Cəmiyyət 

Z nəslinin cib bıçağı

Əgər bir yeniyetmə şagird cibinə bıçaq qoyub məktəbə gedirsə, demək, mütləq bir zibil qaynadacaq. Demək, o uşağın beynində ilan-qurbağa dolaşır, özünü qorumaq, kimisə “nakazat” etmək ehtiyacı duyur.

Bunu yazır və beynimi zora salıb xatırlamağa çalışıram ki, bizim dövrümüzdə cibinə bıçaq qoyub məktəbə gələnlər olurdumu. Bəlkə də olub, amma bıçaqla bağlı insident olduğu yadıma düşmür. Olsa-olsa, belə bir insident olardı ki, dərs hiss müdirimiz Firdovsi müəllim o uşağın qulağından yapışıb itsürütməsi edərdi. Haya gələn Məqsəd müəllim isə cibibıçaqlı şagirdi onun əlindən alar, xirtdəyindən yapışıb havaya qaldırar, divara söykəyərdi. Vallahi, zarafat eləmirəm, məktəbə bıçaq gətirən uşağı pis günə qoyardılar, hələ atasını çağırtdırardılar, bir dövrə də o, oğlunu budaya-budaya aparardı.

Hərçənd biz çölə-bayıra, mal-heyvan otarmağa gedəndə cibimizə bıçaq qoyardıq. Çölçülükdə bıçaqsız, kibritsiz, çomaqsız mümkün deyil. 5-10 metrdən ağaca bıçaq saplamaq kimi yarışmalarımız olurdu. Tomohavk (balta) atan çerokilər (hindu qəbiləsi) kimiydik. “Arxadan zərbə” filmindən təsirlənmişdik. Amma məktəbə bıçaq aparmaq nədi? Mümkünsüz idi.

Ona görə də paytaxtın Səbail rayonunda yerləşən orta məktəbdə 10-cu sinif şagirdinin digər şagirdə bıçaqla xəsarət yetirməsi hadisəsi barədə oxuyanda hiss elədim ki, Z nəslinin düşüncəsi başqadır, biz köhnə nəsilik, belə şeyləri bilmərik.

İndi çox adam məktəb rəhbərliyini, müəllimləri qınayacaq: hara baxırdılar, niyə vaxtında ölçü götürmürdülər, aqressiyaya meyli uşağa nədən nəzarət etmirdilər və sair və ilaxır.

Hamımız da bilirik ki, bu demaqogiyadır. İndi heç bir müəllim xuliqanlıq, intizamsızlıq edən şagirdin qulağını çəkə, üstünə qışqıra, tənbeh edə bilməz. Bu imtiyazı onların əlindən əl birliyi ilə almışıq. Bir az o yan-bu yan edən müəllimin videosunu, şəklini çəkib internetdə yayır, biabır edirik, Təhsil Nazirliyi də adamı müəllimlikdən uzaqlaşdırır. Valideyn və şagird həmişə hağlıdır – marketlərdə, restoranlarda müştərilər həmişə haqlı olduğu kimi.

Bizim müəllimlərimiz isə elə bir gün olmazdı ki, özünü yaxşı aparmayan hansısa şagirdin qulağını çəkməyələr. Amma valideynlərin bir yol məktəbə davaya gəldiyi olmurdu. Çünki o vaxtın qaydası da bu idi: müəllim həmişə haqlıdır.

İndi belə bir xəbər də yayılıb ki, məktəb yoldaşına, rəsmi dildə desək, kəsici alətlə xəsarət yetirən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Əlbəttə, saxlanılmalıdır, cəzasını da necə lazımdır, almalıdır. O, indidən belə başlayıbsa, gələcəkdə nələr edəcək, düşünəndə adamın tükləri biz-biz olur.

Oxumuş adamlar, tarixlə maraqlananlar bilmiş olarlar, yüz minlərlə günahsız, iki o qədər də təqsirkar adamı edam etmiş sövet hökuməti 70 illik tarixində cəmi bir yeniyetməni güllələyib. Andrey Neyland adlı, 15 yaşlı bu yeniyetmə qarət məqsədilə 37 yaşlı qadını və onun 3 yaşlı oğlunu öldürübmüş. İstintaq zamanı Neyland özünü sərbəst aparırmış, tükürpədici etiraflar edirmiş, fikiləşirmiş ki, uşaqdır, 5-10 il cəza verəcəklər, yatıb-çıxacaq.

Amma sovet müstəntiqləri prokurorları, hakimləri bu yeniyetmədə necə bir cani potensialı görüblərsə, cinayət qanunvericiliyinin əksinə olaraq perspektivli qatili tutub güllələyiblər. Neylanda ağır cəza kəsilməsini “zəhmətkeşlər” tələb edib. Daha dəqiqi, partiya-sovet orqanları əmək kollektivlərindən ölkə rəhbərliyinə müraciətlər təşkil ediblər ki, Neylanda ölüm hökmü çıxarılsın. Bildiyiniz kimi, o vaxt xalq nəyi tələb edirmişsə, elə olurmuş. Ona görə də 15 yaşlı cani sonrakı dövlərlərin məşhur “vor-zakon”u ola bilməyib.

Bu hadisədən sonra cinayət aləminə meylli yeniyetmələr və gənclər özlərini bir az yığışdırıblar ki, bu hökumətə etibar yoxdur, uşağın yaşına baxmayıb güllələyirlərsə, bizi də peysərimizdən atarlar, qudurmayaq.

Həddi-büluğa çatmayan canilərin ağır cəzalandırılmaması, yüngülvari cəzalandırılması praktikası bəzi ölkələrdə kriminogen durumun anasını ağlatmaqdadır. İsveçdə yaşayan dostlardan biri danışır ki, bu ölkədə yeni dəb düşüb, kimisə aradan götürtmək istəyəndə 15-16 yaşlı yeniyetmələrə sifariş, silah, 1-2 min avro da pul verir, adamı vurdururlar. Hüquq-mühafizə orqanları yeniyetməni həbs edirlər, amma 2-3 il iş kəsirlər, o da yatıb çıxır və təcrübəli caniyə çevrilir.

İndi demirəm ki, biz cinayət törədən yeniyetmələrə ağır cəzalar verək. Yox. Sadəcə, profilaktika üçün məktəbə bıçaq gətirdiklərində qulaqlarını keçi qulağı kimi buraq, deyək: “Sənin niyyətin nədir, qırışmal?”

Daha çox xəbərlər