Cəmiyyət 

Boşanmalar niyə ARTIR? – KOMİTƏ RƏSMİSİ AÇIQLAYIR

Uşaqları boşanmanın mənfi təsirlərindən qoruya bilmək üçün onu qayğı və məhəbbətlə əhatə etmək, daim ünsiyyətdə olmaq, ona önəmli olduğunu hiss etdirməyə çalışmaq vacibdir

Son zamanlar  demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Düzgün olmayan təbliğat, sosial şəbəkələrin təsiri ilə vaxtilə ən qəbuledilməz və xoşagəlməz hal kimi qarşılanan boşanmalar indi adi hala çevrilməkdədir.

Hər 1000 nəfərə düşən nikah sayı azalıb, boşanma artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır.

Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan görür. Tərəflər arasında anlaşılmazlıq pik həddə çatıbsa, boşanma qaçılmazdr. Ancaq uşaq varsa, bu halda valideynlər çox diqqətli olmalıdırlar. Təəssüf ki, bizim valideynlərimiz ayrılan zaman ər-arvad olaraq boşanmırlar, həm də ana-ata olaraq ayrılırlar. Belə vəziyyətdə isə ən böyük ziyanı övladlar çəkir. Bəs boşanmalar uşaq psixologiyasına necə təsir göstərir? Bu durumda uşaqları yaşadıqları psixoloji sarsıntıdan necə çıxarmaq olar?

Mübahisə zamanı yalnız bir yol görürlər – BOŞANMAQ!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında  qeyd etdi ki, bu gün ailələrdə boşanma hallarının artması, nikah dayanıqsızlığı yalnız respublikamızda deyil, bir çox ölkələrdə aktual məsələlərdəndir. Aparılan araşdırmalara əsasən, müvafiq hal əsas etibarilə urbanizasiya və urbanizasiya prosesinin doğurduğu intensiv miqrasiya ilə izah edilir. Bununla yanaşı, tədqiqatlar göstərir ki, əksər ailələrdə hər iki tərəf məişət zəminində baş vermiş mübahisələrin həll yolunu yalnız ayrılmaqda görür. Bu kimi hallarda isə ən çox psixoloji gərginlik yaşayan ailə üzvləri uşaqlar olur. Belə ki, uşaqlar tərəflər arasında yaranan ailədaxili münaqişələr, boşanma prosesi zamanı, eləcə də, nikaha xitam verildikdən sonra bir çox mənfi məqamlarla üz-üzə qalır.

Ən çox rast gəlinən davranış problemləri, qaydalara əməl etməmək, aşağı akademik müvəffəqiyyət, assosiallıq və depressiya kimi hallardır

Komitə rəsmisinin sözlərinə görə, uşaqlar tərəfindən bu hal özünə qarşı olan diqqətin azalması, təhlükəsizliyin və sevginin itirilməsi kimi qəbul edilir. Boşanma sonrasında uşaqların təxminən yüzdə iyirmisində müəyyən problemlər yaşanır. Bu nisbət tam ailələrdəki uşaqlarla müqayisədə riskin təxminən 2 dəfə artdığını göstərir. Ən çox rast gəlinən davranış problemləri, qaydalara əməl etməmək, aşağı akademik müvəffəqiyyət, assosiallıq və depressiya kimi hallardır. Digər tərəfdən də natamam ailələrdən olan uşaqların əksəriyyətində klinik əhəmiyyətli problemlərə rast gəlinmir və yuxarıda qeyd olunan emosional vəziyyət müəyyən müddət ötdükdən sonra bərpa olmağa başlayır.

Günel Nağdəliyeva  diqqətə çatdırdı ki, uşaqları boşanmanın mənfi təsirlərindən qoruya bilmək üçün onu qayğı və məhəbbətlə əhatə etmək, daim ünsiyyətdə olmaq, ona önəmli olduğunu hiss etdirməyə çalışmaq, ən azı valideynlərdən biri ilə yaxşı münasibət saxlanılmasını təmin etməkdir.

Daha çox xəbərlər