Antiterror tədbirləri ordumuzun daha bir Zəfər yürüşü idi
Bir əsrlik problemin bir gündə həll olunması bütün dünyanı da heyrətləndirdi
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə birdəfəlik son qoyuldu. Separatçıların 30 ildə ölkəmizə meydan oxuyan «rəhbərlər»i əli qandallı Bakıya gətirilərək ədalət mühakiməsinə təhvil verildilər.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatandan sonra Ermənistan kapitulyasiya sənədinə imza atmışdı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşmışdı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçını döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
Lakin üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində nəinki öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı, əksinə bura əlavə canlı qüvvə və hərbi texnika yerləşdirdi. Rəsmi Bakı bütün bunlara qarşı haqlı narazılığını ifadə edərək dəfələrlə rəsmi İrəvana, onların xaricdəki havadarlarına mesaj verərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olurdu.
İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində hələ də 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq «prezident»lərini seçir, qondarma «parlament»ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Qəbuledilməz digər məqam isə bütün xəbərdarlıqlara rəğmən, separatçı rejimin qorunub saxlanılması üçün maliyyələşdirmənin məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilməsi idi. Belə ki, bu məqsədlə hər il on milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sistemini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi. Ona görə də üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Xüsusilə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Qarabağda ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxsin və dörd polis əməkdaşının şəhid olması səbir kasamızı daşırdı. Nəhayət, sentyabrın 19-u səhər saatlarında düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda, seraratçı-terrorçu xuntanın birdəfəlik ləğvi üçün Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirildi. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xəttində və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş bəzi legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.
Beləliklə, ordumuzun sentyabrın 20- də 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan «ildırımsürətli», lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular.
Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi «soyqırım» uydurmaları ilə şərləməyə başladılar. Lakin ermənipərəst ölkələrdən fərqli olaraq bir çox hərbi ekspertlər antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun ləyaqətlə davranaraq heç bir halda mülki əhalini hədəfə almamasını etiraf etdilər. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərildi, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olundular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.
Bəli, bir zamanlar ölkəmizi təhdid edərək, «əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik» deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən belə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən ikinci dəfə «dəmir yumruq»un zərbəsini daddıqdan sonra yalvarmağa başladı. Antiterror tədbirlərinin qısa müddətdə və peşəkarlıqla başa vurulması bir daha sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə «miras» qalan bu ağrılı problemi birdəfəlik həll etdi. Həm də bu şanlı Qələbəmiz Ermənistanın 21 sentyabr müstəqillik gününə «hədiyyə» oldu. Beləliklə, hayların bir zamanlar qurduqları «Artsax» adlı qondarma dövlətçilik oyunları, müstəqillik xəyalları İkinci Qarabağ müharibəsi zamanı dəyərli hesab edib özləri ilə apardıqları «unitaz»larına atıldı.
Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Bax ən böyük dahilik isə odur ki, həlli mümkünsüz görünən problemləri həll etmək qüdrətində olasan. Prezident İlham Əliyev prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Beləliklə, ölkəmizin başçısı ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, prinsipial mövqeyindən əsla geri çəkilməməyin düsturunu yaratdı. Həm də bir əsrlik problemin bir günlük həlli dünyanı da heyran etdi.
Xalqımız inanır ki, bundan sonra da Ali Baş Komandanmız İlham Əliyevin öndərliyi ilə daha bir neçə taleyüklü problemlərimiz həll ediləcək. Bunların sırasında Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların silahsız, dinc yolla öz doğma yurdlarına qayıtması və Böyük Turan elinin yaranması ön plandadır.
Elçin Zaman, «İki sahil»