Ermənistan mina terroruna görə təzminat ödəməlidir – RƏY
2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. İnsanlar, vəhşi təbiət, heyvanlar Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanına çevrilirlər.

Bu məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən “Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, son 30 illik işğal dönəmində ermənilər Azərbaycan torpaqlarını minalarla çirkləndiriblər. Təxmini hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazisində milyondan çox mina basdırılıb. Bu mina terrorunun hədəfinə təkcə insanlar , hərbi və mülki texnikamız çevrilmir: “Çox təəssüf ki, başqa canlılar da mina qurbanına çevrilir. Bu günlərdə sosial şəbəkələrdə rastıma 2 video çıxdı. Birində ayağı qopmuş ayı görünür. O birində minalı ərazidə ayı balasının sümükləri müşahidə edilir. Böyük ehtimalla, ayı balası minadan tələf olub. Bu görüntülər ürək ağrıdır. Ermənilər son 30 ildə başımıza olmazın müsibətləri gətiriblər. Erməni təbliğatının girovuna çevrilmiş dünya mediası, beynəlxalq təşkilatlar da bəzən buna göz yumub. Ancaq indi dünya dəyişib. Ekoloji yönümlü beynəlxalq təşkilatlarının nümayəndələrini Qarabağa, Şərqi Zəngəzura dəvət etməliyik. Qoy, gəlib erməni vandalizmini öz gözləri ilə görsünlər. Gəlib talan edilmiş Ağdərənin, Kəlbəcərin, Zəngilanın qızıl mədənlərini görsünlər. Su resurslarımızın çirkləndirilməsinin şahidi olsunlar. Görsünlər ki, erməni vandalizminin hədəfinə təkcə insanlar deyil, bütün canlı aləm çevrilib.”

Ekspert qeyd edib ki, ermənilər heyvanlardan hərbi məqsədlər üçün istifadə ediblər: “Xatırlayırsınızsa, 2023-cü il sentyabrın 11-də Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlamışdılar.

Ermənilərin yandırdığı meşə sahələrində nə qədər canlı aləm məhv olub. Hesab edirəm ki, ermənilərin ölçüyəgəlməz ekoloji cinayətləri ifşa edilməlidir. Cənubi Qafqazın nadir təbiət incilərinə, canlı aləmə qarşı mina terroruna görə Ermənistan təzminat ödəməlidir”.

