Həm siyasi iradə, həm istək, həm də arzu var
Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu günlərdə Azərbaycanda səfərdə olması, çox mühüm sənədlərin imzalanması əməkdaşlığın inkişafı üçün növbəti mərhələnin başlanğıcıdır.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək “İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə “İki sahil”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində atılan uğurlu addımların nəticəsi olaraq Azərbaycanla dost olan ölkələrin sayı artmaqda davam edir: ” Eyni zamanda, başqa bir tendensiya isə bir çox dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinin strateji müstəviyə keçməsidir. Xüsusilə dövlət xüsusən bəzi dövlət rəhbərləri ilə münasibətlərinin qardaşlıq səviyyəsinə yüksəlməsi strateji müttəfiqliyə mənəvi özəllik də qatır. Məhz bu ölkələrdən biri də Özbəkistan Respublikasıdır.
Özbək xalqının Azərbaycana hədiyyəsi olan məktəb dostluğumuzun simvoludur
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin münasibətlərinin dostluq və qardaşlıq səviyyəsinə qalxması tərəfdaşlıqda yeni üfüqlər açıb. Bu münasibətlər, eyni zamanda, türk dünyasının gələcəyi baxımından çox əhəmiyyətlidir. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz töhfəsini verir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı və ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəlməsi müttəfiqliyi dayanıqlı edən amillərdəndir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana son səfəri münasibətlərin inkişafında xüsusi rola malikdir. Bu səfər çərçivəsində iki ölkə arasında ümumilikdə 20 sənədin imzalanması səfərin əhəmiyyətini göstərməklə, yanaşı iki ölkənin strateji əməkdaşlığını və gələcəyə baxışını açıq ifadə edir.
C.Hüseynzadə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”si mühüm əhəmiyyətə malikdir. Bu sənəd əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib mexanizmdir. Digər tərəfdən energetika, mədəniyyət, media, gənclər fəaliyyəti ilə bağlı birgə fəaliyyətin inkişaf etdirilməsi istiqamətində sənədlər də əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradır.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, səfər proqramının genişliyi, qonaqların Qarabağa səfəri xüsusilə qeyd olunmalıdır. Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımıdır. Bu məktəb özbək xalqı adından Azərbaycana hədiyyə olaraq Füzulidə inşa edilib. 960 şagird yerlik bu məktəb təkcə həcminin böyüklüyünə görə deyil, daşıdığı siyasi və ideoloji mənaya görə də iki ölkə arasında bir simvol olacaq.
Cəsarət Hüseynzadənin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfəri isə iki ölkə arasında dostluq və qardaşlığın ən ali göstəricisi kimi qiymətləndirilməlidir. Beynəlxalq əhəmiyyətli bu səfər Özbəkistan Respublikasının Azərbaycanın haqq işinə dəstəyinin ən gözəl nümunəsi oldu. Hesab edirəm ki, Azərbaycan və Özbəkistan əlaqələrinin müxtəlif aspektlərdən uğurunu və əhəmiyyətini biz görə bilərik. Lakin ən böyük məqam bu dostluğun və əməkdaşlığın milli-mənəvi müstəviyə və qardaşlıq səviyyəsinə yüksəlməsidir. Münasibətlərin bu müstəviyə çatmasında prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin müstəsna xidmətləri var. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və vahid mövqedən çıxış etməsi hər iki ölkənin milli maraqlarını ifadə etməkdədir. Xüsusən Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Və Azərbaycanın növbəti illərdə də Qoşulmama Hərəkatında mühüm rola malik olacağını göstərir.
Özbəkistan yeganə Mərkəzi Asiya ölkəsidir ki…
Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev “İki sahil”ə açıqlamasında qeyd edib ki,Azərbaycan ilə Özbəkistanı bir-birinə səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir. Ümumiyyətlə, Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində dünyanın əksər ölkələrilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan sübut etdi ki, regionda etibarlı tərəfdaşdır. Bu baxımdan bir çox ölkələr Azərbaycanla əməkdaşlıq edirlər. Özbəkistan da həmin ölkələr sırasındadır.
Fuad Əliyev bildirib ki, Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. İstər SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycan ilə Özbəkistan arasında münasibətlər inkişaf edirdi. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasından sonra Özbəkistanla əlaqələrdə inkişaf müşahidə edilməyə başladı. Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb.
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan torpaqları işğal olan illərdə Özbəkistan ədaləti, həqiqi haqqımızı müdafiə edib. Özbəkistan torpaqlarımız azad ediləndən sonra xalqımızı Qələbə ilə təbrik edənlərin birinci sıralarında olub. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.
Göründüyü kimi, Özbəkistan-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir və irəlidə də yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər var. Həmin perspektivlərin tezliklə reallaşacağına isə heç bir şübhə yoxdur. Çünki bunun üçün ortada həm siyasi iradə, həm də istək, arzu var.

