“Bakını bombalamağa ehtiyacımız yoxdur”
Ermənistanın Rusiyadakı səfirindən “başından böyük” açıqlamalar, ittihamlar…
Çərçivə: “Almaniya, Kanada, ABŞ, Yunanıstan, İsveç və Norveç Ermənistanla hərbi müqavilə imzalamağa “1 nömrəli hazır” dövlətlərdir”
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırdığı haqda hələ ki, rəsmi açıqlama yoxdur, lakin fevralın 23-də baş nazir Nikol Paşinyan Fransa televiziyasına müsahibəsində Ermənistanın təşkilatda iştirakının dondurulduğunu bildirib. Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryan “Novaya qazeta”ya müsahibə verib.
Müsahibədən bəzi hissələri Musavat.com oxucularına təqdim edirik.
— KTMT haqda dedikləri Paşinyanın fransız jurnalistin sualına cavabı idi, yoxsa artıq Ermənistanın KTMT-dən çıxdığını deyə bilərik?
— Düşünürəm ki, Ermənistan KTMT-dən çıxır, bunu artıq belə deyə bilərik.
— Niyə Ermənistanın baş naziri belə bir taleyüklü qərarı müsahibəsində bəyan etsin ki?
– Sizin şübhənizi başa düşürəm. Dövlət yazılı şəkildə o qətiyyətli addım əslində hələ atılmayıb. Ermənistanın KTMT-dən çıxa biləcəyi ilə bağlı söhbətlər ən azı il yarımdır ki, gedir. Məncə, bütün bu müddət ərzində Nikol Paşinyan Rusiyanın öz davranış xəttini dəyişəcəyini gözləyirdi. Problem ondadır ki, 2020-ci ildə və ondan sonra Azərbaycan ərazimizə hücum edəndə KTMT Ermənistana kömək etməyib.
— Ermənistanın KTMT-yə qarşı əsas narazılığı elə bu deyilmi?
– Əsas bu deyil. Azərbaycan ordusu Ermənistan ərazisinə 6-7 kilometr irəliləyib, amma KTMT müdaxilə etməyib. Bu, birinci amildir, amma əsas deyil. Əsas narazılıq başqadır. KTMT Ermənistan-Azərbaycan sərhədini rəsmi olaraq mübahisəli ərazilər kimi tanıyır. Yəni KTMT Ermənistanın ərazi bütövlüyünü tanımır.
— Müsahibələrinizin birində daha bir səbəb haqda danışmışdınız. Demişdiniz ki, KTMT-nin üzvü olan Ermənistan Qərb dövlətləri ilə hərbi ittifaqlara girə bilməz.
— Bunu yada saldığınız üçün təşəkkür edirəm, çünki bu həqiqətən üçüncü səbəbdir. Amma daha mürəkkəbdir. Ermənistan təbii ki, istənilən ölkə ilə ikitərəfli müqavilələr bağlaya bilər. Məsələn, Fransa ilə ikitərəfli saziş imzalanıb. Ermənistan KTMT mexanizmləri ilə yalnız Rusiyadan silah alacağına dair öhdəlik imzalayıb. Hesab olunurdu ki, bu yolla biz daha ucuz qiymətə silah alırıq, ona görə də Ermənistan vaxtilə belə bir öhdəlik götürüb. İndi Ermənistan silahları bazar qiymətinə alacaq, bu doğrudur. Bizə “siz nankorsunuz, Rusiya sizə ucuz silah verib” deyəcəklər. Amma məlum oldu ki, bu silahlar döyüş üçün yararlı deyil. Burada bəzi korrupsiya hekayələri var, yəni günah təkcə Rusiyada deyil, bizim siyasətçilər də günahkardır.
— KTMT ilə ittifaq dayandırılıb, amma digər ölkələrlə hələlik ittifaq yoxdur. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin hələ də o qədər də sakit olmadığını nəzərə alsaq, bunda hər hansı risk görürsünüzmü?
— Buna görə də biz il yarımdır ki, Nikol Paşinyandan və hökumətdən Qərb ölkələri ilə müqavilələrin tezliklə imzalanmasını tələb edirik. Söhbət NATO-ya daxil olmaqdan getmir, amma ikitərəfli strateji sazişlərin imzalanmasının vaxtı çoxdan çatıb. Mən hətta məlumatlarıma əsasən, artıq buna hazır olan ölkələri sadalaya da bilərəm.
