Bıçaqlanan şəxs dostunu ələ vermək istəməmişdi – Xaçmazdakı cinayət işi başa çatdı
Dostunu bıçaqlayan şəxs məhkəmədə həbs edildi. Onlar polisi də aldatmaq istəmişdilər.
ARANTV.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən İ.İbrahimov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan İ.İbrahimov məhkəmə zalında həbs edilib.
Hadisə bu il aprel ayının 21-də Xaçmaz rayonunda baş verib. Rayon sakini Peyman Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada olarkən P.Məmmədov Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarına ilkin izahatında deyib ki, xəsarəti yaşadığı Bostançı kəndindəki evinin həyətində alıb.
O, dəmir parçasının üzərinə yıxıldığını deyib.
Lakin aparılan araşdırmalar zamanı P.Məmmədovun həmkəndlisi İ.İbrahimov tərəfindən bıçaqlandığı məlum olub. Onlar arasında münaqişə baş verib.
Hadisədən sonra qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.İbrahimov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülsə də həbs edilməyib.

