Gündəm 

Metroda nə baş verir? – Nəqliyyat ekspertindən SƏRT REAKSİYA

Son zamanlar Bakı Metropoliteni ilə bağlı problemlər artıb.

Texniki nasazlıq, yaxud başqa səbəbdən yaranan problemlər təbii ki, sərnişinlərin haqlı narazılığına səbəb olur. Bir neçə ay öncə ictimai nəqliyyatda tariflər artırıldıqda bunun xidmətin keyfiyyətinə müsbət təsir edəcəyi bildirilsə də, hələ ki, nəzərəçarpan müsbət dəyişiklik müşahidə olunmur, xüsusilə də metroda.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, metro ilə bağlı ciddi islahatlara ehtiyac var.

ELMEDDİN.jpeg (32 KB)

Ekspert Musavat.com-a şərhində bildirib ki, metroya dövlət dəstəyi lazımdır:

“Metronun tam yenilənməsi, infrastrukturdakı çatışmazlıqların aradan qaldırılması üçün dövlət dəstəyi lazımdır. Qüsurları tam aradan qaldırandan, metro stansiyalarının sayını artırandan, havalandırma sistemini, qatarların yenilənməsini və digər zəruri məsələləri tam həll etdikdən sonra metrodan məmnun şəkildə istifadə edə biləcəyik. Təəssüf ki, son zamanlar bir çox nöqsan üzə çıxıb. Bunun üçün dərin araşdırmaya ehtiyac var ki, “metroda nə baş verir?” sualının cavabını tapaq. Çünki demək olar ki, hər həftə ortaya ciddi problem çıxır. Nəticədə insanlar əziyyət çəkir”.

Ekspert qeyd edib ki, mövcud problemlər ictimai nəqliyyatdan istifadəni stimullaşdıra bilmir:

““İctimai nəqliyyat əlçatandır” deyib insanlar arasında təbliğat apara bilmirik. İnsanlar problemləri gördükcə get-gedə ictimai nəqliyyatdan uzaqlaşır, taksiyə, şəxsi avtomobilə üstünlük verirlər. Bu da qarşıya qoyulan hədəflərə nail olmaq üçün çətinlik yaradır. Buna görə də təkcə metroda deyil, ümumiyyətlə, ictimai nəqliyyatdakı problemləri araşdırmaq, həll yollarını tapmaq lazımdır. Ümid edirəm ki, dövlətimizin bu problemləri həll etməyə gücü çatar. Metroya dəstək vermək lazımdır ki, özünü inkişaf etdirə bilsin”.

Daha çox xəbərlər