“Repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir” – AÇIQLAMA
Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə dərsləri uşaqlara öyrətmək istəmirlər. Bu cür müəllimlərin bir məqsədi olur: “Hazırlığıma gələr öyrədərəm”.
Bəs görəsən Azərbaycan təhsili repititora ehtiyac olmayacaq səviyyədə inkişaf edəcəkmi?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ölkədə repititorluğu yaradan səbəblər aradan qalxmadığı təqdirdə, repititor daimi olacaq.
“Repititor olması əslində qorxulu hal deyil. Sadəcə heç bir ölkədə bizdə olduğu qədər geniş yayılmayıb. Bu hal təhsil sistemi üçün çox qorxuludur.
Bu gün repititorluğu inkişaf etdirən səbəblərdən biri Dövlət İmtahan Mərkəzinin hazırda keçirdiyi test mexanizmidir.
Bundan başqa əsas məsələlərdən biri müəllimin əməkhaqqı məsələsidir. Nəzərə alaq ki, bu məsələ tez-tez qabardılır. Baxmayaraq ki, müstəqil olduğumuz dövürdən bu yana ən çox diqqət müəllimlərin əmək haqqısına yönəlib. Lakin bu halda müəllimlərin əmək haqqısının diferensiallaşmış sitemə keçirilməsi lazımdır. Yəni hər bir müəllimin əldə etdiyi nəticələrə görə ona əmək haqqı verilməlidir.
Bu gün Azərbaycanda repititorla bağlı lisenziyalaşma sistemi yaradılmalıdır. Hər müəllim repititorluq edə bilməz. Bunun üçün lisenziya alınmalıdır. Müəllimin fiziki, psixoloji və mənivi xüsusiyyətləri yoxlanılmalıdır. Ondan sonra bilik və bacarıqları yoxlanaraq müəyyən müddət üçün lisenziya verilməlidir. Eyni zamanda repititorların dərs keçdiyi yerlərdə sanitar gigiyenik qaydalara riayət edilməlidir. Amma biz bu gün buna əməl edirik mi? 10-15 kvadrat metrlik otaqlarda repititorluq edilir. Bu nə dərəcədə doğrudur?
Unutmayaq ki, repititorluğun ziyan gətirdiyi amillərdən biri də ailə büdcəsidir. Bu halda bəzi ailələrin rifah halı aşağı düşür. Repititorluğa cəlb olunan şagirdlərin çoxu böyük psixoloji sarsıntılarla üzləşirlər. Şagirdlər normal yuxu yata bilmirlər. Onlarda əsəb sistemi pozulur və dözümsüzlük əmələ gəlir. Ona görə də cəmiyyətdə aqressivlik yaranır.”
Elşən Qafarov qeyd etdi ki, repititorluğun bu qədər inkişaf etməməsi üçün məktəbdənkənar fəaliyyət genişləndirilməlidir. Bunun üçün ölkənin hər yerində məktəbyanı ərazilərdə müəssisələr tikilməlidir. Şagirdlərin gündəlik dərslərə hazırlığı bu müəssisələrdə həyata keçirilməlidir. Burada uşaqların iştirakı icbari xarakter almalıdır. Nəticə etibarı ilə təhsili, təhsilalan üçün bir yük səviyyəsinə gətirməli deyilik. Təhsil şagirdlər üçün şəxsi inkişafın bir vasitəsi olmalıdır:
“Biz illərdir təhsil islahatı aparırıq. İslahat adı altında dövlət büdcəsindən milyonlar xərclənir. Amma realda isə təhsil islahatını biz görmürük. İstənilən halda nəticələr var. Amma səmərəlilik varmı? Bax bu saulın cavabı açıq qalır. Bizim islahat aparmaqda məqsədimizə nail ola bilirikmi? Yox!
Nə qədər ki, sözün əsl mənasında təhsil islahatı ölkədə getmir, ancaq rəqəmlərin dalınca qaçırıq, dövlət imtahan mərkəzi xeyirsiz müxanizim qurur, bu repititorluq arzu olunmaz şəkildə davam edəcəkdir”.

