Region Xəbərləri 

Azərbaycanın böyük Zəfərinin müjdəçisi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. 149 illik yolu uğurla qət edən mətbuatımızın inkişafından bəhs edərkən müstəqillik mərhələsi, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanır. İyulun 20-də  keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində   Prezident İlham Əliyev  çıxışında və tədbir iştirakçılarının  suallarını cavablandırarkən tarixi Zəfərimizin reallıqlarından, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi. Cənab İlham Əliyev tədbir iştirakçılarına bu müraciəti etdi: “Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.”

30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri dağıntıları, Azərbaycanın bu ərazilərdə gördüyü bərpa-quruculuq işlərini bura gələn xarici qonaqlar yaxından görür. Baxmayaraq ki, ermənilər və onlara havadarlıq edən qüvvələr 30 il bu vəhşilikləri ört-basdır etməyə səy göstərdilər. 20 faiz torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda ölkəmizi işğalçı dövlət kimi təqdim etdilər. Ermənilər özlərini “yazıq, məzlum, döyülən və əzilən” xalq kimi beynəlxalq ictimaiyyətə təqdim edirdilər. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları bu mifləri dağıtdı.

Qürurvericidir ki, bu gün həmin dağıntıları bərpa-quruculuq işləri əvəzləyir. Dörd ilə yaxındır ki, dövrdə bu torpaqlarda görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. İnfrastruktur yenilənir. Yeni avtomobil, dəmir yolu çəkilir, Beynəlxalq Hava limanları tikilir. Bütün bunlar Azərbaycan dövlətinin nəyə qadir olduğunu nümayiş etdirir. Eyni zamanda, dünyaya sübut edirik ki, bu torpaqların sahibi bizik.

Cənab İlham Əliyev Forumda Azərbaycanın iqtisadi, siyasi, xarici siyasət uğurlarından bəhs etdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolundan, ən əsası bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirindən geniş bəhs etdi. Bildirdi ki, COP29 həmrəylik tədbiri olmalıdır.

Göründüyü kimi, ikinci Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliği üçün mühüm platforma oldu. Belə tədbirlərin müntəzəm keçirilməsi diplomatik uğurlarımızın davamlılığına öz töhfəsini verəcək.

Daha çox xəbərlər