Moskvadan Bakıya şifrəli mesaj – 2025-dən sonra da…
Sülhməramlılarla bağlı Rusiya-Azərbaycan danışıqlarının aparıldığı açıqlandı
“Qarabağdakı sentyabr hadisələri təsadüfən baş verməyib. Ermənistan tərəfi 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqının himayəsi altında keçirilən sammitdə Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni zamanda o vaxt regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmayıb”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.
“Hazırda Qarabağ Azərbaycanın hüquq sahəsinə inteqrasiya olunur. Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi olub. Bu xüsusda çox vacibdir ki, hüquq və təhlükəsizlik lazımi qaydada təmin edilməklə, qayıtmaq istəyənlərin geri dönməsinə şərait yaradılsın. Biz bu prosesə hər cür kömək göstərməyə hazırıq, o cümlədən mövcudluğu böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə”, – deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Qarabağda vəziyyətin köklü şəkildə dəyişdiyini nəzərə alaraq, sülhməramlıların qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Bizim tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin 2025-ci ilin noyabrından sonra uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların qalmasına ehtiyacdan və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.
Yəni belə çıxır, Rusiya Qarabağ üzərində öz suverenliyini tam bərpa edən və özünün daxili məsələlərini milli qanunvericiliyə uyğun şəkildə həll etməyə qadir Azərbaycanda 2025-dən sonra da “erməni kartı” hesabına qalmağa ümidlidir? Moskvanın hədəfi, planı nədir? Sülhməramlıların vaxtından tez Qarabağı tərk etməsi mümkünmü?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, ermənilərin özləri qərar verərək könüllü şəkildə Qarabağı tərk edib gediblər. Bakı dəfələrlə onlara çağırış etdi ki, Azərbaycan pasportunu qəbul etsinlər və heç bir problem olmadan Azərbaycan vətəndaşı olaraq təhlükəsiz şəraitdə Qarabağda yaşasınlar: “Ancaq bütün çağırışlara baxmayaraq ermənilər köçmək fikrindən daşınmadılar və köçdülər. Onların köçməsinin qarşısını güc yolu ilə almaq onların hüquqlarının pozulması olardı. Onların hamısının əslində Ermənistan pasportu mövcuddur. Bu da o deməkdir ki, köçən ermənilər Ermənistan vətəndaşlığını daşıyan şəxslərdir. Beləliklə, əslində onlar vətəndaşı olduqları dövlətə geri qayıdıblar. Eləcə də bir hissəsi Rusiya vətəndaşı olduqlarını köç zamanı özləri bəyan edirdilər. Onlar da yəqin ki, Rusiyaya – yəni vətəndaşı olduqları dövlətə geri qayıdıblar. Ermənilər özləri həm köçdükləri zaman, həm də sonrakı dövrdə könüllü köçdüklərini, Azərbaycan tərəfdən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər. Eləcə də Rusiya sülhməramlı qüvvələrinin komandanlığı erməni əhaliyə qarşı Azərbaycan tərəfindən heç bir güc, zorakılıq tətbiq edilmədiyini rəsmi bəyan ediblər. Lakin Rusiyanın bəzi rəsmi şəxsləri tez-tez belə bir fikri dilə gətirirlər ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanımaqla Qarabağ məsələsi bitmiş sayılıb. Təəssüf ki, bu fikir əslində xoş məram üçün deyilmir. Sanki Ermənistan hakimiyyətinin yanlış addım atdığını, Ermənistan bu addımı atmazdan öncəyə qədər Qarabağın Azərbaycan ərazisi olmadığını demək istəyirlər. Burada məqsədlərdən biri də Ermənistan əhalisini Paşinyan hökumətinə qarşı qaldırmaqdır. Ancaq uzun müddətdir bu fikirləri dilə gətirsələr də məqsədlərinə nail ola bilmirlər. Qarabağ məsələsini Azərbaycan özü həll edib. Bunu hər kəs bilməlidir. Qarabağ məsələsinin bitməsi, bölgədən ermənilərin könüllü köçüb getməsi bir sıra xarici dairələri və dövlətləri təsir rıçağından məhrum edib. Ona görə də ən müxtəlif variantlar ortaya atırlar, ermənilərin Qarabağa qayıtması hüququndan danışırlar. Rusiyada isə bir sıra dairələr Qarabağdakı sülhməramlı qüvvələrin 2025-ci ildən sonra da orada qalmasının yollarını arayırlar, buna necə əsas yaratmaq barədə baş sındırırlar. İmperiya düşüncələrindən irəli gələrək necə olur-olsun sülhməramlıların bölgədə mövcudluğunu təmin etməyə çalışırlar. Danışıqların aparıldığı barədə Rusiya səfirinin dedikləri də onu söyləməyə əsas verir ki, hər halda, Rusiya Azərbaycana hansısa təkliflər vermək istəyir. Halbuki sülhməramlıların məsələsi ilə bağlı hansısa uzun-uzadı danışıqlar prosesinə ehtiyac yoxdur. Çünki sülhməramlıların Qarabağda fəaliyyət müddətinin nə zaman başa çatacağı barədə prezident Putinin də imzaladığı sənəd mövcuddur. Bu sənədə uyğun da addım atılmalıdır. İkincisi, Qarabağda artıq erməni silahlı birləşmələri də mövcud deyil və sülhməramlılara ehtiyac faktiki olaraq qalmayıb. Azərbaycanın polis və digər hüquq-mühafizə orqanları istər Xankəndi, istərsə də digər işğaldan azad edilən ərazilərdə xidmət aparır, bütün abidələr, binalar qorunur. Heç bir mədəni abidəyə təhlükə yoxdur. Yəni artıq sülhməramlı qüvvələrin fəaliyyət dairəsi üçün predmet, əsas faktiki olaraq mövcud deyil”.
Politoloqun sözlərinə görə, bu gün dünyada siyasi proseslər o qədər sürətli inkişaf edir ki, hətta böyük analitik mərkəzlər belə, dəqiq proqnozlaşdıra bilmirlər. O baxımdan, sülhməramlıların da Azərbaycan ərazisindən vaxtından əvvəl çıxmasının mümkün olub-olmadığını indi dəqiq söyləmək olmur: “Müddətin başa çatmasına bir ildən bir qədər artıq vaxt qalır. Elə proseslər gedə, elə razılaşmalar əldə oluna bilər ki, vaxtından əvvəl də çıxa bilərlər. Ancaq dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən vaxtında gedəcəklər. Azərbaycan Qarabağla bağlı ən ağır mərhələləri başa çatdırıb. Qarşıda qalan yeganə məsələ isə cüzi məsələdir. Hesab edirəm ki, bu da həllini tapacaq. Sadəcə, Azərbaycan vaxtın az qaldığını bildiyindən sülhməramlıların məsələsində tələskənlik etmək istəmir. Vaxtı çatanda istədiyimiz nəticəni əldə edəcəyik”.
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək.
Bunu isə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov “İzvestiya”ya müsaibəsində bildirib. Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib: “Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur”.
Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırıldığını söyləyib.
Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.