Cəmiyyət 

Beynəlxalq ictimaiyyət Ermənistanın təbiətə qarşı törədilən vəhşiliyinə susmamalıdır – İradə Həsənova

2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir.

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri İradə Həsənova “İki sahil”ə açıqlamasında bildirdi ki, İkinci Qarabağ müharibəsi vaxtı ölkəmizin milli parkları da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulurdu: “O zaman Şuşa şəhəri yaxınlığında meşə sahələrindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yandırıldı. Nəticədə min illər ərzində formalaşan torpağın üst təbəqəsi tamamilə sıradan çıxdı. Ən təhlükəli məqamlardan biri də budur ki, Ermənistan illərdir ki, su mənbələrini də çirkləndirir, radioaktiv tulantıları çaylara axıdır. Bütün bunlar beynəlxalq cinayətdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. İşğalçı ölkədə dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb”.

İ. Həsənova vurğuladı ki, azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası, Ermənistan tərəfindən törədilmiş ekosid ağlasığmazdır: “Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələrin qırılması və ya yandırılması, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində kimyəvi cəhətdən çirkləndirilməsi, basdırılan minalar təkcə insanlar üçün deyil, həm də heyvanlar üçün təhlükə mənbəyidir. Mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. 2023-cü il sentyabrın 11-ində Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Döyüş növbətçiliyi aparan Azərbaycan Ordusunun hərbi qulluqçuların sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb. Ermənistan tərəfindən heyvanlara, vəhşi təbiətə qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır”.

QHT sədru, bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının ictimailəşən video və fotoları barədə danışarkən qeyd etdi ki, görüntülərdə ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib: “Təəssüf ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamaqda davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısını alınıb. Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı”.

Ekspert bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərə susmamalıdır: “30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozan bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməyib. Bu laqeydliyin nəticəsidir ki, indiyə qədər bu kimi insanlığa sığmayan, nifrət dolu cinayətkar əməllər davam etdirilir. Halbuki mövcud istiqamətdə beynəlxalq aləmdə qəbul edilmiş çoxsaylı sənədlər, etik kodekslər və məcəllələr var ki, bütün bunlar ekoloji problemlərin qarşısının alınmasını bəşəriyyətin ümdə vəzifəsi kimi müəyyənləşdirməkdədir. Ermənistanın belə mütərəqqi anlayış və çağırışlara da məhəl qoymaması, məsuliyyətsiz yanaşma tərzi ölkənin insani prinsiplərdən uzaqlığının göstəricisidir. Beynəlxalq təşkilatlar bu azğınlığa təcili qiymət verməli, erməni ekogilyotinini dayandırmalıdır”.

Daha çox xəbərlər