Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə müavinət verilə bilər – AÇIQLAMA
Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların artım sayı qızlardan daha yüksəkdir. Əksər ailələr qız övladlarından onları dünyaya gətirmədən imtina edirlər. Bəs görəsən bunun qarşısını almaq üçün dövlət tərəfindən doğulan qız uşaqlarına sosial müvazinət ayrıla bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosiloq Lalə Mehralı bildirib ki, bu mövcud vəziyyəti tərsinə döndərə və daha da pisləşdirə bilər:
“Zənnimcə sosial müvazinətin sadəcə qız uşaqlarına ayrılması vəziyyəti tərsinə döndərər və daha da pisləşdirər. İnsanlar bu dəfə müvazinət ala bilmək üçün qız övladlarını saxlayıb, oğul övladlarını abort edəcəklər. Çünki elə vəziyyətlər var ki, həqiqətən insanlar ağlagəlməz addımlar ata bilirlər. Bir insan əgər qızına qıya bilirsə, deməli oğluna da qıya bilər. Abortun özü cinayətdir. İstər oğlan övladı üçün, istərsə də qız üçün bu insanlığa qarşı cinayətdir. Bunun yerinə uşaqpulu məsələsi gündəm edilə bilər. Bütün uşaqlara uşaqpulu təyin etməklə ailələri abortdan çəkindirmək prosesi başladıla bilər. Çünki insanlar aborta çoxuşaqlılıqdan qorxduqları üçün də gedirlər. Buna görə də insanların çoxuşaqlılıqdan qorxmamaları üçün hər uşağa görə dövlət ödəniş edə bilər. Bu, xarici ölkələrin çoxunda belədir. Dövlət tərəfindən ikinci uşağa nisbətən birincidən çox, üçüncüyə ikincidən daha çox ödəniş edilir. Beləcə çoxuşaqlılıq təbliğ edilir və ölkədə demoqrafik vəziyyət tənzimlənir. Azərbaycanda isə demoqrafik vəziyyət fəlakət haldadır. Bağlanan nikahlara görə dünyaya gələn uşaqların sayının azlığı fəlakət həddədir. Əgər bu belə davam edərsə, gələcəkdə ciddi formada demoqrafik problemlər yaşanacaq. Nə peşələri icra eləməyə qız və oğlanlar, nə vətəni qoruycaq əsgərlər, nə də o əsgərləri dünyaya gətirəcək qadınlar tapılacaq”.
Mübarizə üsulunu keyfiyyətli seçməliyik:
“Biz bütün cəbhələrdə ciddi formada problem yaşayacağıq. Buna görə də mübarizə üsulunu keyfiyyətli formada seçmək lazımdır. Bu üsul isə ən yaxşı halda uşaqpuludur. Maarifləndirmə də ciddi formada həyata keçirilməlidir. Düzdür, bizim insanımız maariflənməyə o qədər də meyilli deyil. Buna görə də bu addımlar zorakılıqla belə olsa atılmalıdır. Poliklinikalarda, uşaq baxçalarında, məktəblərdə yerli icraedici orqanlar ciddi tədbirlər görməlidir. Qeyri-hökumət təşkilatlarına müxtəlif addımların atılması üçün şərait yaratmaq lazımdır. Sosial layihələrin sayı artırılmalıdır. Əks halda Azərbaycan aborta görə dünya liderliyində hələ uzun illər qalacaq”.