Dünyamızı risk və təbii fəlakətlərdən qoruyaq!
Ənənəvi olaraq hər il keçirilən, dünya iqtisadiyyatının qlobal problemlərinin həlli üçün platforma olan Davos İqtisadi Forumu (WEF) bu il də maraqlı məqamları ilə diqqət çəkdi. 2025-ci ilin Dünya İqtisadi Forumu iqlim dəyişikliyi və iqtisadi qeyri-müəyyənlikdən tutmuş artan geosiyasi gərginliklərə qədər yüksələn qlobal problemlərin fonunda keçirilir. Mövzusu «Ağıllı əsr üçün əməkdaşlıq!» olan bu ilki Forum müasir dünyamızda cərəyan edən mürəkkəb hadisələrdən birgə çıxış yollarının axtarılmasına həsr olunub. Şərtlər və tələb budur: Beynəlxalq əməkdaşlıq bu gün daha vacibdir!
Nüfuzuna görə böyük reytinq qazanan Davos İqtisadi Forumunda ilk dəfə 1995-ci ildən təmsil olunan Azərbaycan 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir. Forum çərçivəsində təşkil olunan panellərdə ölkəmizdə baş verən yenilikləri, aparılan sosial-iqtisadi islahatlari, qazanılan uğurları sadalamaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən Prezident İlham Əliyev həmkarları, dünyanın tanınmış şirkətlərinin başçıları ilə görüşlərində də qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan bəhs etmişdir. 2013-cü ildə Bakıda Davos Forumunun keçirilməsi isə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana beynəlxalq səviyyədə diqqətin ifadəsi idi.
…Xatırladaq ki, Davos Forumu yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Həmin forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Ulu Öndər Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib.
Bu ilki Forumda enerji ilə təchizatın davamlılığı və təhlükəsizliyi aktual problem kimi geniş müzakirə olunur. Azərbaycanın təşəbbüsü olan Yaşıl enerji gündəliyinin günümüzün əsas prioritetinə çevrildiyi müasir dövrümüzdə müzakirələrin genişlənməsi təbiidir. İllərdən bəri Avropa bazarının etibarlı enerji təchizatçısı olan ölkəmizdə sürətlə davam edən yaşıl enerji istehsalına keçidlə bağlı təşəbbüslər Forum iştirakçılarının diqqəti cəlb edir.
Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, münaqişələr fonunda baş tutan bu ilki Davos Forumunda geosiyasi parçalanmalara da aydınlıq gətirilir. Ukraynada hələ də davam edən müharibə nəticəsində Rusiya qazının Avropaya çatdırılmasında yaranan problemlər, qlobal ticarət, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çətinliklərin aradan qaldırılması yolları müzakirə olunur. Forum çərçivəsində maraqlı görüşlər keçirən, beynəlxalq ictimaiyyəti narahat edən məsələlərə obyektiv, təhlili yanaşma tərzi ilə seçilən Prezident İlham Əliyev terrordan da güclü təsirə malik ikili standartların hələ də mövcud olduğu, qüvvələr nisbətinin dəyişildiyi dünyamızda baş verən hadisələrə məntiqli açıqlamaları ilə aydınlıq gətirdi.
Forum çərçivəsində ən çox görüş keçirib, müzakirələr aparan Prezident İlham Əliyevin bu sahədəki üstünlüyü də diqqəti cəlb etdi. Bu görüşlərdə enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu yüksək qiymətləndirilir. Qlobal enerji layihələrinin şaxələndirilməsinin artdığı müasir dövrümüzdə neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyi möhkəmlənən Azərbaycanın yeni tranzit yollarının açılmasında göstərdiyi səylər yüksək dəyərləndirilir.
Qlobal iqtisadiyyatın yeni istiqamətlər üzrə formalaşması üçün yolların müəyyənləşdirildiyi Forumda dünya siyasətinə, beynəlxalq münasibətlərə təsir imkanları artan məsələlər də müzakirə olunur, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakterli çağırışlar səsləndirilir. Qlobal iqtisadi böhranların, iqlim dəyişikliklərinin yaratdığı fəsadların, ərzaq çatışmazlığı problemlərinin aradan qaldırılması üçün ciddi müzakirələrin aparıldığı Forumda enerji təhlükəsizliyi ilə bağlı müzakirələr daha çox diqqəti cəlb edir.
Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən Prezident İlham Əliyevin «Azərbaycan iqtisadiyyatının gələcəyi»” mövzusundakı məqaləsi tərəqqi yolu ilə inkişaf edən ölkəmizə baxış olmaqla qüdrətli dövlətimizin uğurlarının təqdimatı baxımından da əhəmiyyətlidir. Məqalədə qeyd olunduğu kimi, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, qlobal böhran şəraitində belə iqtisadiyyatını mənfi meyillərdən maksimum dərəcədə qoruyan Azərbaycanın nailiyytlri xüsusilə diqqət çəkir. Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir. Yerli istehsala göstərilən diqqətin, aparılan islahatların nəticəsidir ki, ölkəmizdə biznes mühiti daha da yaxşılaşdırılır, iqtisadi islahatlar özünü doğruldur. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə dünyada 40-cı, MDB məkanında isə yenidən birinci yerə layiq görülmüşdür. Azərbaycanın irəli sürdüyü təşəbbüs və reallaşdırdığı layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dörd seqmentdən ibarət Cənub Qaz Dəhlizi”nin reallaşması ilə bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Hazırda Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə Anlaşma Memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir. Tarixi İpək Yolunun üzərində formalaşan qlobal nəqliyyat infrastruturnun coğrafiyasının genişlənməsində də Azərbaycan öndərliyini qoruyur.
Məqalədə qeyd olunduğu kimi, Azərbaycanda müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan «Azerspace-1»” və «Azersky”» peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün «elektron hökumət»” quruculuğu istiqamətində işlər davam etdirilir. «ASAN xidmət”» mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilir. Respublikamızın bu təcrübəsi artıq bir neçə ölkədə tətbiq olunub.
Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırılır. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir. Forumda ölkəmizdə keçirilən COP29-un uğurlarından bəhs olunub.
Bu ilki Forumda «COP30-a gedən yol» mövzusunda panel müzakirələri də aparılıb. Rəsmi Pekinin yeni dəmir yolu layihəsi olan və Xəzər dənizinə yönələn Çin-Qırğızıstan-Özbəkistan layihəsini göstərən, təşəbbüsün regional əhəmiyyətini «Orta Dəhlizin parlaq gələcəyi var!» sözləri ilə ifadə edən Prezident İlham Əliyev mütərəqqi ideyalara tərəfdar olmaqla, onların reallaşmasına dəstək verib. Çünki yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malik «Bir kəmər, bir yol»” layihəsinin əsas mahiyyəti dövlətlərarası münasibətləri möhkəmləndirməkdir. Bəllidir ki, Azərbaycanda yaşıl enerji üçün böyük potensial, Çində müasir dövrün tələblərinə uyğun texnoloji nailiyyətlər mövcuddur. Bu səylərin birləşdirilməsi ilə Azərbaycanın enerji ixracı artacaq.
WEF 2025-də diqqətçəkən süni intellektin (İİ) sürətli inkişafı və onun etik nəticələridir. Bildirildi ki, bərabərsizlik hallarının artdığı dünyamızda iqlim dəyişmələrinə qarşı mübarizədə birgə iştirak bu gün daha önəmlidir.
Bu il Davosda Qlobal Cənub ölkələri güclü bəyanatlar verərək inkişaf etmiş ölkələri iqlim dəyişikliyinin azaldılması tədbirlərini maliyyələşdirməyə və yaşıl texnologiyalara bərabər çıxışı təmin etməyə öhdəliklərini yerinə yetirməyə çağırdılar. Afrika liderləri, kifayət qədər investisiya təmin olunduğu təqdirdə, qitənin bərpaolunan enerji və rəqəmsal transformasiya üçün güclü bir mərkəz potensialını vurğuladılar. Məntiqi nəticə budur ki, Davos 2025 dərinləşən parçalanmalar fonunda planetimizdə sabitliyə nail olmağın yollarının dəyişilməz olduğunu bəyan edir: Birlik və həmrəyliyi möhkəmləndirməklə, dialoqları artırmaqla, humanitar təşəbbüsləri dəstəkləməklə, enerji əməkdaşlığını, texnoloji nailiyyətləri genişləndirməklə, inklüzivliyin təşviqi vasitəsilə parçalanmış dünyamızı xilas edək!
Xuraman İsmayılqızı, «İki sahil»