Siyasət 

Azərbaycan-İran münasibətlərində yenisəhifə – nazirlərin görüşünün pərdəarxası

Tehran Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv münasibət göstərərsə, bu, gələcəkdə münasibətlərin daha dinamik xarakter almasında rol oynaya bilər

Azərbaycan-İran münasibətlərində yeni gəlişmələr müşahidə olunur. Tehranın yanlış siyasəti səbəbindən müəyyən dönəmdə yaşanan gərginliklər dünyada və regionda baş verən hadisələrin fonunda azalmış kimi görünür.

Bir müddət öncə İran və Azərbaycan xüsusi təyinatlılarının birgə təliminin ardınca xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb. Nazirlər Azərbaycan-İran əməkdaşlığından irəli gələn iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi sahələrindəki məsələləri, eləcə də birgə təşəbbüslər və layihələri müzakirə ediblər.

Görüşdə həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasi xətlərinin ən qısa zamanda başa çatdırılmasının və əldə olunan razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bu görüşün ardınca hansı proseslər gedə bilər? Hazırkı mərhələdə Azərbaycan-İran münasibətlərinin yaxşılaşması nə vəd edir? 

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-İran münasibətləri ancaq yaxşı olmalıdır: “Bizim ümumi tariximiz, ümumi mədəniyyətimiz, ümumi dinimiz və min illərlə bu regiona bağlayan çoxsaylı tellər var. Yəni bu baxımdan iki qonşu ölkənin yaxşı münasibətdən savayı başqa variantı qəbuledilməzdir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən, əsasən də 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra İranla yaxşı qonşuluq münasibətlərini həmişə özü üçün xarici siyasətində prioritet istiqamət hesab edib, bu istiqamətdə əməli addımlar atıb. Münasibətlərimizdə bütün məsələlərin həll edildiyi dövrlər də az olmayıb. Təəssüf ki, müəyyən zamanlarda İranın müəyyən dairələri, o cümlədən rəsmi şəxsləri tərəfindən Azərbaycana qarşı təhdid dolu çağırışlar eşitmişik. Ötən il İrandakı səfirliyimizə terror hücumu isə ümumiyyətlə, münasibətlərimiz üçün çox ağır məsələ oldu. Ancaq bütün bu keşməkeşlərə baxmayaraq iki dövlət arasında münasibətlərin artıq yaxşılaşması və əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər gedir. Bunların içərisində hər iki dövlətin xüsusi təyinatlılarının birgə təlim keçməsini xüsusi hadisə hesab edirəm. İki dövlət ilk növbədə hərbi əməkdaşlığa üstünlük verir. Hesab edirəm ki, Azərbaycan və İranın əməkdaşlığı nəinki regiona, dünyada gedən proseslərə də müsbət təsir edə bilər. Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmır, öz ərazisindən İrana qarşı sui-istifadə edilməsinə  heç bir zaman razı olmayıb və İranla münasibətlərin yaxşı olmasına çalışıb. Xarici işlər nazirimizin İranda iranlı xarici işlər naziri ilə görüşməsi dövlətlərimiz arasında münasibətlərin inkişafında yeni bir səhifə açır. Bundan sonra əlaqələrimizin dərinləşəcəyini gözləyirəm”.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, İran-Azərbaycan münasibətlərində həqiqətən son aylarda yeni gəlişmələr hiss olunur: “İranla Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri, İran rəhbərliyinin Azərbaycanın Qərbi ilə Naxçıvan ərazisi arasında komunikasiyaların açılması ilə bağlı nümayiş etdirdiyi mövqe, xarici işlər nazirlərinin bir neçə dəfə görüş keçirmələri və İran-Azərbaycan münasibətlərində xüsusilə də iqtisadi-ticarət aspektlərinin inkişaf etdirilməsi haqda səslənidirilən qarşılıqlı bəyanatlar buna sübutdur. Hər halda, indi İran-Azərbaycan münasibətləri Tehranda Azərbaycan səfirliyinə qarşı terrordan sonrakı bir ilin ərzində olduğu gərginlikdən xeyli dərəcədə uzaqdır. Elə bunun özü yeni bir mərhələnin açıla biləcəyini söyləməyə əsas verir. Əlbəttə, istisna etmək olmaz ki, İranın indiki şəraitdə daha yumşaq və konstruktiv münasibət sərgiləməsi müəyyən qədər impulisiv xarakter də daşıya bilər. Yəni hazırda bölgədə Qərbin, NATO-nun Amerikanın öz aktivliyini mümkün qədər artırmağa çalışdığı bir dövrdə İran fərqinə varır ki, Azərbaycan və Rusiya bu siyasətin, bu müdaxilənin ləngidilməsi və qarşısının alınmasında maraqlıdır. Çünki Qərbin, NATO-nun, Amerikanın bölgəmizə daha aktiv müdaxiləsi birinci növbədə İranın mənafelərinə və tələbatlarına cavab vermir. Bu şəraitdə Azərbaycanın Qərbin müdaxilə təhlükəsinə qarşı nümayiş elətdirdiyi prinsipial mövqe təbii ki, İran üçün cəlbedicidir və İran belə şəraitdə Azərbaycana özünün ən yaxın müttəfiqlərindən biri kimi baxmaq zorundadır. Ancaq İran-Azərbaycan yaxınlaşmasının nə qədər davamlı olacağını bundan sonrakı hadisələr göstərəcək”.

