Gündəm 

Azərbaycanın çörəyi…

Sən “hasarın o üzündə” çox gözləməli olacaqsan, madam İdalqo!

Azərbaycanın Qarabağda yaşayan ermənilərə Qızıl Aypara Cəmiyyətinin xətti ilə avqustun 29-da göndərdiyi ilkin mərhələ üçün 40 ton un məmulatları daşıyan humanitar maşın karvanının Ağdam-Xankəndi yolunda ləngiyəcəyi, separatçıların bu yardımın ünvanına çatmasına hər vəchlə mane olacaqları gözlənilən idi. Çünki Xankəndiyə yüklərin Ağdam yolu vasitəsilə çatdırılması təkcə oradakı separatçıların, xunta rejiminin “rəhbərliyinin” deyil, eləcə də Ermənistanın “artsax” arzularının sonu, Qarabağ üzərindən Azərbaycana qarşı oyun qurmağa çalışan bəzi dairələrin, xüsusilə ermənipərəst Fransanın planlarının iflasa uğraması deməkdir. Bəs yardımın ünvana çatdırılmasındakı maneələr nə zaman aradan qaldırılacaq və maşınların buraxılmaması ehtimalı varmı?

Əvvəla, Azərbaycanın Qarabağın ermənilərin yaşadığı, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan hissəsinə hər bir halda girəcəyi, yəni həmin ərazidə qanunlarımızın tətbiq ediləcəyi yaxın gələcəyin müzakirə mövzusu olmayan reallığıdır. Burada söhbət yalnız hansı varianta üstünlük veriləcəyindən gedir. Belə ki, Qarabağ bütün dünyanın, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın da rəsmi şəkildə tanımağa məcbur olduğu suveren Azərbaycan ərazisidir. Bu ərazidə hazırda mülki erməni vətəndaşlardan başqa qanunsuz erməni silahlı birləşmələri, separatçılar da var və onların yaratdıqları qondarma “qurum” “fəaliyyət göstərir”. Həm beynəlxalq qanunlar, həm də Azərbaycanın qanunvericiliyi bizə Qarabağdakı separatizmi ləğv etmək və cinayətkarları məsuliyyətə cəlb etmək hüququnu tanıyır. Bu praktika, yəni, cinayətkar qruplara qarşı antiterror əməliyyatlarının keçirilməsi bütün hüquqi dövlətlərdə və cəmiyyətlərdə normal qəbul edilir. Sözügedən həll varinatının reallaşdırılması üçün Azərbaycanın hərbi imkanlarına gəlincə, 44 günlük Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirmiş ordumuzun müharibədən sonrakı müddətdə döyüş qabiliyyətini daha da artırdığı və sözügedən antiterror əməliyyatını çox qısa zamanda uğurla başa çatdıra biləcəyi hər kəsə bəllidir. Deməli, ən pis halda Azərbaycanın hərbi yolla Qarabağda qanunvericiliyi bərpa edəcəyi, Xankəndidə dövlət qurumlarımızn fəaliyyət göstərəcəyi heç kimdə şübhə doğurmasın. Ancaq humanizm prinsiplərinə sadiqliyini sona qədər davam etdirən Azərbaycan erməniəsilli vətəndaşların reinteqrasiyası üçün danışıqlar yoluna üstünlük verir və hələ ki bu həll yolu üçün imkanlar tükənməyib.

Humanitar yük aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinin dayanmış maşınların yanında çadırlar qurmaları onların öz missiyalarını yerinə yetirənə qədər Ağdam-Xankəndi yolunda gözləyəcəklərini göstərir. Bu addım ilk baxışda təsirli görünməsə də ekofəalların, qeyri-hökumət təşkilatlarının Xankəndi-Laçın yolunun Şuşa şəhərinin ərazisindən keçən hissəsində başladıqları və nəticə etibarilə Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına şərait yaradan aksiyalarını xatırladır.

Göründüyü kimi, Azərbaycan düşmənini, daha dəqiqi düşmənlərini sırf humanitar xarakterli manevrləri ilə zərərsizləşdirərək məğlubiyyətə uğradır.

Humanitar yardımın separatçılar tərəfindən Xankəndiyə buraxılmaması da müəyyən mənada Azərbaycanın işinə yarayır. Belə ki, aylardır Laçın yolunun “bağlandığını”, nəticədə Qarabağda yaşayan ermənilərin guya “humanitar böhranla üzləşdiklərini” iddia edən, bu yalanı beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycan əleyhinə rəy yaratmaq məqsədilə siyasi şouya çevirən Ermənistan və Fransa indi ciddi fakt qarşısında qalıblar. Çünki sual yaranır ki, ermənilər həqiqətən yeməyə şörək tapmırlarsa o zaman niyə Azərbaycanın göndərdiyi 40 ton un məmulatını qəbul etmirlər? Bundan sonra Fransa Prezidenti Emmanuel Makron hansı sifətlə BMT Təhlükəsizlik Şurasına avqustun 16-da Ermənistanın acı məğlubiyyətinə səbəb olmuş məzmunlu müraciət ünvanlayacaq?

Yeri gəlmişkən, avqustun 30-da Fransanın Qarabağa göndərdiyi və İrəvandan Ermənistanın Gorus rayonunun Azərbaycanla sərhədinə kimi Paris şəhərinin meri Ann İdalqonun da müşayiət etdiyi “humanitar yardım” maşınları Azərbaycan dövləti ilə razılaşdırılmadığı üçün ölkəmizin ərazisinə buraxılmayıb. Ermənipərəst madama başa salınıb ki, “humanitar yardım” Qarabağa Azərbaycanın təklif etdiyi marşrutla – Ağdam-Xankəndi yolu ilə çatdırıla bilər. Ancaq bəllidir ki, Ann İdalqonun regiona səfərinin məqsədi “ac ermənilərə çörək çatdırmaq”dan çox, sərhəddə təxribat xarakterli şou yaratmaqdan və vəziyyəti mümkün olduğu qədər gərginləşdirməkdən ibarətdir. Belə olmsaydı, ermənisifət fransız mer Gorusda mətbuat konfransı keçirərkən Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanla videogörüntü yaradaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr işlətməzdi. Ancaq dəqiq məlumdur ki, nə İdalqoya Xankəndiyə gələrək Arutyunyanla üzbəüz görüşmək qismət olacaq, nə də onun şərəfinə Xankəndidə qaldırılmış Fransa bayrağı öz yerində uzunmüddətli dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edənlərin yeri ən yaxşı halda, “hasarın o üzü”dür, madam İdalqo, sən orada çox gözləməli olacaqsan…

Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarına qarşı təxribat törədərək Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin xətti ilə göndərdiyi humanitar yük maşınlarını irəli buraxmayacaqlarını bəyan edən, çadırlar quraraq yolu bağlayan separatçıların səsləndirdikləri şüarlardan biri belə imiş: Biz Azərbaycanın çörəyini istəmirik. Biz də zatən çörəyimizi istəməyən, vaxtilə yedikləri bu müqəddəs çörəyə xəyanət etmiş kiməsə nəsə təklif etmirik. Onlar üçün Xankəndi-Laçın yolu Gorus istiqamətində heç bir maneə ilə üzləşməyəcəkləri Laçın sərhəd-buraxılış məntəqəsi gecə-gündüz açıqdır. Bir şərtlə. Əgər adları Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlum siyahısında yoxdursa. Adları o siyahıda olan cinayətkarların aqibəti isə hamıya məlumdur…

Daha çox xəbərlər