Siyasət 

İsrail-İran proksi-savaşından 1 il ötdü – əsl müharibə indi başlayır?

Müharibənin coğrafiyası genişlənir, HƏMAS hələ də müqavimət göstərir, danışıqlar isə dalana dirənib

Oktyabrın 7-də İsrailin HƏMAS başda olmaqla, İranın Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı başladığı müharibədən 1 il ötdü. Bu bir ilin əsas yekunu nədən ibarətdir? HƏMAS təşkilatı bitmiş sayıla bilərmi? Bəs “Hizbullah”ın aqibəti necə olacaq? Müharibə daha nə qədər çəkə, yeni əraziləri (ölkələri) əhatə edə bilərmi? Azərbaycanın konfliktdə tutduğu mövqe özünü nə dərəcədə doğrultdu? Nəhayət, bu hadisələrin qlobal sülhə və dünya iqtisadiyyatına təsirləri necə qiymətləndirilir?

“The Times of Israel” nəşri yazıb ki, İsrail ötən çərşənbə axşamı İran tərəfindən həyata keçirilən ballistik raket hücumuna ciddi cavab verməyi planlaşdırır və keçən şənbə günü bu cavabın “ağır və ciddi” olacağı barədə xəbərdarlıq edib. Nəşr qeyd edib ki, hərbi əməliyyat planı baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant tərəfindən təsdiqlənməlidir.

ABŞ prezidenti Co Bayden isə cümə günü verdiyi açıqlamada İsrailin hələ İranın ballistik hücumuna necə cavab verəcəyinə qərar vermədiyini bildirib. Lakin o, İsrailə İranın neft obyektlərinə zərbə vurmaqdan çəkinməyi məsləhət görüb: “Mən İsrailin yerində olsaydım, neft yataqlarına zərbə endirmək əvəzinə digər alternativlər barədə düşünərdim”.

Bayden habelə İsrailin İranın nüvə obyektlərini hədəf almasına qarşı olduğunu bir daha vurğulayıb. Əksinə, keçmiş prezident Donald Tramp isə İsrailə İranın nüvə obyektlərinə zərbə endirməyi tövsiyə edib və bu addımın prioritet olmasını müdafiə edib. Qəzet həmçinin yazıb ki, İran Yaxın Şərqdə yaranmış gərginliyin azaldılması üçün çağırış edib və hərbi əməliyyatların qarşısının alınmasını istəyir.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak isə deyib ki, Yaxın Şərqdə gərginliyin daha da artması həm regionun özü, həm də ondan kənardakı ölkələr üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracaq. Onun sözlərinə görə, münaqişənin daha da genişlənmə ehtimalı riskləri və qeyri-müəyyənliyi artırır: “Bilin ki, iqtisadiyyat münaqişənin mərkəzindədir. Biz vəziyyəti diqqətlə izləyirik, bu, böyük narahatlıq doğurur, çox yüksək qeyri-müəyyənlik var”.

Öz növbəsində “The Telegraph” qəzeti bildirir ki, İsrail öz təhlükəsizliyi naminə son bir ildə İranın marionet qüvvələrinə qarşı hərbi və təhlükəsizlik əməliyyatlarına əl atıb: “İsrail İranı məğlub edib. Birinci ona görə ki, onun nüvə silahı var, amma İranın yoxdur və sonuncu raket hücumundan sonra heç vaxt olmayacaq”.

Nəşr onu da vurğulayır ki, İranın Tehranı İsrail raketlərindən qorumaq üçün “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi yoxdur və çox güman ki, buna görə, yəni nüvə texnologiyası əldə etmək ümidi ilə Rusiyaya həddən artıq raket və dron verib: “Ola bilsin nə vaxtsa buna nail olsun, amma İran indi buna ən çox ehtiyac duyduğu anda malik deyil”.

Fransa prezidenti Emmanuel Makron HƏMAS tərəfindən 2023-cü il oktyabrın 7-də İsraildə törədilən qətliamın birinci ildönümü ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, Makron X səhifəsində ibrani dilində yazdığı tvitində İsrail xalqına başsağlığı verib.

Qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron Qəzza zolağındakı münaqişənin həlli üçün İsrailə silah tədarükünün dayandırılmasının vacibliyini bildirmişdi. Makronun bu açıqlaması İsrail tərəfindən böyük narahatlıqla qarşılanmış, ölkə rəsmilərinin etirazlarına səbəb olmuşdu.

Onu da bildirək ki, oktyabrın 7-də  İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürülməsi barədə xəbərlər yayılsa da, SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi bu xəbəri təkzib etdi, komandanın işinin başında olduğunu bildirdi. Amma hələ də bu yöndə şübhələr davam etməkdədir.

Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı iki partlayışdan beş gün sonra baş verdiyini bildirib.

“Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur”, – Kopenhagen polis müfəttişi Trine Myöller jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən iki İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.

“Hizbullah” hərəkatı oktyabrın 7-də İsrailin Hayfa şəhərinin şimalında kütləvi hücumun həyata keçirildiyini bildirib.

Bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bundan əvvəl HƏMAS-ın hərbi qanadının Təl-Əvivə raket zərbələri endirib. 

