Yurdumuza bahar müjdəli Novruz gəlir
Xalqımız bu il öz milli bayramını, ən ali bəşəri dəyərləri özündə cəmləşdirən Novruz bayramını uzun illərdən sonra Xankəndidə, Xocalıda qeyd edəcək
Xalqımızın milli bayramı – Novruz bayramının artıq üçünçü çərşənbəsini də yola salmışıq. Dostluğu, birliyi, həmrəyliyi, sülhü, tolerantlığı tərənnüm edən Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bəs Novruz bayramı haqqında daha nələri bilirik? Novruz bayramı xalq arasında təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruzun gəlişi ilə təbiətin, həyatın oyanması başlanır. Bu fikrin təsdiqinə Firdovsinin, Rudakinin, Nizaminin, Sədi Şirazi və Hafiz Şirazinin, Ömər Xəyyamın əsərlərində, həmçinin “Dədə Qorqud” dastanında da rast gəlinir. Nizaminin “Siyasətnamə”sində, Xəyyamın “Novruznamə”sində Novruz bayramı haqqında söhbət açılır.
Novruz bayramına bir ay qalmış, hər həftənin ikinci günü su, od, yel, torpaq çərşənbələri (bəzən Torpaq çərşənbəsinə Yer çərşənbəsi də deyirlər) böyük şadyanalıqla qeyd edilir, bayramın gəlişinə hazırlıq görülür. Novruz çərşənbələrinin belə ardıcıllıqla düzülməsinin mənası budur ki, yəni, dünya əvvəlcə başdan-başa su ilə örtülü olub, sonra od, yəni günəş gəlib suyu buxarlandırmağa başlayıb, Yel baba isə bu prosesi daha da sürətləndirib, nəticədə torpaq görünməyə başlayıb. Novruzun tarixi kökləri, ümumiyyətlə təbiət hadisələrinə söykənir.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə, Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Novruz bayramına qədər artıq torpaqdakı bitkilər də canlanır, cücərir, ağaclar tumurcuq açırlar. Bütün bunlar baharın gəlişindən xəbər verir.
İlaxır çərşənbəyə sayılı günlər qalır. Bu cərşənbə xüsusi coşqu ilə qeyd olunur. Süfrələrə aş, paxlava, şəkərbura, şirinçörək, şorqoğalı, badambura, dənli bitkilərdən, əsasən buğdadan qovrulmuş qovurğa, qurudulmuş meyvələr, xurma, badam, püstə, qoz, fındıq və digər ləziz nemətlər düzülür. Novruz süfrəsi üçün hazırlanan xörəyə “S” hərfi ilə başlanan 7 adda ərzaq az da olsa əlavə edilməlidir: Su, sarıkök, sumaq, süd, sirkə, səbzə, soğan kimi bu əlavələrin hər biri rəmzi məna daşıyır. Səməni, səməni halvası, rəngbərəng boyanmış yumurtalar, al-əlvan şamlar, müxtəlif çeşidli şirniyyatlar, qurudulmuş meyvələr, bir sözlə, ən ləziz nemətlər Novruz xonçasının, Novruz süfrəsinin bəzəyidir. İnanclara görə bayramda ailənin hər bir üzvünün adına yumurta boyanmalı, ayrıca şam yandırılmalı, kiçik güzgülər qoyulmalıdır. Bunların xalq arasında yozumu belədir: Şam oddur, işıqdır – o, insanları bədnəzərdən qoruyur, güzgü həm müqəddəs günəş şüalarını özündə əks etdirən əşyadı, həm də aydınlıq rəmzidi, yumurta isə bədlik gətirən hər şeyi üzərindən atmağa, kini-küdurəti içində saxlamamağa işarətdir. Novruzda səməni göyərtmək məhsuldarlıq, bərəkət rəmzidir. Novruz süfrəsinin sonunda ailənin böyüyü əlinə qayçı götürüb: “Səməni, saxla məni, İldə göyərdərəm səni” deyərək göyərtdiyi səməninin başından bir qədər qayçılayır. Sonra qayçını evdə özündən kiçiyə ötürür. Bütün ailənin yaşca ən kiçik üzvünə qədər hamı bu hərəkəti təkrar edir. Bayramdan bir neçə gün sonra isə başı qayçılanmış səmənini axar suya atırlar.
Bayramın ilk günü hər kəs mütləq öz evində olmalı, öz çırağını yandırmalıdır. Hər ailə öz halal süfrəsinin başına yığışmalıdır. Qohum-əqrəbasına, doğmalarına, yaxınlarına baş çəkməyə gedənlər də mütləq elə həmin gün öz evinə, öz ocağına qayıtmalıdır. Xalq oyunları, nağıllar, hekayələr, dastanlar, lətifələr, hətta yumorlu məsxərələr Novruzun bayram çələngidir. Xalq oyunlarından “Xıdır İlyas” məhsuldarlıq, təbiətin çiçəklənməsi, “Cütçü” mərasimi torpağı oyatmaq, diksindirib cana gətirmək, “Kos-kosa”, “Meydan” baharın gəlməsi əhvali-ruhiyyəsi və şənlik, şuxluq, zarafat, məzhəkə ovqatı yaratmaq məqsədi daşıyan xalq tamaşalarıdır.
Axırıncı çərşənbədə və Novruz bayramı axşamında evlərin, həyət bacaların hər bir tərəfinə məşəllər sancılır, ocaqlar qalanır. Çatılan tonqalların şölələri gecə göy üzünü əsrarəngiz gözəlliyə qərq edir. İnanclara görə, hər ailə yeddi yerdə ocaq qalamalı, ailənin hər bir üzvü “Ağırrığım, uğurruğum burda yansın” deyib, ya yeddi tonqalın hər birinin üzərindən bir dəfə, ya da bir tonqalın üzərindən yeddi dəfə keçməlidir. Novruz bayramından sonrakı ilk dörd gündə təbiət hər gün bir dona düşür. Bayramın ertəsi gün yaz gününə, ondan sonrakı gün yaya, üçüncü gün payıza, dördüncü gün isə qış gününə bənzəyir. Bundan sonra təbiət öz normal axarına davam edir.
Xalqımız bu il öz milli bayramını, ən ali bəşəri dəyərləri özündə cəmləşdirən Novruz bayramını uzun illərdən sonra Xankəndidə, Xocalıda qeyd edəcək. Bu tarixi torpaqlarımızda 30 ildən sonra yenidən bayram tonqalları yandırılacaq, ilaxır çərşənbəsi xoş əhval-ruhiyyə ilə qeyd ediləcək. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirəcək. Yurdumuza, elimizə, evimizə mehribançılıq, sülh, bərəkət, xoş ovqat gətirən Novruz Bayramımız Mübarək!

