Cəmiyyət 

Çaylarda sululuğun artımı müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 fazini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla  50-90 faizini təşkil edir.

Sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 95 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 m3/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 15 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 78 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 36 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 58 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 334 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 2-də isə 325 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 83 sm qeydə alınıb. 2018-ci il sentyabrın 2-də isə bu rəqəm 173 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 45 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 2-də isə 38 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalıb və 102 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 105 sm qeydə alınıb. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 sm azalaraq 153 sm olub və bu göstərici 2018-ci il sentyabrın 2-də 172 sm qeydə alınıb.

Daha çox xəbərlər