– Biri Fransadır…
-Əlbəttə. Almaniya, Kanada, ABŞ, Yunanıstan, İsveç və Norveç “1 nömrəli hazır” dövlətlər deyə biləcəyimlərdir. Bu da ona görə deyil ki, onlar erməniləri çox sevirlər. Ermənistanda həqiqətən azadlıq var. Söz azadlığı, kütləvi nümayiş azadlığı var və bu ölkələrdə belə şeylərə qiymət verilir, ondan təsirlənirlər. Əsas bu ölkələrin Cənubi Qafqazdakı strateji maraqlarıdır, hamı bu regionun əhəmiyyətini anlayır, amma yenə də Ermənistanda demokratiya amili böyük rol oynayır.
— Mən Avropa İttifaqının sərhəd müşahidəçilərini 2020-ci il müharibəsindən sonra gördüm. Özləri mənə dedilər ki, sərhəddəki vəziyyətə ciddi təsir göstərə bilmirlər, ancaq müşahidə edə bilərlər. Rusiyasız sərhəd nə dərəcədə etibarlı olacaq?
— Ermənistanla Azərbaycan arasında sərhədin uzunluğu 700 kilometrdir. Və bunun çox hissəsi üçün beynəlxalq missiya işləyir. Onun işləmədiyi bircə rayon var, bu da Nərkin Xan kəndidir. Orada rus sərhədçiləri var və beynəlxalq müşahidəçiləri ora buraxmayıblar. Yəni beynəlxalq müşahidəçilər əla iş görürlər, biz onlara çox minnətdarıq. Əlbəttə, Avropa missiyası bütün problemləri həll edə bilməz, amma onlar çox güclü maneədir.
— Ermənistan KTMT-dən çıxsa, Rusiya sərhədçiləri yerində qalacaqmı?
— Bildiyimə görə, Ermənistan onların getməsini tələb edir.
— Yəni Rusiya daha heç yerdə Ermənistanın sərhədlərini qorumayacaq?
— Yox, söhbət Ermənistan-Azərbaycan sərhədində yerləşən Nərkin Xan kəndindən gedir.
— Amma Rusiya sərhədçiləri Ermənistanın həm Türkiyə, həm də İranla sərhədlərində dayanır. Bu razılaşmaların aqibəti necə olacaq?
— Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin birgə mühafizəsi haqqında saziş 1992-ci ildə imzalanıb və indi heç kim bu məsələni qaldırmır. Rusiyaya qarşı ən radikal müxalifətdə olan insanlar belə bu barədə danışmırlar. İndi söhbət rus sərhədçilərinin Nərkin Xan kəndindən və Zvartnots hava limanından çıxarılmasından gedir. Artıq başqa dövlətlərin vətəndaşları Ermənistana getmək istəyəndə rus sərhədçiləri onlara hava limanında problem yaradıblar. Bu, Ermənistanın suverenliyinə təhqirdir.
— Bəs Rusiya özü sərhədçilərini Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarmaq qərarına gəlsə, Ermənistanda buna necə baxacaqlar?
– Çox müsbət. Rusiyada yəqin ki, Ermənistanda əhval-ruhiyyənin necə olduğunu bilmirsiniz. Mən sizin məmurlarınızın çıxışlarından görürəm ki, siz bunu başa düşmürsünüz. Onlar elə bilirlər ki, problem Nikol Paşinyandadır. Ermənistanda Paşinyan Rusiyaya ən sadiq adamlardan biri hesab olunur. O, Ermənistanın KTMT-dən və rus sərhədçilərinin hava limanından çıxarılmasında ləngliyinə görə qınanır.
— Ermənistanın KTMT-dən birdəfəlik çıxacağı təqdirdə Rusiyanın Gümrüdəki hərbi bazasının taleyi necə olacaq? Paşinyan bildirib ki, bu məsələ gündəmdə deyil.
— Şübhə etmirəm ki, növbə Gümrüdəki bazaya da çatacaq. Nikol Paşinyan, təbii ki, ehtiyatlıdır. İlyarım əvvəl biz Ermənistanda KTMT-dən çıxmağın zəruriliyindən danışdıq və Nikol cavab verdi ki, belə bir məsələ gündəmdə deyil. Nikol Paşinyan indi də deyir ki, belə bir məsələ gündəmdə deyil, amma hesab edirəm ki, bu, artıq yaranıb. Amma mütləq gündəmdə olan rus sərhədçilərinin Nərkin Xan kəndindən və Zvartnots hava limanından çıxarılmasıdır. Məndə olan məlumata görə, bu, yaxın aylarda baş verməlidir.
— İndi ruslar Ermənistana vizasız və daxili Rusiya pasportu ilə uça bilərlər. Sizin hava limanında artıq rus sərhədçiləri olmasa, bu imkan hələ də mövcud olacaqmı?
