Gündəm 

Enerji sektorunda yaşıl mənbələrin təsir gücü artır

Azərbaycan 2027-ci ilə qədər təxminən yerli və xarici investisiyalarla 2 QVt həcmində 2,8 milyard ABŞ dolları dəyərində sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyasının tikintisini planlaşdırır. Bu layihələr ölkəmizin yaşıl enerjiyə keçidini daha sürətli və dönməz bir prosesə çevirəcək. Növbəti üç il ərzində istismara veriləcək stansiyalarda 5,3 milyard kVt-st elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da 1,2 milyard kubmetr təbii qaz qənaətini təmin edəcək və emissiyaların 2,5 milyon ton azalmasına səbəb olacaq.

Yaşıl enerjinin genişlənməsi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirləri çərçivəsində yeni bir mərhələyə qədəm qoyur. Bu il Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə təxminən 1 milyard ABŞ dolları dəyərində üç yeni stansiyanın əsası qoyulub. Bunlar Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonlarında  240 MVt gücündə külək elektrik stansiyalarıdır. Layihələr illik təqribən 2,3 milyard kVt-saat elektrik enerjisi istehsal edəcək, 500 milyon kubmetr təbii qazın qənaətinə və bir milyondan çox karbon tullantısının azaldılmasına töhfə verəcək. Bunlar həm də Azərbaycanın ilk xarici investisiya ilə həyata keçirilən müstəqil enerji layihələrindən biridir və ölkəmizin yaşıl enerji strategiyasında önəmli bir mərhələ kimi qeyd olunur.

Bundan əlavə, Səudiyyə Ərəbistanının enerji nəhəngi olan “ACWA Power” şirkəti ilə 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Bu müqavilələr Azərbaycanın enerji istehsalında yaşıl enerji mənbələrinin payını artırmağı hədəflədiyini göstərir.

Bu kontekstdə “Böyükşor gölü” üzərindəki üzən günəş panelləri layihəsi Azərbaycanda yenilikçi enerjiyə keçid üçün atılan mühüm addımlardan biridir. Bununla yanaşı, ölkənin yaşıl enerji potensialını artırmaq məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Məsələn, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ilk hərrac 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası üçün keçirilib və nəticələr COP29 zamanı açıqlanacaq. Bundan əlavə, Cəbrayılda tikilməsi planlaşdırılan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası da yaşıl enerjinin daha geniş yayılmasına xidmət edəcək. Bütün bu layihələr Azərbaycanın bərpa olunan enerji sahəsindəki irəliləyişini və yaşıl enerji strategiyasını daha da gücləndirir.

Ölkə miqyasında yaşıl enerjinin payını 2030-cu ilədək 34,7%-ə çatdırmaq hədəflənir. Bu məqsədə nail olmaq üçün milli şəbəkənin imkanları ABŞ, Türkiyə və İtaliyanın müvafiq şirkətlərinin iştirakı ilə təhlil olunaraq şəbəkənin gücləndirilməsi tədbirləri həyata keçirilir. Azərbaycanın bərpaolunan enerji sistemlərinin şəbəkəyə inteqrasiyası üçün 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının şəbəkəyə qoşulmasını təmin edən elektrik verilişi xətləri, 500/300 kV-luq “Nəvahi” yarımstansiyası və əlaqələndirici xətlərin tikintisi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Həmçinin şəbəkənin dayanıqlılığını artırmaq üçün 300 MVt-lıq enerji saxlanc sistemlərinin quraşdırılması prioritetlər sırasındadır.

Beləliklə, həm yerli enerji mənbələrinin potensialından daha səmərəli istifadə etmək, həm də enerji təhlükəsizliyini gücləndirmək istiqamətində əhəmiyyətli addımlar atılır. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasının yaşıl enerji potensialı xüsusi əhəmiyyət daşıyır. Sahəsi 7 992 hektara çatdırılan ərazilərdə yeni günəş elektrik stansiyalarının tikintisi üçün yerli və xarici şirkətlərlə birgə layihələrə start verilib. Bu günəş elektrik stansiyaları Naxçıvanda enerji istehsalını beş dəfə artıracaq və yaşıl enerjinin payını əhəmiyyətli dərəcədə yüksəldəcəkdir. “Total Energies”, “Czech Engineering”, “Nobel Energy”, “Masdar”, “ACWA Power”, “China Energy”, və “Notus” kimi beynəlxalq şirkətlərlə keçirilən görüşlər çərçivəsində yaşıl enerji layihələri üçün yol xəritəsi hazırlanır. Yalnız 2024-cü ilin ilk 9 ayında yaşıl enerjinin payı 53%-ə yüksəlib, bəzi aylarda isə ümumi elektrik enerjisinin istehsalı tam olaraq yaşıl enerji hesabına həyata keçirilib.

Göründüyü kimi, ölkədə yaşıl enerjinin sürətlə artan payı və bu sahədəki irəliləyiş Azərbaycanın qlobal enerji bazarında mövqeyini gücləndirməkdədir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Biləsuvar Solar SPV” layihəsi üçün 100 milyon ABŞ dolları, “Banka Solar” layihəsi üçün isə 80 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq. Bu maliyyə dəstəyi Azərbaycanın enerji sektorunda bərpaolunan mənbələrdən istifadənin genişləndirilməsi istiqamətində önəmli bir addım olaraq qiymətləndirilir. Dünya Bankının dəstəklədiyi AZURE layihəsi çərçivəsində aparılan işlər də bu səyləri daha da gücləndirir. “Biləsuvar Solar SPV”, “Banka Solar” və Abşeron külək elektrik stansiyalarının tikintisi AZURE layihəsi çərçivəsində həyata keçirilir ki, bunun ümumi dəyəri 294,5 milyon ABŞ dollarıdır.

Nəticə etibarilə Azərbaycanın gələcək enerji təchizatı strategiyası yaşıl enerjinin maksimum potensialından istifadəni, həmçinin ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atmağı nəzərdə tutur. Sənaye miqyaslı günəş və külək elektrik stansiyalarının qurulması, enerji saxlanc sistemlərinin yaradılması və şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın enerji sektorunda yaşıl enerjinin rolunu artırır. COP29 kimi beynəlxalq tədbirlər çərçivəsində yaşıl enerji layihələrinin tanıdılması ölkənin qlobal səviyyədə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələri sahəsində əhəmiyyətli mövqeyə sahib olmasına təkan verir. Gələcəkdə Azərbaycanın enerji sektorunda dayanıqlıq, səmərəlilik və təmiz enerji payının artması ölkənin inkişaf və enerji təhlükəsizliyi məqsədlərinə daha da yaxınlaşmasını təmin edəcəkdir. Bu yalnız Azərbaycan üçün deyil, həm də region üçün enerji baxımından önəmli bir nümunə olacaq.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər