Boşanma zamanı uşaq kimdə qalmalıdır? – – QANUN NƏ DEYİR?
Azərbaycan Respublikası Konstitusiyası, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etməklə yanaşı, uşaqların qayğısına qalmağı və onları tərbiyə etməyi valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən etmişdir . Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən etməlidir. Belə ki, uşağın hansı valideynlə qalması ilə bağlı məsələdə fikir ayrılığı olduğu halda bu məsələ məhkəmə qaydasında həll edilir. Məhkəmə qərarı ilə uşağın hansı valideynlərdən kimin yanında qalmasının müəyyən edilməsi zamanı onun üstün mənafeyinin nəzərə alınması zəruridir.
Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nərmin Zülfüqarlı söyləyib.

Nərmin Zülfüqarlının sözlərinə görə, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar uşağın üstün mənafeyi rəhbər tutulmaqla nəzərə alınmalıdır.
10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır

Həmsöhbətimiz vurğuladı ki, uşağın valideynlərdən kimin yanında qalmasının müəyyən edilməsi zamanı uşağın hansı yaşda olması mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, qanuni maraqlarına zidd olan hallar istisna olmaqla uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşlı uşağın fikrini öyrənə və bu fikri nəzərə ala bilər. Lakin bu o demək deyil ki, məhkəmə təkcə uşağın fikrini əsas almaqla qəti qərar qəbul etməyə haqlıdır. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