— Burada heç nəyin dəyişəcəyini düşünmürəm. Təbii ki, Rusiya bunu tələb etməsə… Ermənistan heç nəyi dəyişməyəcək, mən belə addımlar görmürəm. Ermənistanda bağlanmalı olan Rusiya televiziya kanallarıdır. Ancaq Nikol Paşinyan bu barədə eşitmək istəmir. Onun öz demokratiya ideyası var. O, Rusiya ilə əlaqəni tamamilə itirmək istəmir.Üstəlik, 2024-cü ildə Ermənistan Avrasiya İqtisadi Birliyinə sədrlik edəcək.
— Siz Rusiyanı qınayırsınız ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Amma sizin müttəfiqlik axtardığınız o ölkələr də həmişə Azərbaycanın ərazi bütövlüyündən danışıb, Qarabağı heç vaxt erməni torpağı saymayıblar.
— 2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ilk şəxs Vladimir Putin olub. Bu, 2020-ci ilin noyabrında, müharibədən dərhal sonra idi. Üstəlik, Rusiya prezidentinin beynəlxalq hüquqa istinad etməsi də maraqlıdır. Amma buna qədər Rusiya 30 il Minsk Qrupunda məhz Qarabağın statusu məsələsini həll etmək üçün çalışıb. 2020-ci ilin noyabrında isə Putin dedi ki, Qarabağ Azərbaycandır, dekabrda bunu təkrarladı. Mən bunu istehzasız deyirəm; biz doğrudan da dərhal başa düşmədik, çünki Rusiyanın belə bir xəyanətinə inanmırdıq. İlyarımdan sonra Paşinyan bunu etiraf etməyə məcbur oldu. O, bunu Putindən sonra edib.
— Düzgün başa düşdüm ki, bu məsələdə sizin üçün Qərblə Rusiya arasındakı fərq ondan ibarətdir ki, Qərb əvvəllər də Qarabağı Azərbaycan ərazisi sayırdı, Rusiya isə ermənilərə xəyanət etdi?
— Bu, təkcə xəyanət deyil. Rusiya diplomatları “ayağına güllə atmaq” ifadəsini çox sevirlər. Deməli, bu, Rusiyanın ayağından vurulan zərbədir.
— Ermənistanda demək olar ki, bütün infrastruktur və digər əmlakın çox böyük hissəsi Kremllə bu və ya digər şəkildə bağlı olan Rusiya şirkətlərinə məxsusdur. Bunun Ermənistan hakimiyyətinə qarşı rıçaq olacağından qorxmursunuz?
— Biz bu arqumenti tez-tez eşitmişik, biz çoxdan deyirik ki, enerji sektorunda, ticarətdə və təhlükəsizlik məsələlərində əməkdaşlığın şaxələndirilməsi lazımdır. Bizə belə cavab verirdilər: “Rusiya Qarabağda vəziyyətə nəzarət edir, siz burada nəsə nağıl danışırsınız, bizim təhlükəsizliyimiz Rusiyadan asılıdır”. İndi bu arqumentlər aradan qalxdı və adamlar deyir: “bəli, ticarətimizin 40%-i Rusiya ilədir, amma canımızı qurtarmaq lazımdırsa, ticarətin buna nə dəxli var. Biləndə ki, Rusiya təhlükəsizlik məsələlərində Azərbaycanın tərəfini tutub, unudursan ki, işıqlarımızı da söndürə bilərlər. Bu da təbii ki, faktordur. Ancaq bunun öhdəsindən gəlmək olar.
— Necə?
— Məsələn, hərbi-texniki əməkdaşlıq sahəsində həll yolu tapıldı. Bizimlə əməkdaşlıq edən ölkələr arasında Fransa və Hindistan da var. Onların sayəsində bizə daha yaxşı silahlar gəldi. Biz də pilotsuz təyyarələr alsaq, Azərbaycan havada öz üstünlüyünü itirəcək. Biz heç kimə hücum etmək fikrində deyilik, Bakını bombalamağa ehtiyacımız yoxdur, amma səmamızı qoruya biləcəyik.
— Silah təchizatçısını dəyişmək, məsələn, ölkənin bütün enerji sistemini yönləndirməkdən daha asandır. Eləcə də bütün dəmir yolları.
— Başqa üsullar da var. Məsələn, milliləşdirmə mexanizmləri…Unutmayın ki, şirkət sahiblərinin çoxu milliyyətcə ermənidir. Düşünmürəm ki, Moskvadan gələn sifarişlə işıqları söndürəcəklər, axı onların ailələri də burada yaşayır.
Hazırladı: Orxan Əliyev,
Musavat.com