Siyasət 

Gələcəyə baxış: Yekun mərhələyə çatacağıq

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq

“Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, – hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, – bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq.” Dövlət başçısı İlham Əliyevin ötən ilin sonunda Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə belə bir çağırışı da səsləndirdi ki, biz həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq: «Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir.»

Tarixə qısa nəzər salaq. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ötən 25 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart – aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir.

1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan parlamentinin qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. Vaxtilə azərbaycanlıların yaşadıqları bölgələrdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdıldı.

Prezident İlham Əliyev daim vurğulayır ki, bütün Azərbaycan ərazisində, eləcə də İrəvanda, Zəngəzurda xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdıqları mədəni irsə sahib çıxmalıyıq. Ölkə başçısı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bildirdi ki, Azərbaycanın tarixi və mədəni irsi işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər: “Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”.

Bəli, zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıb.

Dövlət başçısı İlham Əliyev bu ilin iyul ayında 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbərinin, nümayəndəsinin iştirak etdiyi Şuşa Qlobal Media Forumunda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdıraraq özlüyündə yaranan «Bu günə qədər də başa düşə bilmirəm bu qəddarlığın, bu nifrətin mənbəyi haradan qaynaqlanır» sualının davamı olaraq onu da bildirdi ki, çünki ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar. Onların kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları, bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar Qarabağ torpağına qonaq kimi gəlmişdilər: «Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub. Əgər Şuşa erməni şəhəri idisə, nə üçün belə acınacaqlı vəziyyətdə idi? Nə üçün Şuşanın 17 bulağı da işğal dövründə ermənilər tərəfindən qurudulmuşdur? Mən Şuşaya 2021-ci il noyabrın 14-də gələndə xüsusilə maraqlandım. Çünki Şuşa 17 məscid, 17 bulaq şəhəri idi. Əgər bu, sizin şəhəriniz idisə, nə üçün siz bulaqları qurutdunuz? Nə üçün siz Şuşada bir daşı daş üstə qoymadınız? Şuşada işğal dövründə tikilən təzə iki və ya üç villa var, onlar da Laçın-Xankəndi yolunun üstündə. Onların da biri Qarabağda, Xankəndidə yerləşən xunta başçısınındır. Deyilənə görə, biri xunta başçısı tərəfindən Ermənistan rəhbərlərinin birinə bağışlanıb, digərinin isə sahibi bəlli deyil.»

Ermənilər bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini silmək üçün bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq məqsədilə bu vəhşilikləri törətmişdilər. Ermənilərdən fərqli olaraq biz onların tarixi mirasına əl dəymirik. Cənab İlham Əliyev bu faktların sadalanması fonunda bildirir ki, bütün bunları deməkdə məqsəd odur ki, bu yaddaş silinmir, silinməyəcək və silinməməlidir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.

Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildikdən sonra həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər, tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu da tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə kimi öz dəstəyini göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb ediliblər.

Bundan başqa, qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda, Zəngəzurda və digər ərazilərdə Azərbaycana aid tarix-mədəniyyət abidələrilə bağlı tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində vacib addımlar atılır.

Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan dövləti tarixi torpaqlarımızda xalqımızın tarixi-mədəni irsinə qarşı törədilən cinayətlərin Ermənistanın məqsədyönlü dövlət siyasəti olduğunu dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırmaq üçün həyata keçirdiyi sistemli tədbirləri bundan sonra da davam etdirəcək.

Bəli, Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. 30 il işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarımıza 44 gündə qayıtdıq. Qərbi Azərbaycandakı dədə-baba yurdlarımıza da mütləq qayıdacağıq. Sonuncu deportasiyadan 34 il keçir. İnsanlarımız yurdlarını bir an belə unutmayıblar, müxtəlif vasitələrlə kəndlərinin, evlərinin videogörüntülərini əldə edirlər. Bu, bir daha sübut edir ki, həmin insanlar onlara qarşı törədilmiş haqsızlığı qətiyyən qəbul etmirlər, etməyəcəklər də. Biz o torpaqlara mütləq qayıdacağıq və dədə-babalarımızın mirası olan o yurd yerlərimizə yenidən sahib çıxacağıq.

Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir.

Bu ilin mart ayında keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə də dövlət başçısı İlham Əliyev diqqəti bu məsələyə yönəldərək bildirdi ki, Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.

Hazırda günümüzün əsas çağırışı bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasıdır. Bu baxımdan danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Bu istiqamətdə aparılan danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərvzi bütövlüyünü dəstəklədi və “Qarabağ Azərbaycandır!» dedi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, o, kaş ki bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır. Ölkə Prezidenti belə bir əminliyi ifadə edir ki, biz yekun mərhələyə çatacağıq.

Daha çox xəbərlər