Sabitlik, düşünülmüş siyasət, dünyaya açıqlıq
Dövlət başçısı İlham Əliyev Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfələrindən bəhs edərkən bu mühüm amilləri xüsusi vurğulayır
Prezident İlham Əliyev böyük əminliklə bu çağırışı edir ki, Azərbaycan yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır: «Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir.»
Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Ən əsası ölkəmiz dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitini vacib amil kimi öndə saxlayır. Bu gün Azərbaycanın əvəzolunmaz ölkə kimi tanınmasını və nüfuz qazanmasını şərtləndirən əsas amillər də məhz düşünülmüş və məqsədyönlü siyasət nəticəsində dayanıqlı iqtisadi inkişafa malik olması, dünyaya təkmil inkişaf modelini təqdim etməsi, eyni zamanda, daim ədalətin və beynəlxalq hüququn yanında olmasıdır. «Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq» söyləyən cənab İlham Əliyev, həmçinin bildirir ki, kim bizə müraciət edir, çalışırıq o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya, bir tərəfimiz isə Avropaya uzanır. Bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir.
Dövlətimizin başçısı İlham Əliyev bunun üçün sadəcə olaraq, xəritəyə baxmağın kifayət etdiyini bildirir. Bu halda hər kəs görəcək ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq bu əminliyimizə əsas verir. Azərbaycan yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Bunu Azərbaycan bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən etdi. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil: «Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir – 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz? Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan.»
Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Prezident İlham Əliyev bu fikri böyük əminliklə qeyd edir ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.
Dünya Azərbaycanın müstəqil siyasət yürütlüyünün istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bir daha şahidinə çevrilib. Dünyanın ən yüksək tribunalarından Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz mövqeyini bəyan edən cənab İlham Əliyev bildirirdi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik. Bunun üçün 44 günlük ikinci Qarabağ müharibəsinin, həmçinin 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirlərinin gedişi dövründə Azərbaycanın qarşıya qoyduğu şərtlərə və onlara qarşı tərəfin əməl etməsinə diqqət yetirmək kifayətdir. Vətən müharibəsinin getdiyi zamanda Azərbaycana nə qədər təzyiqlər göstərildi. Lakin dövlət başçısı İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirdi, hansı şərt daxilində müharibəni dayandıra biləcəyimizi açıqladı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi kimi dəyərdirilsə də, bunun son olmadığı bildirildi. Bu baxımdan ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi əsas hədəf idi. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmağa səy göstərsə də Ermənistanın havadarlarının göstərişləri əsasında atdığı addımları davam etdirməsi, sözügedən Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək barədə düşünməməsi, hərbi təxribatların müntəzəm xarakter alması dövlətimizin, xalqımızın növbəti dəfə səbir kasasını doldurdu. Bir günlük lokal antiterror tədbirləri Azərbaycan dövlətinin qətiyyətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücünün, qüdrətinin nümayişi oldu. Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə «Konstitusiya və Suverenlik ili» elan edilməsi keçilən Zəfər yolunun təqdimatında əhəmiyyətli rol oynayır.
Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur ki, Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu uğurlara yol açan mühüm amillərdən biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünya güclərinin ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
Ötən ilin noyabr ayında dünyanı Bakıya toplayan COP29 Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatında növbəti platforma oldu. Liderlər Sammitindəki çıxışlarda diqqət bu gün Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə yönəldilərək ölkəmizə Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edildi. Vurğulandı ki, Azərbaycan öz şəhərlərini yenidən bərpa edir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. O da bildirildi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.
Hər bir dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunu şərtləndirən mühüm amillər mövcuddur. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatına 4 il ardıcıl olaraq yekdilliklə sədr seçilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsil olunması, eləcə də 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuz və qüdrətinin göstəricisidir. Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirilən COP29 uzun illər ərzində qurulmuş səmərəli münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsi kimi dəyərləndirildi. Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz təbii resurslarla zəngin ölkədir. Onlardan səmərəli istifadə etibarlı, arzuolunan tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Bu resurslar yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir. Azərbaycanın bu əməkdaşlıq formatlarının müəllifi kimi çıxış etməsi ölkəmizin xarici siyasətinin təqdimatında öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Yeni əməkdaşlıq formatları yaradıldı, enerji layihələri gündəmə gətirildi, icrasının uğurla başa çatdırılması üçün ciddi addımlar atıldı. Bu reallıq beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, Azərbaycanın iqştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihlərinin hər biri uğurlu sonluqla başa çatdırılır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı 2020-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TAP istifadəyə verildi. Cənab İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin başlandığı ilk gündən bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməlidir. Heç bir sosial layihə təxirə salınmayacaq. Azərbaycan həmin illərdə iqtisadi artımı ilə diqqətdə oldu. İslahatlar prosesi daha da dərinləşdirildi. Özünüməşğulluq proqramı uğurla icra edildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıldı. Bütün bunlar ölkəmizin dayanıqlı iqtisadi inkişafınan, sabitliyin yol açdığı uğurların təqdimatı kimi dəyərləndirildi.
