Gündəm 

Hayların “soyqırımına şərik” kampaniyası necə iflasa uğradı?

Yəhudi xalqı istənilən müqayisəni Holokost qurbanlarının xatirəsinə təhqir kimi qiymətləndirir

İsrail ilə Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu gün İsrail iqtisadi, hərbi, mədəni və s. sahələr də daxil olmaqla, çox müstəvilərdə ölkəmizlə intensiv əməkdaşlıq edir. Üstəlik, iki ölkə arasında  əməkdaşlığın inkişafı və aktual istiqamətlər üzrə əhatə dairələrinin genişləndirilməsi diqqət mərkəzindədir.

İsrail hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və uzun illər erməni işğalına qarşı çıxıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail Qarabağ münaqişəsi həll edildikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə də öz töhfəsini verməkdədir. Amma bütün bunlar hayların ürəyincə deyil. Bu səbəbdən onlar iki ölkə arasındakı əməkdaşlığı zəiflətmək məqsədilə müxtəlif kampaniyalar həyata keçirirlər. Belə ki, İsraildəki ermənipərəst fəallar ABŞ-ın erməni təşkilatlarından aldıqları vəsaitlər hesabına İsrail və yəhudi-amerikan KİV-lərində sol liberal yönümlü materiallar yayaraq, onları Azərbaycana dəstəkdən əl çəkməyə çağırıblar. Haylar əsas arqument kimi Holokost soyqırımından sağ çıxan yəhudilərin indi guya Qarabağda yaşayan ermənilərin “soyqırımına şərik” olmaları tezisini irəli sürüblər.

Məlumat üçün bildirək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək faşist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib. BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Ermənistanın baş naziri Nikol Paşinyan müsahibələrinin birində Xankəndidəki “humanitar fəlakəti” “növbəti Holokosta hazırlıq”, separatçıların nümayəndəsi Ruben Vardanyan isə  “ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur” kimi xarakterizə etmişdi. Elə haylar da bu kampaniyalarında onlara  “istinad” ediblər.

Amma hayların kampaniyası bir nəticə verməyib. Belə ki, dünyanın əksər ölkələrindən, o cümlədən Amerikadan və Fransadan olan bir çox tanınmış ravvinlər erməni təbliğatının Holokost mövzusundan istifadəsinə qarşı çıxıblar. Onların bu mövqeyi sinaqoqlarda da dəstəklənib və bu addım, yəni Qarabağda ermənilərin “soyqırımı” ilə bağlı rəsmi Bakıya qarşı ittihamlar “böhtan kampaniyası” adlandırılıb. Hətta bildirilib ki, istənilən “müqayisə” Holokost qurbanlarının xatirəsinə təhqirdir. Onların bu kimi bəyanatları İsrail və Fransanın, digər ölkələrin dini yəhudi nəşrlərində – “Israel National News”, INN, “Actualic”, “The Jerusalem Post”, həmçinin “Shaharit”, “Kountrass”, “Kikar”, “Matzav Ha-Ruah”da dərc edilib.

Qeyd edək ki, bu məsələdə Bakı ravvini Zamir İsayevin özünün feysbuk səhifəsində ivrit və ingilis dillərində yerləşdirdiyi dünya yəhudilərinə videomüraciəti mühüm rol oynayıb. Bakılı ravvin öz videomüraciətində sənədlərdən istifadə etməklə bildirib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, həmçinin soydaşlarını qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb: “Düşmənlər Azərbaycanı guya Qarabağda minlərlə ermənini acından öldürməkdə günahlandırırlar. Halbuki Qarabağ 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Məhz Azərbaycan əhalisini oradan məhv edib qovublar. “Soyqırımı” və ya “aclıq” ittihamları üçün heç bir əsas yoxdur, çünki Azərbaycan Qarabağın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkib”.

Şübhəsiz, bu bir daha iki ölkə arasındakı səmimi münasibətlərin təsdiqidir. Bu dostluğu kimsə poza və yaxud ona kölgə sala bilməz. Yeri gəlmişkən, Milli Məclisin sədri Sahibə Qafarovanın sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri – Evgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Kohen ilə görüşündə də bu kimi məqamlar bir daha vurğulanıb.

Məlumat üçün bildirək ki, 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il aprelində iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1993-cü ilin avqustundan Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir. 29 mart 2023-cü il tarixində Təl-Əvivdə ölkəmizin İsraildəki səfirliyinin rəsmi açılışı olub.

Daha çox xəbərlər