Aşıq Ələsgər sənətinin işığında
Milli mədəniyyətimizin, ədəbiyyatımızın, xalqımızın tarixində şərəfli yer tutan, yadacılığı dillər əzbəri olan Dədə Ələsgərin ədəbi irsi qiymətli bir xəzinədir. Yaradıcılığı xalq ruhundan, xalq zəkasından qaynaqlanan ustad sənətkarımız böyük bir ədəbi irs qoymuş, saz-söz sənətinin ən uca zirvəsini fəth etmişdir. Qədim Göyçə mahalında dünyaya göz açan Haqq aşığı Azərbaycan aşıq sənətinə yeni incilər bəxş edərək ədəbiyyatımızda aşıq sənətini ən uca zirvəyə çatdırmışdır. Hələ kiçik yaşlarından şeirə, sənətə ürəkdən bağlı olan aşıq təhsil ala bilməmiş, ustadı Aşıq Alıdan həm dərs almış, həm də ədəbi mərifət alaraq aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmuş, diyar-diyar gəzərək Türkiyədə, İranda, Dağıstanda məşhur olmuş, onu dinləyənləri sözün sehrinə salmışdır. Uzun illər Göyçə mahalının Ağkilsə kəndində yaşayan ustad aşıqdan erməni vandalllarının məkri yan keçməmişdir. 1918-1919-cu illərdə talanan Göçə mahalında Kəlbəcərin Yanşaq kəndinə məcburən köçən aşıq Vətən həsrəti ilə yaşamışdır.
Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı,
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün, Ələsgərtək qulların,dağlar!
Ömrünün son illərini Göçə mahalında yaşayan aşıq1921-ci ildə vəfat etmişdir. Digər tarixi abidələrimiz kimi 1990-cı illərdə erməni daşnakları şairin qəbrini vəhşicəsinə yerlə- yeksan etmişlər. Qoşmaları buz bulaqlardan qaynaqlanan, gəraylıları uca dağların dumanından ilham alan, təcnisləri güllərdən, çiçəklərdən yoğrulan, dodaqdəyməzləri dillər əzbəri olan Dədə Ələsgərin yaradıcılığı, həyatı daima xalqımızın və dövlətimizin diqqət mərkəzində olmuşdur. 1972-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə böyük sənətkarın 150 illik yubileyi Moskvada təntənəli şəkildə qeyd edilmişdir. Ulu öndərin 24 noyabr 1997-ci il sərəncamına əsasən ölkəmizdə ustad sənətkarın 175 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. Bu münasibətlə AMEA-da sənətkarın əsərləri ikicildlik kitabda toplanmış, Nazirlər kabinetinin qərarı ilə sənətkarın yaradıcılığı dövlət varidatı kimi qeydə alınmışdır. Söz incilərinin sərrafı Dədə Ələsgərin yaradıcılığına verilən qiymətin sayı hesabı yoxdur.
Hələ üç il əvvəl böyük sənətkarın adının əbədiləşdirilməsi üçün Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 200 illik yubileyinin keçilməsi ilə bağlı sərəncam imzalandı. Nazirlər Kabineti, Təhsil Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında sənətkarın əbədi irsinə qayğı və hörmətin göstəricisi olaraq genişmiqyaslı tədbirlər planı hazırladı. Prezidentimizin də qeyd etdiyi kimi uzun illər xalqımız erməni vandalizminin vəhşiliyinə məruz qalmış, tarixi abidələrimiz, dədə-babalarıımızın qəbirləri, məscidlərimiz dağıdılmışdır. Deportasiya dalğası sənətkarımızın doğma yurd yeri Qədim Zəngəzurun Göyçə mahalından da yan keçməmişdir. Biz əminik ki, Dədə Ələsgərin yubileyini doğma Göyçə mahalında təntənə ilə qeyd edəcək, ədəbi irsi dünya mədəni inciləri sırasında olacaq. Və qədim Zəngəzurun Göyçə mahalında aşıqlar aşığı, hər sözü bir inci olan, hər sözü xalq ruhundan yoğrulan Ələsgərin təcnisləri səslənəcək, sazın sədəfinə toxunan mizrablarda ulu sənətkarın nəğmələri dil açacaq, hər kəlmədə aşığın yurd məhəbbəti dil açacaq, Müşgünazlar, Güləndamlar qol götürüb oynayacaq, dağlar da dil açacaq, bax o zaman Dədə Ələsgərin ruhu şəhidlərimizin ruhu ilə qovuşacaq…
Gülçöhrə Hüseynova – Bərdə şəhər E.Kərimov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan- dili və ədəbiyyatı müəllimi