Gündəm 

Biz hər şeyə hazırıq!

Sülhə də, alternativ həll yoluna da…

Ermənistanın iddiasının əksinə olaraq nə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlıq “humanitar böhran” yaşamır, nə də Xankəndi-Laçın-Gorus yolu bağlı deyil. Sadəcə, düşmən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq hələ də ərazilərimizdən tam çıxarmadığı silahlı qüvvələrinin ehtiyaclarını təmin və təchiz etməkdən məhrum olması reallığı ilə barışa bilmir. Ermənistan hakimiyyətini, eləcə də Qarabağdakı qondarma qurumun “rəhbərliyini” qıcıqlandıran başqa bir məqam isə uzun illər boyu qanunsuz istismar edərək İrəvana daşıdıqları Azərbaycanın təbii sərvətlərindən əldə etdikləri külli miqdarda vəsaitin əllərindən çıxmasıdır. Ermənistanın son günlər bütün dünyada qara piar kampaniyasına başlamasının, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməsinin, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyətinə, eləcə də Qarabağa humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi marşrutundan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törətməsinin əsl səbəbi də bunlardır.

Qarabağda heç bir “humanitar böhran”ın olmadığını dolayısı ilə Ermənistan mətbuatı da etiraf edir. Belə ki, “Hraparak” nəşrinin yazdığına görə, “ərzaq çatışmazlığını müəyyən qədər aradan qaldırmaq üçün” rusiyalı cinayətkar Ruben Vardanyanın rəhbərlik etdiyi “Artsaxın (Qarabağ iqtisadi rayonu-red) təhlükəsizliyi və inkişafı cəbhəsi” ictimai hərəkatının təşkilatçılığı ilə dünəndən etibarən Xankəndidə “sosial yeməkxana” fəaliyyətə başlayıb: “Yeməkxanada hamilə qadınlar, 16 yaşınadək uşaqlar və 65 yaşdan yuxarı insanlar sənədlərini təqdim etməklə gündə bir dəfə pulsuz yemək yeyə bilərlər.”

Göründüyü kimi, Qarabağda hətta eyni vaxtda çoxlu sayda insanı yeməklə təmin edəcək qədər ərzaq ehtiyatı mövcuddur. Ancaq bu ərzaq vardanyanların, qondarma qurumun “rəhbərləri”nin nəzarətində cəmləşib və qəsdən yerli sakinlərə verilmir, bununla da “boş marketlər”, “ac insanlar” şousu təşkil edilir. Bütün bu faktlar Qarabağda baş verənlərin kənar qüvvələr tərəfindən idarə olunduğunu göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin 14 avqust 2023-cü il tarixli bəyanatından aydın olur ki, bir müddət əvvəl aparılmış intensiv məsləhətləşmələrdən və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilibmiş. Razılaşmaya görə, Qarabağdakı ermənilərin ehtiyaclarını ödəmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı, bunun ardınca isə 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər. Bundan başqa, Yevlax şəhərində Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlər arasında görüşün keçirilməsi barədə də razılıq əldə olunmuşdu. Lakin Ermənistan Qarabağdakı separatçı rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılaşmadan son anda boyun qaçırdı. Əvəzində son günlər Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin aktivləşməsi, hərbi mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirməsi və açıq şəkildə silahlı toqquşmalara hazırlaşması müşahidə olunmaqdadır. Müxtəlif vasitələrlə əldə edilmiş görüntülərdən aydın olur ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqları döyüş mövqelərini şəxsi heyət, silah-sursat baxımından gücləndirir, yeni müdafiə hədləri və səngərlər hazırlayır, uzunmüddətli fortifikasiya qurğuları quraşdırır, əraziləri kütləvi şəkildə minalayırlar. Bundan başqa, düşmən Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri yerləşdirir, mülki əhali silahlandırılır. Atəş mövqeləri üçün yerlər ermənilərin həmişə humanitar prinsiplərə zidd olaraq istifadə etdikləri taktikaya uyğun bir çox hallarda yaşayış evlərinin yaxınlığında seçilir.

Məlum olduğu kimi, ermənilərin Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrindən istifadəsi ilə bağlı rəsmi məlumatlar mövcuddur. Son həftələrdə erməni təxribatları nəticəsində təkcə “Azərbaycan Hava Yolları”nın mülki təyyarələri deyil, xarici ölkələrin təyyarələri də onların təhlükəsiz uçuşlarına ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.

Ermənistanın “blokada” və “humanitar böhran” yalanları ilə başlatdığı hadisələrin inkişafı göstərir ki, düşmən daha genişmiqyaslı təxribatlara və silahlı toqquşmalara hazırlaşır. Beynəlxalq ictimaiyyəti çaşdırmaq və siyasi spekulyasiyalarla Azərbaycana təzyiqləri artırmaq məqsədi güdən Ermənistan bu işdə  Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasını da alətə çevirməyə çalışır. Avqustun 15-də Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Aİ-nin müşahidəçilərinin avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı dezinformasiya xarakterli məlumat da göstərir ki, düşmən təxribatlarını genişləndirmək üçün bütün mümkün riyakarlıqdan istifadə etmək niyyətindədir. Halbuki, Aİ müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir, ordumuzun bölmələri missiyanın səfərləri barədə məlumatlandırılır. Bu səbəbdən də Aİ-nin müşahidəçilərinin avtomobili istiqamətində Azərbaycan tərəfindən atəşin açılması nəzəri və praktiki baxımdan mümkün deyil, məlumat sözügedən qurum tərəfindən də təkzib edilib. Ancaq təxribatın məhz Ermənistanın müraciətinə BMT TŞ-də baxılmaq ərəfəsində (TŞ-nin mövzu ilə bağlı iclası bu gün keçiriləcək-red.) törədilməsinin təsadüfi olmadığı isə şübhə doğurmur.

Görünür, ermənilər Azərbaycan Ordusunun gücü, başlarına endirilən dəmir yumruğun “dadı” üçün darıxıblar. Əgər düşmən gərginliyi aradan qaldırmaq istiqamətində qısa müddətdə lazımi addımlar atmasa qəhrəman əsgərlərimiz onlara yenidən bəzi şeyləri xatırlatmalı olacaq. Əgər Ermənistan sülhə qarşı çıxırsa ordumuz da, xalqımız da alternativ həll yoluna hazırdır.

Daha çox xəbərlər