Cəmiyyət 

“Son zəng”i çalınan 80514 məzun…

Bu il bir neçə tanınmış jurnalistin də övladı orta məktəbi bitirdi

14 iyunda ölkənin bütün ümumtəhsil ocaqlarında “Son zəng” çalındı. Hansı ki, həmin günü şagirdlər illərdir gözləyir, tez yaşa dolub, məktəbi bitirib, müstəqil həyata doğru addım atmağı arzulayırlar. Beləliklə, son çalınan zəng həm də məzunların uşaqlıq dövrünə son, gəncliyə doğru addım deməkdir…

Statistik məlumata görə, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird paytaxt Bakının payına düşür.

“Son zəng”in tarixi barədə…

Təbii ki, 11-ci sinif şagirdləri hələ bir neçə ay bundan əvvəl məzun gününə, bu günün unudulmaz edilməsi üçün səy göstəriblər. Bəs “Son zəng” nə zamandan ölkəmizdə keçirilməyə başlayıb?

Məlumata görə, “Son zəng” tədbiri ənənəsi sovet hakimiyyəti qurulduqdan sonra, yəni 1920-ci ildə yaranıb. Azərbaycanda ilk dünyəvi məktəblər çar Rusiyası dövründə açılıb. Məhz həmin vaxta qədər olan tədris ilinin ilk və son günü haqda heç bir fakt yoxdur. Sovet məktəbləri açıldıqdan sonra məktəblərdə mayın 25-i sonuncu dərs günü kimi qəbul olunub. Bununla da 2005-ci ilə qədər hər il 25 may tarixi Azərbaycanda “Son zəng” kimi qeyd olunub. 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də, son 2 ildə isə 14 iyunda qeyd olunur.

“Son zəng”i adətən MDB ölkələrində qeyd edirlər. Lakin Azərbaycandan fərqli olaraq onlarda bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” ifadəsi əsasən Azərbaycan, Türkiyə və Rusiyada işlənir.

Qeyd edək ki, əvvəllər “Son zəng” günü məzunlar tərəfindən çox təmtəraqlı, əyləncəli keçirilirdi. Bu günlə bağlı məktəblərdə xüsusi mərasimlər təşkil olunar, ziyafətlər verilər, məzunlar şəhər gəzintisinə çıxardılar. Xüsusən də Bakıda Dənizkənarı Bulvarda məzun əlindən tərpənmək olmurdu. Lakin 2009-cu ildən başlayaraq məzun gününün təmtəraqlı keçirilməsinə məhdudiyyətlər qoyuldu. Səbəb isə həmin ilin 30 aprelində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən terror olmuşdu. Sabiq təhsil naziri Misir Mərdanov həmin ilin “Son zəng” günü məzunları kütləvilik yaratmamağa çağırmışdı. O vaxtdan başlayaraq  “Son zəng” yalnız məktəb daxilində qeyd olunur, kütləviliyə və təmtəraqlığa yol verilmir. Təhsil nazirinin əmrinə görə “Son zəng” tədbirləri müəyyən saat ərzində yalnız təhsil müəssisələrinin ərazisində keçirilməlidir. Əgər məzunlar məktəbdənkənar gəzintilərə çıxarlarsa, buna görə artıq bütün məsuliyyəti valideynlər daşıyır.

Bakı məktəbləri “Son zəng”i necə keçirdi?

Məzun gününü daha yaxından müşahidə etmək üçün paytaxtın 61 saylı orta məktəbində olduq. Bütün məktəblərdə olduğu kimi, bu məktəbdə də məzun günü müəssisədə təşkil olunmuşdu.  Şagirdlər qədər valideynlər də, müəllimlər də həyəcanlı idilər. Məzunların üzündə həm sevinc, həm də kədər hissi var idi. Keçirilən tədbirdə məktəb direktoru öz arzularını və tövsiyələrini bildirdi, daha sonra son zəng çalındı.

Məzunların bu günlə bağlı təəssüratlarını öyrənməyə çalışdıq. 11-ci sinif məzunu Ramin Yadigarov qarışıq hisslər yaşadığını dedi: “Həm sevincliyəm, həm də bir qədər özümdən asılı olmayaraq kədərliyəm. Bu gün uşaqlıq dövrümüzə əlvida deyirik… Gələcəkdə polis olmağı düşünürəm. Bütün məzunlara, o cümlədən özümə uğurlar diləyirəm”.

Məzun İsmayıl Mürsəlov sevinclə bu il 450 bal topladığını və İnşaat Universitetinin tələbəsi olmaq istədiyini dedi:

“Həm valideynlər, həm də bizlər çox sevinirik. Bu gün hamımızın bayramıdır. Bu qədər sevincli olmağımın bir səbəbi də var, məktəbi təşəkkürnamə ilə bitirirəm”.

Fidan adlı məzun da öz təəssüratlarını bizimlə bölüşməyə çalışdı:

“Çox sevincliyik. Bu tədbiri keçirmək üçün çox hazırlaşmışdıq… Mən qəbul imtahanlarında 230 bal toplamışam və gələcəkdə Odlar Yurdu Universitetinin tələbəsi olmaq istəyirəm. Yaxın gələcəkdə bizi çox sınaqlar gözləyir”.

Təhlükəsizlik tədbirləri

Hələ bir neçə gün bundan əvvəl təhsil naziri məzun günü ilə əlaqədar əmr imzalamışdı. Həmin əmrdə şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi əks olunmuş, ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilmişdi.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon Dövlət Yol Polisi şöbələri məzun günü gücləndirilmiş iş rejimində çalışıblar. Təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunub, bildirilib ki, məzun günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq. DYP valideynlər və məzunların diqqətinə çatdırıb ki, “Son zəng” günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq. Sürücü və piyadalara isə tövsiyə olunub ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

Onu da əlavə edək ki, bu il övladları məzun olan valideynlər arasında tanınmış jurnalistlər də var.

Azer Ayxan adlı şəxsin şəkli.

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan övladı məzun olan valideynlər sırasındadır. Belə ki, Azər Ayxanın qızı Ayan orta məktəbə əlvida deyib. Baş redaktorun müavini öz sevincini sosial şəbəkədə bu cür bildirib:

“Bu gün övladımız Ayan xanımın məzun günüdür. Qızımla bərabər bütün ölkə məzunlarını təbrik edirəm. Uğurlarınız bol olsun, gənclər”.

62489471_2257638580957297_2604706027878219776_n.jpg (68 KB)

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da qızı Banunçiçək məzun olub. Baş redaktor sosial şəbəkədə qızı ilə birgə fotosunu paylaşaraq, ona uğurlar diləyib.

Aygün Muradxanlı adlı şəxsin şəkli.

Tanınmış jurnalist Aygün Muradxanlının qızı Humay da məzun olub. Jurnalistin qızı Bakı Atatürk Liseyində təhsilini başa vurub.

Leman Eleşrefqızı adlı şəxsin şəkli.

Əməkdar jurnalist Ləman Ələşrəfqızının isə oğlu məzun olub. Jurnalist sosial şəbəkədə “Məzun da oldu, uğurlar, oğlum!” yazıb.

Azər Rəşidoğlu adlı şəxsin şəkli.

Jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də məzunların sırasında olub.

Tale Asadov adlı şəxsin şəkli.

Qəzetimizin sabiq əməkdaşı, hazırda İsveçrədə bizneslə məşğul olan Kamil Tağısoyun oğlu Turan Tağıyev də məzun olan abituriyentlərdəndir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər