Qarabağ və Şərqi Zəngəzur: Bütün dünya bizə qibtə edəcək
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizi erməni işğalından azad etməklə tarixi qələbə qazandı. 44 günlük Vətən müharibəsindən dərhal sonra vətəndaşlarımızın öz yurdlarında təhlükəsiz və ləyaqətli şəkildə yaşamaları üçün Qarabağ və Şərqi Zəngəzurda dünyada bərabəri olmayan quruculuq və bərpa işlərinə start verildi.
Azərbaycanın əzmi və gücü sayəsində ötən müddətdə işğaldan azad olunmuş ərazilərdə saysız-hesabsız mühüm layihələr gerçəkləşdirilib, kompleks işlər görülüb. Prezident İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı bu yurdlarımızın qısa zamanda necə sürətlə abadlaşdırıldığının, dirçəldildiyinin şahidi oluruq. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlatmaq istərdik: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurma işlərinə 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.
Şübhəsiz, 30 il ərzində vəhşi düşmən tərəfindən talanan, viran qoyulan ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl texnologiya”ların tətbiqi, Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının istifadəyə verilməsi, analoji beynəlxalq hava limanının Laçında da inşa edilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında olduqca mühüm rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizdə bütün layihələr dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunur. Məsələn, 190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkı və 200 hektar ərazini əhatə edən Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub və s. Bütün bunlar isə biznes subyektlərinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Qəbul edilmiş yeni qaydalarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtləri müəyyən edilib. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi oynayır. Dövlətimiz, həmçinin azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlayıb.
Bu sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri 2 mindən artıq daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Bundan başqa, regionda yeni aqropakların yaradılmasına başlanılıb. Bu qəbildən ilk layihənin – azərbaycanlı və türk sərmayədarlar tərəfindən həyata keçirilən “Dost Aqropark”ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda bu istiqamətdə də işlər davam etdirilir. Bütün bunlar ilk növbədə yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı inşaat sahəsinin, kənd təsərrüfatının, aqrar və toxuculuq sənayesinin, heyvandarlığın, ümumilikdə isə iqtisadiyyatımızın bütün sahələrinin dirçəlməsinə ciddi təkan verəcəyi şübhəsizdir.
Elə bu kimi səbəblərdən, yəni regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İqtisadiyyat Nazirliyinin məlumatına görə, indiyədək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Yeri gəlmişkən Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar.
Şübhəsiz, bu göstəricilər istər yerli, istərsə də xarici biznes qurumları üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli biznes və investisiya imkanlarının nə qədər cəlbedici olduğunu bir daha nümayiş etdirir.

