Miokard infarktda zaman həyati dərəcədə önəmlidir – Şəfəq Nəzirova
Kəskin miokard infarktı ürək damarının hər hansı bir risk faktoru və ya faktorları səbəbindən anidən trombla tam tutulması, ürək dayanması isə ( asistoliya) zamanında müdaxilə oluna bilinməyən kəskin infarktın ( trombla tutulan ürək damarı lazımi zaman müddətində açılmazsa) ölümə səbəb olan ağırlaşmasıdır. Ona görə də kəskin miokard infarktında zaman məfhumu həyati dərəcədə önəmlidir, unutmayaq!
Bu sözləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirdi.
Şəfəq Nəzirova bildirdi ki, müasir dövrümüzdə ürək-damar xəstəliklərinin müayinə və müalicə metodları həm dünyada, həm də Azərbaycanda protokollara uyğun olaraq beynəlxalq standartlarda aparılır. Ölkəmizdə olan xəstəxanalarımızın əksəriyyətində ürək-damar xəstələrini beynəlxalq səviyyədə diaqnostika və müalicə etmək üçün kifayət qədər peşəkar mütəxəssislərimiz, müasir tibbi avadanlıqlarımlz var. Mütəşəkkil 2D, 3 D, 4 D EXO cihazlarımız, ritm və təzyiq holteri cihazlarımız , aritmiyalarda istifadə oluna biləcək hər cür qalıcı ürək PACEmakerləri , ürəkdaxili defibrilyatorlar, ürək damarı darlığını diaqnostika etmək üçün qızıl standart olan koronar angioqrafiya cihazlarımız, damarlarda olan və həyati təhlükəsi olan daralma və tutulmaların qansız və kəsiksiz yolla aradan qaldırılması üçün son nəsil stentlərimiz və balonlarımız vardır. Ciddi qapaq patologiyalarında, bu problemlərin həm cərrahi , həm də invaziv yolla aradan qaldırılması üçün kifayət qədər professional mütəxəssislərimiz və prosedurları icra etmək üçün tam mütəşəkkil xəstəxanalarımız və şəraitimiz var.

