QANLA YAZILMIŞ GECƏNİN ŞAHİDLƏRİ
Yanvarın 19-dan 20-nə keçən gecə…
Qapının ağzında evdən çıxmaq üçün hazırlaşırdım. Tələsik ayaqqabılarımın bağını bağladım. Kimsə ilə sağollaşmaq istəmirdim. Bilirdim ki, getməyimə heç kəs razı deyil. Birdən həyat yoldaşım otaqdan çıxıb yaxınlaşdı. Titrək səsi məni fikirlərimdən ayırdı. Qucağında körpəmizi bərk-bərk tutmuşdu. Göz yaşlarını saxlamaq üçün özünü zorla ələ alırdı. Üzünə baxmamağa çalışırdım, amma səsinin əsdiyini hiss etmək çətin deyildi:
– Getmə, xahiş edirəm! Uşaqlarımıza bax, məni düşün. Sənə bir şey olsa, biz nə edərik?
Sözləri ürəyimi didib-parçaladı. Körpəmizin kiçik əlləri üzümə tərəf uzandı, sanki “getmə” demək istəyirdi. O an içimdə bir döyüş başladı – ailəm, yoxsa xalqım? Cəsarətimi toplayıb həyat yoldaşımın gözlərinə baxdım və qətiyyətli bir səslə dedim:
– Əgər bu gün getməsəm, sabah onların üzünə necə baxaram? Mən azadlığı onlara miras qoymaq üçün gedirəm. Dönməsəm belə, bil ki, bu körpələr azad bir ölkədə böyüyəcək.
Onun gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Heç nə demədi, başını aşağı salıb körpəsini daha bərk qucaqladı. Səssizliyi həmin an mənə verdiyi ən böyük dəstək idi. Evdən çıxanda balaca qızım dəhlizin sonunda üzərimə yüyürərək qucağıma tullandı.
– Ata, qayıdanda mənə şirinquş alarsan, alacaqsan? Söz verirsən?
Həmişə belə edirdi. İstədiyi tək şey şirinquş idi. Mən də həmişə söz verərdim və şirinquşsuz evə gəlməzdim. Üzümdə yüngül bir təbəssümlə:
– Mütləq, qızım, – deyib, balaca yanağından öpdüm və onu yerə qoydum.
Amma bu dəfə verdiyim sözü tuta biləcəyimə əmin deyildim. Onun bu arzusunu yerinə yetirə bilsəm, demək ki, sağ qalmışam…
Yanvar ayının soyuq günləri idi. Amma içimdə qəribə bir istilik vardı. İnsanlar küçələrə yığılmışdı. Bir-birini tanımayan bu insan kütləsini birləşdirən tək şey vardı: azadlıq yanğısı!
Meydanlara çatanda, ürəyimdəki qorxunun yerini bir cəsarət aldı. İnsanın ortasında özümü güclü hiss edirdim. Hər tərəfdən “Azadlıq!” səsləri yüksəlirdi. Sanki hamımız bir nəğməni oxuyurduq – bizi eyni arzu birləşdirmişdi. Bir neçə saata meydanda minlərlə insan yığıldı. Hamının amalı, məqsədi bir idi: azad, suveren Azərbaycan.
Amma çox keçmədi ki, meydana çaxnaşma düşdü. Əliyalın, ürəyi silahlı insanların üzərinə tanklar yürüdü. Mən həm qızımın sözlərini, həm də öz sözlərimi xatırladım. Burada olan hər kəsin canını azadlıq uğrunda sədəqə verdiyini anladım.
Tankların gurultusu uzaqdan eşidiləndə ürəyim sürətlə döyünməyə başladı. O an hər şey bir film kimi yavaşladı. Ətrafımdakı insanların sifətləri bir-bir yaddaşıma həkk olunurdu – gənc oğlanın qəzəbdən alovlanan baxışları, yaşlı kişinin dua pıçıldayan dodaqları, qucağında körpəsini bərk-bərk sıxan o qadın… Və mən… Bu insan selinin içində özümü çox kiçik hiss edirdim. Amma eyni zamanda onların bir parçası olmaq mənə güc verirdi.
– Gəlirlər! Üstümüzə gəlirlər! – insanların hayqırtısını və tankların gurultusunu eşitdim. Üzlərdə qorxu ilə cəsarət birləşmişdi. Biz güllə yağışının ortasında azadlıq nəğməsi oxuyurduq. Silahımız sözümüz idi. Atılan güllələr insanları bir-bir yerə sərirdi. Onların silahı bizim silahımızdan güclü ola bilərdi. Amma cəsarətimizdən əlsa… Onlar cismimizi yerə yıxdılar, ideallarımızı ucaltdılar. Biz o nəhəng tankların qarşısında sipər olduq – qaçmadıq, əliyalın durduq.
Çox keçmədi, ayağımda bir acı hiss etdim. Vurulmuşdum. Dizim büküldü, çökdüm. Yerə yıxıldım. Hər tərəf qan içində idi. Fəryadlar yüksəlirdi. Qulaqlarımda xışıltı yarandı. Amma baş verənləri görürdüm. Özümü toparlayıb ayağa qalxmağa çalışdım. Olmadı. Lənətə gəlmiş güllə topuğumu deşmişdi.
Qışqırıqlar səssizliyə qarışdı. O gecə zaman da donmuşdu. Gözlərimlə tankların irəlilədiyini, insanların yerlə bir olduğunu, asfalta axan qanı izləyirdim.
Səhər açılanda qanlar qərənfillərlə örtülmüşdü. Küçə cansız bədənlərlə dolu idi. İnsanlar cəsədlər arasında yaxınlarını tapmağa çalışır, ağlayır, fəryad edirdi. Mən isə tərpənə bilmirdim. Yaramdan axan qan dayansa da, içimdəki ağrı dinmirdi. Özümü həm sağ qaldığım üçün günahkar, həm də hər şeyi görüb heç nə edə bilmədiyim üçün zəif hiss edirdim.
Bu gün hər dəfə övladlarıma baxanda bir şeyi anlayıram:
– Azadlıq bizə bir hədiyyə deyil. Onu qazanmaq üçün savaşmalıyıq. Mən o gecə gələcəyimiz üçün mübarizə aparmağa çalışdım.
Sonralar hər dəfə ayağımdakı izə baxanda həmin qanlı gecə gözümün qarşısında canlanır. Deyirlər ki, zaman hər şeyi sağaldır. Amma bu cür ağrılar sağalmır. Onlar yalnız bizə kim olduğumuzu, nə uğrunda mübarizə apardığımızı xatırladır.
Bu gün 20 Yanvar gününü xatırlayanda, itirdiklərimiz üçün ağlayıram. O gün bizə öyrətdi ki, azadlığın dəyəri ağırdır. Mən sağ qaldım, amma itirdiklərimiz əbədi olaraq qəlbimdədir.
Həyat yoldaşım hər dəfə o gecəni xatırlayanda başını aşağı salır. Bir dəfə belə dedi:
– Nə yaxşı ki, o gecə mənə qulaq asmadın…
Onun gözlərində qürura bürünmüş kədər gördüm. Mən yalnız sağ qalan biri deyiləm. Mən o gecənin dəhşətlərinin şahidiyəm. Hər nəfəsim o qanın içində doğulan azadlığa həsr olunub.
O gecə hələ təzəcə 4 yaşı tamam olmuş qızcığazın xatirələrindən….
Nigar Mahi Qanla yazılmış gecənin şahidi