Cəmiyyət 

Plastika dövrünə “əlvida” deyək…

Plastik əşyaların zərəri daimi mübahisə mövzularından biridir. Maddi baxımdan ucuz və istifadəsinin praktik olması plastikə olan tələbatın əsas artma səbəblərindəndir.

Araşdırmalara görə, plastmasın tərkibi iki qarşılıqlı birləşməyə girən və qarışmayan maddələrdən ibarətdir. Hazırlıq prosesində polimerdən başqa, materiala polimerin axıcılıq temperaturunu aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Əsasən, gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqların hazırlanmasında istifadə olunur. Polietilenin tərkibində olan A bisfenolu həyati təhlükə daşıyır. BPA adı ilə tanınan maddənin orqanizmdə astma, xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

Plastik qabların insan orqanizmi ilə yanaşı  ekologiyaya vurduğu zərərlər də kifayət qədərdir. Belə ki,  dəniz sahilində, yol kənarlarında, parklarda görməyə öyrəşdiyimiz plastik qab və torbalar xoşagəlməz görüntü ilə yanaşı, sağlamlığımıza ciddi təhlükə yaradır; dənizlərdə, okeanlarda isə canlılar üçün problemə çevrilir.

Statistikaya görə, sadəcə bir plastik qabın təbiətdə əriyərək “yox olması” üçün 450-500 il vaxt lazımdır. Yarım əsrdən sonra da plastik məhlul torpağa qarışıraq onu çirkləndirməyə davam edir. Bu isə bizim gələcək nəsillərə ekoloji baxımdan çirkli dünya verəcəyimiz anlamına gəlir.

Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Plastik məhsulların yandırılması ilk baxışdan yaxşı fikir kimi görünə bilər, ancaq bu havaya zərərli maddələr buraxılması baxımından təhlükəlidir. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Bu, öz təsirini dəniz canlılarının ölüm sayının artmasında göstərir. Hər il 1 milyon dəniz quşu, 100 min dəniz məməlisi və dəniz tısbağası plastik çirklənməsinə görə ölür.

Plastik qablarla yanaşı, polietilen torbalar da canlı aləm üçün kifayət qədər təhlükə mənbəyidir. Rusiyalı həkimlər polietilen və plastik qablarda satılan süd məhsullarının sağlamlığa ziyanını araşdırıblar. Tədqiqat göstərib ki, məhsulların belə qablaşdırılması mədə-bağırsaq pozuntusu riskini artırır. Polietilen və plastik qablardan qaraciyəri zəhərləyən maddə – ftalat yayıldığı açıqlanıb.

Ftalat möhkəmliyi artırmaq məqsədilə plastmasın tərkibinə qatılan maddədir. Alimlər polietilen və plastik qablardakı məhsullardan 25 nümunə götürərək laboratoriya şəraitində müayinə ediblər. Plastik butulkalardan götürülən nümunələrin 40%-də, polietilen paketlərdəki nümunələrin 58%-də ftalat maddəsi aşkarlanıb. Həkimlər qeyd edirlər ki, süd məhsulları qəbul edənlərin orqanizminə gün ərzində xeyli miqdarda ftalat maddəsi daxil ola bilər. Mütəxəssislər belə qablarda adi suyun da təhlükəli olduğunu qeyd edirlər. Onlar hesab edir ki, plastik və polietilen qabdakı istənilən maye orqanizm üçün təhlükə yaradır. Ekspertlər sintetik parçaların, tikinti materialları və uşaq oyuncaqlarının tərkibində də ftalat maddəsinin olduğunu vurğulayırlar.

Son məlumatlara görə, hazırda dünyada hər dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Hətta bəzi hallarda həmin torbalar hara və necə gəldi atılır. Çoxları isə bunun ətraf mühitə vurduğu ziyanın fərqində deyil. Belə ki, ekoloqların araşdırmalarına görə, polietilenin çürüməsi torpaqda 800 ilə, dənizdə isə 400 ilə başa gəlir. Bütövlükdə isə polietilen torbaların qalıqlarının təbiətdə tamamilə yox olması üçün ən azı min il lazım gəlir. Mütəxəssislərin hesablamalarına görə, okean sularında hərəkət edən gəmilərdən ildə 4 milyon kiloqrama qədər polietilen torba dənizə atılır. Bunlar da dənizin dibinə çökərək su mənbələrinin çirklənməsinə səbəb olmaqla yanaşı, canlı aləmin tədricən məhvinə gətirib çıxarır.

Sevindirici və ümidverici haldır ki, artıq bir neçə ildir ki, dünya plastik və polietilen məhsullardan istifadənin azaldılmasına start verib. Hələlik bir sıra dünya ölkələrində çıxış yolu kimi plastik torbalarla alış-verişə davam edən obyektlərin vergiyə cəlb olunmasına, bəzilərində isə pulla təklifinə başlanılıb. İtaliya, Fransa, Rumıniya və Litvada isə plastik qablardan və polietilen torbalardan istifadə tamamilə qadağan edilib.

Bütövlükdə hazırda dünyanın 60-dan çox ölkəsində plastik torbalardan istifadə ilə bağlı qaydalar müəyyənləşdirilib. Məqsəd ilk baxışdan istifadəsi rahat görünən, amma ətraf mühitə və insan sağlamlığına zərəri bundan qat-qat narahatlıq doğuran belə məhsullardan istifadəni azaltmaqdan və ya buna tamamilə son qoymaqdan ibarətdir. Amma görünən budur ki, plastik və polietilenlərin törətdiyi ekoloji terrorla mübarizə, heç də, asan başa gəlməyəcək, bundan tam xilas olmaq üçün uzun vaxt lazım gələcək.

Ölkəmizdə də polietilen torbalarından istifadənin azaldılması ilə bağlı bir neçə il əvvəl qərar verilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti polietilenlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə 2021-ci il fevralın 2-də mağaza kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbaların ayrıca məhsul növü kimi pulla satışı ilə bağlı qərar qəbul edib. Cari ilin fevral ayının 15-dən etibarən isə ölkəmizdəki iri ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların pulla satışına başlanılıb. Hazırda bu torbaların qiyməti ölçüsünə görə 3-5 qəpik arasında dəyişir. Ekoloji təmiz xüsusi torbalar isə daha yüksək qiymətə təklif edilir.

Hökumətin qərarına əsasən, ölkəmizin irili-xırdalı ticarət şəbəkələrində satılan polietilen torbalar ayrıca məhsul növü kimi kassa çekində öz əksini tapmalıdır. Buna əməl etməyən ticarət obyektlərini isə 6 min manata qədər cərimə gözləyir. Ötən 6 ay ərzində ölkəmizdə polietilen torbaların istifadəsində bir qədər azalma müşahidə olunur. Daha yüksək nəticə əldə etmək üçün çıxış yolu ekoloji cəhətdən daha təmiz kağız və parçadan olan torbaların istehsalına nail olmaqdan ibarətdir. Bunun üçün isə bir sıra stimullaşdırıcı tədbirlərdən istifadə edilməklə özəl sektorda bu sahəyə marağı artırmaq lazımdır. Əks təqdirdə, təbiəti və insanlarımızı bu zərərli tullantıların mənfi təsirlərindən qorumaq mümkün olmayacaq.

Daha çox xəbərlər