Siyasət 

Azərbaycan həqiqəti sübut edir

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr ölkəmizin diplomatik qələbəsi olmaqla yanaşı,  bir çox məqamlara aydınlıq gətirdi

Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında vurğuladığı kimi, Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz, ordumuz və eyni zamanda,  imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq. Daxili resurslar hesabına Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Bu gün  böyük qürur hissi ilə qeyd edirik ki,  sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir,  əmin-amanlıq hökm sürür. Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür. Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır.

Azərbaycan xarici siyasəti ilə bağlı nümunəvi ölkə sayıla bilər.    Xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin daxili  işlərinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Azərbaycanın  qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir.  Azərbaycanın  dünyadakı rolunu və ölkəmizə  münasibəti əks etdirən çox parlaq bir nümunənin-120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik müddətinin quruma üzv dövlətlərin yekdil qərarı ilə bir il uzadılmasını xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev çıxışlarında ölkəmizin beynəlxalq nüfuzuna diqqəti yönəldərək bildirir ki, bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın  rəhbərlik edirik. «Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik» söyləyən cənab İlham Əliyev real faktlara, tarixi həqiqətlərə əsaslanan  siyasətin uğurlarını diqqətə çatdırır.

Təbii ki, bu uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan  Qarabağ münaqişəsinin həllində öz sözünü dedi. Arxada qalan hər gün Azərbaycanın diplomatiya sahəsində  qazandığı uğurlara yeni əlavələr edir. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 il kağız üzərində qalsa da  bu sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni hərbi birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı.

Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, dünyada etimad mühitinin yaradılmasıdır. Azərbaycan tarixi Zəfərimizdən sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etsə də ötən bu dövr ərzində Ermənistanın hansı yanaşmanı ortaya qoyduğu göz qabağındadır. Sülh müqaviləsinin imzalanmasına əngəl törətmək üçün Ermənistanın mütəmadi təxribatlar törətməsi artıq adi hala çevrilib. Bu adi halların yaranmasına səbəb havadarlarının hələ də bu dəstəkdən geri çəkilmək barədə düşünməməsidir. Ermənistan Soçi və Praqa görüşlərində  Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən  sülh müqaviləsini dəstəklədiyini bildirdi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsinin bariz nümunəsidir. Azərbaycan qarşı tərəfdən konkret addım ataraq sülh müqaviləsini imzalamasını gözlədiyi halda, Ermənistan təxribatları ilə gündəmin əsas müzakirə mövzusuna çevrilir. Əksər dünya güclərinin  Ermənistanın beynəlxalq hüquqa zidd bu kimi əməllərinə göz yumması onun daha böyük iddialarla yaşamasına gətirib çıxarır. Ermənistan  sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır. Təxribatların hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. İşğalçı dövlətin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan  Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın son zamanlar «humanitar vəziyyət», blokada» kimi şouları da cızdıqları ssenarinin tərkib hissəsidir. Məsələnin mahiyyətini bilərəkdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün hətta bununla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edilməsi və qurumun bu müraciəti dərhal  yerinə yetirərək müzakirələr təşkil etməsi çoxsaylı sualların yaranmasına səbəb oldu. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq  təşkilatları ikili standartlardan niyə xilas ola bilmir?  Xatırlasaq, 30 illik işğal dövründə Azərbaycan münaqişənin həllində  bütün beünəlxalq təşkilatların malik olduqları potensialdan səmərəli istifadəni qarşıya əsas hədəf kimi qoyaraq işğal altında olan torpaqlarımızda süni məskunlaşma prosesinin araşdırılması məqsədilə BMT-yə müraciət edib Faktaraşdırıcı Missiyanın yaradılması məsələsini gündəmə gətirəndə Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi qəbul etdilər. O zaman qeyd olunan məsələ ilə bağlı ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və həmin missiyanın  üzərinə düşən vəzifəni hansı şəkildə yerinə yetirdiyi məlumdur.  Bu məqamı qeyd etməkdə məqsədimiz heç də artıq tarixin arxivinə atılmış Minsk qrupundan danışmaq deyil. Ermənistanın hər bir məsələyə öz mövqeyindən yanaşaraq havadarlarının müdaxiləsi ilə çirkin niyyətlərini həyata keçirdiyini diqqətə çatdırmaqdır.

44 günlük İkinci Qarabağ müharibəsi baş verməmişdən öncə BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında dövlət başçısı İlham Əliyev Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarından bəhs etdi. O zaman istər qurumun özü, istərsə də üzv dövlətlər bu çağırışa laqeyd yanaşmaları ilə diqqətdə oldular. Həmin sessiyadan çox keçmədi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutaraq vəziyyətin gərginləşməsinə səbəb oldular.

Diqqət yetirsək, Azərbaycanın üzləşdiyi hər bir məsələnin həllində özünə, öz potensialına, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənərək addımlar atdığını görərik. Dünya hər zaman ölkəmizə qarşı ikili standartlarla yanaşmaq siyasətilə diqqətdə olub. Avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasında müzakirələr Azərbaycanın diplomatik qələbəsi olmaqla yanaşı, bir çox məqamlara işıq saldı. Sübut olundu ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

Ermənistanın baş naziri Nikol Paşinyanın ənənəsinə uyğun olaraq  BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələri təhrif etməsi hazırda müzakirə olunan məsələlər sırasındadır. Azərbaycan Xarici İşlər Nazirliyi  Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı  müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsinə münasibətində  bildirir ki,  bölgədə “humanitar vəziyyət” barədə hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş Ağdam-Xankəndi yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi qarşı tərəfin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir. BMT Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar böhran”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri bu narahatlıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakinlərə qarşı atəş açıldığı barədə iddialar səsləndirilməsi və onun  ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir. Ermənistan tərəfi qəbul etməlidir  ki, bölgədə sülhün və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

Bu gün Azərbaycan sülh müqaviləsinin imzalanmasına xidmət edən hər bir addımı dəstəkləməklə yanaşı, qarşı tərəfdən də səylərini artırmağı tələb edir. Ermənistan hər  gün hansısa bir əsassız fikri səsləndirib ətrafında ajiotaj yaratmaqdansa, ümumilikdə regionun gələcək inkişafı üçün əsas olan sülh müqaviləsinin imzalanmasına diqqət göstərsin. Bu çağırış hər zaman səsləndirilir: Sülh təklifi uzun müddət masa üzərində qalmayacaq.

Daha çox xəbərlər