Ailə cəmiyyətin əsasıdır
Qohum nikahları öz şəxsi həyatını və gələcəyini, övladlarının fiziki-mənəvi sağlamlığını tamamilə başqa münasibətlərə qurban vermək deməkdir
Həyatımızın çox hissəsi ailədə keçir. Ailə cəmiyyətin, dövlətin çox vacib bir nüvəsi, əsasıdır. İnsanların, cəmiyyətin, onun müxtəlif təbəqələrinin, ən əsası dövlətin qarşısına qoyduğu hədəflərə çatması ailədəki atmosferdən, münasibətlərdən çox asılıdır. Biz ailədə hansı mühitə malik oluruqsa, buradakı böyüklər, kiçiklər, I, II və III dərəcəli yerlərdə dayanan insanlar, eynilə bu sosial mühitdə əldə etdiklərini cəmiyyətə daşıyırlar.
Ailə Məcəlləsi bu məsələləri tənzimləyir. Məcəllənin 12-ci maddəsi yaxın qohumlar arasında nikahı qadağan edir. Təbii ki, bu, babası, nənəsi ata-anası eyni olan adamlara aiddir. Bizim mentalitetdə tarixdən gələn ənənə var ki, yaxın qohumlar mütləq şəkildə qohumluğu davam etdirməlidir.
Onlar bu qohumluğu övladlarına, nəvələrinə, nəticələrinə ötürmək istəyirlər. Bununla da həm genetik-fizioloji olaraq, həm də hüquqi və mənəvi cəhətdən bütün həyatlarını o adət-ənənəyə tabe etdirmiş olurlar. Öz şəxsi həyatını və gələcəyini, övladlarının fiziki-mənəvi sağlamlığını tamamilə başqa münasibətlərə qurban verən insanlar cəmiyyətdə də bu və ya digər vacib məsələlərdən yan keçə bilər.
Ümumiyyətlə, müəyyən insanlar arasında bütün iradəsini bu cür ənənələrə tabe edənlərin qanunla münasibətlərində problem olub. Hər hansı cinayət hadisəsi baş verməsə, başqasının əmlakına, şəxsiyyətə, özünə, dövlətə qarşı olmasa belə, hüquqla problemlərinin yaranmasına gətirib çıxarır. Artıq xeyli müddətdir ki, belə əlaqələndirilmiş məsələlərin müzakirəsi prosesinə başlanılıb. Bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid olsa da, ayrı-ayrı dövlət orqanlarının hər birinin bu istiqamətdə öz öhdəlikləri, vəzifələri var. Bu məsələ hökumətin də diqqətindədir. 2015-ci ildə hökumətin təklifi ilə Ailə Məcəlləsinə dəyişiklik edilib ki, nikaha daxil olmaq istəyənlər öncə tibbi müayinədən keçsinlər. Hər kəs anlayır ki, bu, ailənin sağlam gələcəyi üçün vacibdir. Bu, bir sıra irsi xəstəliklərin və şikəst uşaqların doğulmasının qarşısının alınmasında gözəl nəticələr verir.
Dünya əhalisinin təxminən 20 faizi sosial faydalarına görə qohum evliliklərinə üstünlük verir. Qohumluq səviyyələri mədəniyyət, coğrafiya, etnik mənsubiyyət və din də daxil olmaqla bir çox amillərin təsiri ilə əhali qrupları daxilində və arasında dəyişə bilər. Qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir. Qohum evliliyinin ən yüksək göstəriciləri Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınır. Pakistan və Hindistanda nikahlarla qohumluq nisbəti müvafiq olaraq 73 faiz və 60 faiz təşkil edir. Üzərindən min illər ötəndən sonra müasir elm adamları Misir fironlarının sülaləsinin məhv olmasının səbəbini qohumlar arasında evlilik amili ilə əlaqələndirirlər. Genetiklər daim qohum nikahların nəsillərində hər cür fizioloji anomaliyaların mövcudluğunu sübut edirlər.
“İslam dini qohumlar arasında nikaha necə yanaşıb” sualına cavab zamanı Peyğəmbər əleyhissalamın sevimli qızı Fatimənin ata tərəfdən əmisi oğlu Əliyə ərə verilməsi faktı qabardılır. Bu evlilikdən sağlam və nəcib övladlar dünyaya gəlib. Əlbəttə, qüsurlu uşaqların doğulmasına səbəb təkcə qohumluq deyil, ər-arvadın əcdadlarının gen vasitəsilə nəsillərə ötürülən xəstəliyidir. Buna görə bir çox xalqlarda ailə üzvlərinin sağlamlığı və xəstəliklərinin qeyd edildiyi “ailə ağacları” yaradılır. Əli və Fatimə məsələsində isə deyə bilərik ki, Peyğəmbər onların əcdadlarının sağlam olduğunu bildiyinə görə bu evlilik təhlükəli sayılmadı.
Müasir Azərbaycanda bu məsələdə bir çox amillərlə yanaşı, tayfaçılıq (təcrid, qapalı nəsil) hələ də cəmiyyətə xasdır və bu, hər şeyi izah edir. Bir çox azərbaycanlı “kənar adamlara” inamsızdırlar, bu da onların qapalı icmasına daxil olmayan hər kəs deməkdir. Məsələn, bizdə çox güclü regionalizm var. Qohum evlilikləri tayfaçılığın elə cəmləşmiş variantıdır ki, öz qohumlarından başqa hamı yad sayılır.
Risklərə rəğmən qohum evlilikləri zamanı sabit nikah münasibətləri, ailənin maddi problemlərinin azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır. Qohumluq mədəni ötürülmə və mədəni davamlılıq üçün imkanlar təmin edir. İqtisadi faydalara cehizlərin azaldılması və torpaq sahələrinin saxlanması daxildir. Bəzi dini və siyasi anlayışlar dindarları qohum evliliklərinə cəlb edir. Qohum evlilikləri ailənin genetik tədqiqatlarını asanlaşdırır, çünki populyasiyada genofond tarazlığı sabit qalır. Qohum ailələr əlaqə analizindən istifadə edərək yeni xəstəlik genlərini müəyyənləşdirirlər.
Tədqiqatlar göstərir ki, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncü dərəcəli qohumların genlərinin 12,5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6,25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur.
Qanunvericilikdə qohum nikahların dərəcəsi 1-ci və 2-ci qohumluğa aid edilsə də, 3-cü və 4-cü qohumluq dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də dövlət təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyənləşdirilən nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub.
Ən vacib addımlardan biri isə qohumluq və onun fəsadları haqqında dini müzakirələrin geniş aparılmasıdır. Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu möhkəmləndirib.
Bütün bunlar cəmiyyətin ən dəyərli varlığı olan ailə məsələlərinin nə qədər önəmli və əhəmiyyətli olduğunu göstərir. Bu baxımdan faktlar sübut edir ki, sözügedən mövzu günümüzün ən aktual məsələlərindəndir.