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov İsrailin rəqibini əsas yerindən vurduğunu düşünür: “Yaxın Şərqdə baş verənlər əslində dərinləşən qütblərarası ziddiyyətin bu bölgədə inikasıdır. Daha dəqiq desək, Rusiya-Ukrayna münaqişəsi fonunda həllini tapa bilməyən bu ziddiyyətlər Yaxın Şərqdə büruzə verdi və bu bölgədə qüvvələr nisbətinin cari reallığını üzə çıxardı. Konkret olaraq İran-İsrail gərginliyinə gəlincə, əminliklə demək olar ki, İsrail rəqibini ən güclü yerindən vurmağı bacardı. Belə ki, İranın Yaxın Şərqdə söz sahibi kimi mövcudluğu məhz proksi qüvvələrin varlığında ehtiva olunurdu. Xüsusən HƏMAS-ın timsalında İran regionda ciddi siyasi hakimiyyət qura bilmişdi. İsrailin son əməliyyatları ilə HƏMAS-ın faktiki olaraq gücdən salınması əslində İranın çox ciddi təsir mexanizmindən məhrum olması deməkdir. Lakin təbii ki, bu, son deyil. Çünki ötən bir ilin xronikasına nəzər yetirsək, proseslərin daha da gərginləşmək istiqamətində inkişaf etdiyinin şahidi oluruq. Yəni böyük ehtimalla Yaxın Şərqdə vəziyyətin səngiməsinə yox, daha da gərginləşəcəyinə, xüsusən ABŞ-da seçkilərdən sonra bu ölkənin də proseslərin iştirakçısına çevriləcəyini deməyə ciddi əsaslar var. Ələlxüsus digər proksi qüvvələrin hələ ki tam şəkildə münaqişənin tərəfinə çevrilməməsi fonunda növbənin onlara çatacağını düşünmək üçün kifayət qədər əsaslar var. Təbii ki, münaqişələr regiona yaxşı heç nə vəd etmir, xüsusən bu münaqişələrin xaraktercə əvvəlki dövrlərdən daha da fərqlənməsi təsirləri də spesifik edir. Heç şübhəsiz ki, regionun və bütövlükdə dünyanın iqtisadiyyatı baş verən proseslərdən təsirlənəcək. Yalnız şaxələndirilmiş və müstəqil siyasi kursa əsaslanan iqtisadiyyatlar belə proseslərdə dayanıqlılıq nümayiş etdirə bilər. Münaqişənin qlobal mühitə siyasi təsirinə gəlincə, bu təsirləri ilk növbədə, təbii ki, regionun özündə təhlil etməyə ehtiyac var. Məsələn, Azərbaycan Prezidentinin balanslı xarici siyasət kursu və şaxələndirilmiş iqtisadi əlaqələr konfiqurasiyası Azərbaycanın bu prosesdən də zərərsiz, yaxud mümkün ən az ziyanla çıxacağını deməyə kifayət qədər əsaslar verir. Unutmamalıyıq ki, Yaxın Şərqdə qütblərarası ziddiyyətin inikası olan bu münaqişə əslində Cənubi Qafqazda baş verməli idi və cənab İlham Əliyevin zamanında adekvat reaksiyası və həyata keçirilən tədbirlər regionu qütblərin savaş meydanına çevrilməyə imkan vermədi. Xüsusən ötən il cəmi bir gün davam etmiş antiterror tədbirləri ilə cənab İlham Əliyev bu regionda yenidən münaqişə yaratmaq istəyən qüvvələrin hətta düşünməsinə belə imkan vermədi. Nəticə etibarilə, Rusiya-Ukrayna cəbhəsində ziddiyyətlərin münaqişəyə çevrilməsini bacaran qüvvələr Cənubi Qafqazda buna nail ola bilməyib, həssas bölgə olan Yaxın Şərqə üz tutmalı olmuşdu”.

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu tərəflər arasında atəşkəs danışıqlarının tam dalana dirəndiyini bildirdi: “HƏMAS-İsrail müharibəsinin bir ili tamam oldu. Bir il əvvəl HƏMAS-ın Qəzzadan İsrailə hücumu ilə başlayan növbəti hərbi eskalasiya bu gün də davam edir. Ancaq ötən müddət ərzində İsrail Qəzzanı tam nəzarətə götürə bilməyib. Lakin bunun əvəzində İsrail ordusu İordan çayının qərb sahili və Livanda ikinci cəbhəni açıb. Digər tərəfdən, atəşkəs danışıqları faktiki olaraq dalana dirənib və İsrailin şərtləri sayəsində qəbul olunmur. İsrail ordusu isə ötən ilin 27 oktyabrından bu yana Qəzzanı işğal edə bilməyib. HƏMAS hələ də müqavimət göstərir və müşahidəçilərə görə, HƏMAS hərbi gücü hələ də qalır. İsrail isə müharibəni digər qonşulara yaymaqla müqavimət oxu adlanan İsrail əleyhinə olan silahlı qrupları sıradan çıxarmaq və İrana zərbə endirmək üçün geniş hərbi qarşıdurmaya çəkir. Bu səbəbdən də müharibə coğrafiyası genişlənir. İsrailin İranın neft yataqlarına zərbə endirməsi Qərbin “topuğuna güllə atması” demək olar. Çünki İranda hazırda neft bazarına gündəlik 3,6-4 milyon barel neft verir, neft yataqları vurularsa bu dünya bazarında neftin kəskin bahalaşması demək olar. Məsələn, keçən həftə prezident Bayden İranın neft yataqlarına hücumu məsələsini Netanyahu ilə müzakirə etdiklərini dediyi açıqlamadan dərhal sonra dünya bazarında neft qiymətləri 5 faiz artdı. Neft çox risklidir. Üstəlik, belə zərbələr aydın məsələdir ki, cavaba səbəb olacaq. Bu da regionda qarşıdurmanı dərinləşdirəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər