə BMT bu məsələni gündəmə gətirməklə nə demək istəyir? Görünən budur ki, BMT kimi mötəbər bir qurum digər təşkilatların artıq, necə deyərlər, kitabını oxumur. Digər tərəfdən, BMT bu addımı ilə bir daha özünün ermənipərəst mövqeyini ortaya qoyur.
Yeri gəlmişkən xatırladaq ki, həmin bu BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizi qeyd-şərtsiz tərk etmələri barədə 4 qətnamə qəbul etmişdi. Amma Ermənistan Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (12 noyabr 1993-cü il) saylı qətnamələrini icra etməkdən boyun qaçırdı, sənədləri adi kağız parçası hesab etdi. Amma 30 il ərzində BMT haylara gözün üstə qaşın var demədi, yəni onlara ciddi təzyiq göstərmədi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən və destruktiv mövqeyindən uzun müddət əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu.
Digər tərəfdən, o illərdə 1 milyona yxın soydaşımız aclıq təhlükəsi ilə üzləşəndə nədənsə bu qurum heç belə həyəcan təbili belə çalmadı. İkinci Qarabağ müharibəsindən sonra da BMT bu “missiyasını” davam etdirdi. Son üç ildə Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə, Ermənistanın 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verdiyi zəmanətin yerinə yetirməməsinə göz yumması dediklərimizin sübutudur.

