İki mənbədən pensiya almaq – özəl pensiya fondları yaradılır
İqtisadçı deyir ki, bu yenilik uç istiqamətdə mənfəətlidir; Deputat: “Vətəndaşlar üçün pensiya məbləğinin artması və…”
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Bu barədə mediaya sığorta bazarındakı mənbədən bildirilib. Məlumata görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyəti qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.
Məlumata görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.
Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vasitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vasitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.
Bəs özəl pensiya fonduna vətəndaşlar tərəfindən ödəmələr necə həyata keçiriləcək? Misal üçün, ayda nə qədər ödəniləcək? Vətəndaş konkret neçə ildən sonra ödədiyi məbləği tam götürə bilər?
Vüqar Bayramov
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Özəl pensiya fondunun yaradılması məsələsi uzun müddətdir ki, müzakirə olunur və məlumdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması istiqamətində işlərin aparıldığını bildirib. Bu da o deməkdir ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün ilkin mərhələdə addımlar artıq atılıb.
Özəl pensiya fondları ümumilikdə inkişaf etmiş ölkələrdə geniş yayılıb və bu fondlar vətəndaşlara həm dövlət, həm də özəl pensiya fondlarında yığım etmək imkanı təqdim edir. Bu, vətəndaşlara pensiya yaşı dövründə daha yaxşı sosial təminat əldə etmək üçün əlavə bir mexanizm təklif edir.
Məsələn, əgər vətəndaş həm dövlət pensiya fonduna ödəniş edirsə, həm də uyğun olaraq özəl pensiya fondu ilə əməkdaşlıq edib ödəniş edirsə, bu halda vətəndaş pensiya yaşı tamam olduqda əlavə üstünlüklər əldə edə bilər. Tutaq ki, onun dövlət tərəfindən təyin edilmiş pensiyası 500 manatdırsa, özəl pensiya fondundan əlavə 300 manat ala bilər. Beləliklə, onun ümumi pensiya məbləği 500 deyil, 800 manat olacaq. Bu isə vətəndaşlar üçün pensiya məbləğinin artması və iki mənbədən pensiya almaq baxımından çox əhəmiyyətlidir. Xüsusən pensiya yaşında həmin vətəndaşın pensiya təminatının gücləndirilməsinə və ümumilikdə sosial müdafiə təminatının möhkəmlənməsinə imkan yaradacaq. Təbii ki, konkret olaraq qanun layihəsi təqdim olunduqdan sonra daha detallı məlumatları bölüşmək mümkün olacaq. Amma ümumilikdə, özəl pensiya fondlarının yaradılması, pensiyaçıların sosial təminatının gücləndirilməsi baxımından vacibdir”.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Minimum əmək haqqı səviyyəsi ilə pensiyaların həcmi az olur. Ümumiyyətlə, hökumət pensiyanın məbləğini, misal üçün, 280 manatı daha da artıra bilər. Amma bunu edə bilmir, çünki imkanı yoxdur. Pensiya ödənişləri məcburi ödənişlərdir, daima verilməlidir. O ki qaldı özəl pensiya fonduna, bununla bağlı hələ ki qanun layihəsi olmadığından, sadəcə, dünyada olan təcrübədən danışa bilərik. Dövlət onsuz da bütün vətəndaşlarına minimum pensiya təminatını həyata keçirir. Bir də imkan olur ki, vətəndaşlar könüllü özəl pensiya sistemində iştirak etsin. Bu da heç kimə hədiyyə olunmur. Yenə də maaşınızdan müəyyən rəqəmlər ödənilir. Özəl pensiya fondlarına üzv olmaq da könüllülük əsasında olur. Misal üçün, icbari pensiyada maaşımızdan 3 faiz tutulur. Amma özəl pensiya fondlarında artıq seçim olur. Qərbdə belədir ki, əmək bazarı işçilərin xeyrinə olduğuna görə bəzi işverənlər işçi cəlb etmək üçün özəl pensiya təkliflərini də irəli sürürlər. Amma Azərbaycanda iş tapmaq problemi var. İqtisadiyyat zəifdir. Neft sektorunda işləyənləri çıxmaq şərtilə özəl sektorda fəaliyyət göstərən təşkilatlar inanmıram ki, işçi üçün özəl pensiya təklifi versin. Bu, bizim bazar üçün real deyil. Necə ki “Həyat” sığortası üçün seçim edirlər, iştirak edək-etməyək, özəl pensiya sistemində də bu cür olacaq. Amma “Həyat” sığortası üç illik bir mexanizmdir, yığım sığortasıdır. Özəl pensiyada isə bu daha uzunmüddətli olacaq və şərtlər bir az fərqli olacaq. Özəl pensiya fondunun üstünlüyü odur ki, vətəndaş pensiya yaşına çatanda ola bilsin məbləği tam götürsün, yaxud da pensiya yaşına çatanda həmin fond ona əlavə pensiya ödəsin. Özəl pensiya fondu könüllü olacağına görə burada hökumət daha rahat çevikliklər təqdim edə bilər. Qanun layihəsi açıqlananda görəcəyik bunu. Pensiya yaşına çatanda böyük məbləğ alırlar, bununla yatırım edə, dünya səyahətinə çıxa bilirlər. Amma özəl pensiya fondu bunu özü deyil, bizdən topladığı pullar hesabına verəcək. Üstünlüyü odur ki, dövlət nəzarət edəcək, insanlar risk etməyəcək. Bunu peşəkar menecerlər idarə edəcək. O pul peşəkar menecerlər tərəfindən yatırımlar ediləcək. Yəni uzunmüddətli investisiyadır. Dövlət nəzarətində xüsusi lisenziya şərtləri altında olacaq. Necə ki Neft Fondu idarə olunur, bu cür fikirləşə bilərik. Yəni özəl pensiya fondunu olması üç istiqamət üzrə müsbət sayılır: birincisi, vətəndaşın gələcəyi üçün yatırım baxımından alternativ imkan olacaq. İkincisi vətəndaşın başına iş gəlsə, bu fonddan vəsait varislərinin hesabına keçəcək. Üçüncüsü isə bu fondu toplayan istitusional fondla ciddi surətdə biznesin maliyyə mənbəyinə çevriləcək. Bu maliyyə bazarı üçün, iqtisadiyyat üçün əhəmiyyətlidir”.