A.Quliyev hesab edir ki, eyni zamanda münasibətlərin və yaxınlaşmanın daha da dərinləşməsi, şaxələnməsi üçün xüsusilə İran tərəfdən bəzi addımların atılması çox vacibdir: “Yaxşı bir haldır ki, İran ərazisindən Arazın sağ sahili ilə Naxçıvana yeni bir kommunikasiya xəttinin açılmasının sürətləndirilməsi İran rəhbərliyinin də siyasətində prioritet kimi elan olunub. Bu yaxşı bir haldır. Ancaq Azərbaycan üçün Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqların hamı tərəfindən, ən azı kimlərə aiddirsə, o ölkələr tərəfindən qəbul olunması çox vacibdir. Bu nöqteyi-nəzərdən Zəngəzur dəhlizi ilə bağlı məsələyə İranın daha konstruktiv münasibət göstərə bilməsi gələcəkdə münasibətlərin daha davamlı və dinamik xarakter almasında rol oynaya bilər. Eyni zamanda İranın regional müttəfiqi sayılan Ermənistanın bu bölgəyə Qərbdən müəyyən qüvvələrin hərbi siyasi intervensiyası üçün şərait yaratmasına İranın prinsipial münasibət göstərməsi çox vacibdir. Məsələn, bəzən anlaşılmaz görünür ki, İran bu bölgədə Qərbin intervensiyalarından nə qədər narazı olmağına baxmayaraq bu yöndə siyasət aparan Ermənistanın fəaliyyətinə xeyli dərəcədə dözümlü yanaşır. Ən azı Azərbaycan və Rusiya qədər buna prinsipial, fəal reaksiya vermir. Əlbəttə, belə məsələlər gələcəkdə Azərbaycan-İran münasibətlərinin daha da dərinləşdirilməsinə müəyyən qədər maneçiliklər törədə bilər. Amma çox yaxşı haldır ki, İran rəhbərliyi münasibətlərdə yeni bir mərhələnin açılmasının zəruri olduğunu qəbul edir və bu bazanın üstündə də yeni mərhələdə münasibətləri yeni pillələrə daşımaq mümkündür. Ancaq münasibətlərin daha da dərinləşməsi istənilirsə, burada İrandan çox şey asılıdır. Tehran müharibədən sonra Azərbaycanın yaratdığı reallıqların qəbul olunmasına xeyli dərəcədə dözümlü yanaşmağı bacarmalıdır”.

Daha çox xəbərlər