Hansı hallarda boşanma zamanı UŞAQ ANAYA VERİLƏ BİLMƏZ?
Məhkəmə təcrübəsi göstərir ki, boşanma zamanı əksər hallarda uşaq anasının yanında qalır. Lakin bu məsələ hər zaman belə olmur. BMT Baş Məclisinin 1386 nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülməlidir. Təbii ki, məhkəmə işi ətraflı və obyektiv şəkildə araşdırmaqla və yetkinlik yaşına çatmayan uşağın üstün mənafeyini nəzərə almaqla qərar qəbul edir”.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nərmin Zülfüqarlı söyləyib.

Vəkillər Kollegiyasının üzvü bildirdi ki, uşaqlardan ayrı yaşayan valideynlərin onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ var. Qeyd edək ki, tərəflər arasında razılıq olmadığı halda yanında uşaq olmayan tərəfin tələbi ilə uşaqla ünsiyyətlə bağlı məhkəmə qərarı qəbul edilə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası isə məcburidir. Qeyd edilən məhkəmə aktlarının icra edilməməsi inzibati və cinayət məsuliyyətinə səbəb olur.

