Fitrə zəkatı verən şəxs özünü bəlalardan sığortalamış olur – Hacı Rauf Sərdarov
Fitrə zəkatı kimlərə, nə vaxt və nə qədər verilməlidir? – İlahiyyatçı AÇIQLAYIR
“Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Günahların bağışlandığı, duaların qəbul olunduğu 11 ayın sultanı olan Ramazan fitrə zəkatı kimi vacib əməllə başa çatır. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.”
Fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz
Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt, Abşeron, Xızı bölgə qazısı, Sumqayıt Cümə Məscidinin axundu, ilahiyyatçı, Hacı Rauf Sərdarov “İki sahil”ə bildirdi ki, hər bir şeyin zəkatı olduğu kimi insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir: “Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.”

Onlar zəkat vermək əvəzinə dua və zikrlər edə bilərlər
Hacı Rauf Sərdarov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, fitrə zəkatı çıxararkən mimumum yox, orta məbləğ götürülsə daha yaxşıdır: “Qeyd edim ki, fitrə zəkatı əsasən bayram axşamı və səhər bayram namazına qədər çıxarılmalıdır. Zəkat ən çox istifadə olunan ərzaq məhsullarından özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi yemək növlərindən sayılan qidalardan 3 kiloqramı həcmində çıxarılır. Bu il üçün Qafqaz Müsəlmanları İdarəsi pul vahidi olaraq adambaşına 10-15 manat tövsiyə edib. Bu, orta bir məbləğdir. Ailə üzvlərinin sayı çox olan və bu məbləğə imkanları çatmayan şəxslər büdcələrinə uyğun olan qida vasitəsinin (3 kq) ya özünü və yaxud pulunu fitrə zəkatı çıxara bilər. Fitrə zəkatı çıxararkən evdəki qonaqların da sayı nəzərə alınmalıdır. Ümumiyyətlə, imkanı olmayana fitrə zəkatı çıxarmaq vacib deyil. Yaxşı olar ki, onlar zəkat vermək əvəzinə dua və zikrlər edə bilərlər. Lakin bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq da fitrə zəkatı verə bilər.”
Ailəsini dolandıra bilməyənə fitrənin zəkatı vacib deyil

İlahiyyatçı vurğulayıb ki, bu gözəl ibadətdən kənar qalmaq istəməyən imkanı zəif olan möminlər fitrə zəkatının savabını əldə etmək üçün aşağıdakı göstərişə əməl edərlərsə həmin əməlin savabını əldə etmiş olarlar: “Fəqir bir şəxsin yalnız 3 kq buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 3 kiloqıramı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və beləcə sonuncu ailə üzvünə qədər davam etsin. Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (körpə), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin. İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.”
Qeyd edək ki, Şəvval ayının 1-də, yəni aprelin 10-da Azərbaycanda Ramazan (Fitir) bayramı qeyd olunacaq. Nazirlər Kabınetinin müvafiq qərarına əsasən, ölkədə iki gün-aprelin 10-da və 11-də bayram günləridir.