Azərbaycanın dayanıqlı inkişafı COP29-un Liderlər Sammitində də xüsusi qeyd edildi. Hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri də ölkəmizin iqtisadi və maliyyə imkanları ilə yanaşı, müstəqil siyasətinin nümayişidir. Azərbaycan bu sahədə də ilkə imza atdı. Belə ki, tarixi Zəfərimizdən sonra Azərbaycan dərhal bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixinə yeni səhifə yazdı. Müharibə başa çatan kimi bərpa işlərinə başlamaq tarixdə görünməyən hadisə oldu. 4 ildə 5 şəhərin, 4 kəndin sakinlərinə qovuşması, həmçinin cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bərpa-quruculuqla bağlı açıqladığı hədəflərin reallaşdırılmasının nəzərdə tutulması mühüm məqamların açıqlamasında yardımçıdır. «Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur» söyləyən cənab İlham Əliyev bu hədəfi qarşıya qoyub ki, 2026-cı ilədək, yəni Böyük Qayıdış Proqramının birinci mərhələsi başa çatana kimi 140 min sakin doğma yurd-yuvasına qayıtmalıdır.
Azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılır. O da qeyd edilir ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqyası bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.
Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. 2022-ci ildə Ağdamda, 2023-cü ildə isə Zəngilanda Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də bunun bariz nümunəsidir. Tədbir üçün məhz bu şəhərlərin seçilməsi təsadüfi deyildi. Dövlətimizin başçısı İlham Əliyev Milli Şəhərsalma forumlarında bu reallıqları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.
Onu da qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibliyi etməsinə dair saziş imzalayıb. COP29-un ardınca Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi iqlim dəyişikliyi ilə mübarizədə, şəhər quruculuğunda sülhə və əməkdaşlığa xidmət edir. Son illər ərzində paytaxtımızda və Azərbaycanın digər bölgələrində şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartların tətbiq edilməsi ilə davamlı inkişaf təmin edildi, bu sahədə irimiqyaslı layihələr gerçəkləşdirildi. Bütün bunlar Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin ölkəmizin beynəlxalq səviyyədə aparıcı mövqelərdə qərarlaşmasının daha bir göstəricisi olduğunu bir daha sübut edir.
Azərbaycana bu gün hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir.
Azərbaycan dünyaya açıq ölkədir. Sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları dövlətimizin xarici siyasətində əsas yer tutur. Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində yeni dünya nizamının formalaşmasından bəhs edərkən bildirdi ki, ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır: «Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq. Amma gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır.»
Təhlillər belə bir ümumiləşdirməyə əsas verir ki, son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinə müsbət təsir göstərib. Hazırda İsveçrədə 55-ci Dünya İqtisadi Forumunda iştirak edən dövlətimizin başçısı İlham Əliyevin qarşı tərəflərin müraciəti əsasında keçirdiyi görüşlərin say tərkibi, aparılan müzakirələr Azərbaycanın mövqeyinə verilən önəmin əyani göstəricisidir. Hər bir görüş Azərbaycanın liderliyini təsdiqləyən fikirlərlə diqqətdədir. Həmin görüşlərdə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə də xüsusi diqqət yönəldildi. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşü xüsusi diqqət çəkdi. Belə ki, söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərildi və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürükləndi. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirdi.
Azərbaycan hər zaman dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, müstəqil siyasətini uğurla davam etdirir və qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur. Son 4 ildə Azərbaycanın Zəfərdən Zəfərə doğru inamla addımlaması bunun bariz nümunəsidir. Liderlik və düşünülmüş siyasət amilləri ölkəmizin dayanıqlı inkişafında öz sözünü deyir. Dövlətinin, xalqının gələcəyini düşünən liderin daim irəliyə doğru addımlar atması qaçılmazdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 21 ildə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın bugününün və gələcəyinin təqdimatıdır. Onu da qeyd edək ki, bu günlərdə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze də mətbuata bəyanatında Azərbaycanın liderliyindən məmnunluq hissini belə ifadə etdi: « Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur.» Reallığı özündə ehtiva edən bu kimi fikirlər, rəylər saysız-hesabsızdır.
Yeganə Əliyeva, «İki sahil»