Cəmiyyət 

“Yaponiyada zəlzələ, Sibirdə 60 dərəcə şaxta, Çində daşqın olacaq” – hipermüdhiş proqnozlar

Bəlkə də bu son iki ildə Zirəddinin proqnozlarına dair yazdığım 5-ci yazıdır. Çox olar ki, az olmaz. Bu o üzdən belədir ki, adam ildə 4-5 dəfə cəfəng-cəfəng proqnozlar verir və milli mediamız həvəslə onun absurd proqnozlarını dərc edir.

Mən də, yekə çıxmasın, xalqın əli qələm tutan övladı (özüm bilə-bilə “ziyalı” yazmadım, o sözün çürüyünü çıxarıblar) olaraq özümə borc bilirəm ki, bu yalanların ayaq tutub yeriməsinə mane olum. Ən azı, bir badalaq məndən.

Z.Rzayev özünə son vaxtlar “ekstrasens”lə yanaşı, “kliniki psixoloq” adı da götürüb, ancaq oxumuş adamlar deyirlər ki, kliniki psixoloq olmaq üçün 4 il bakalavr, iki il də magistratura oxumaq lazımdır. Tibb universitetini bitirmədən həkim, hüquq fakültəsini qurtarmadan hüquqşünas olmaq mümkün olmadığı kimi, bu iş də belədir.

Bunlar heç. O bilər, onu həkim bilib ona müraciət edənlər bilər. Əsas mövzu predmeti adamın verdiyi proqnozlardır.

Zirəddin deyir ki, öncədən verdiyi zəlzələ proqnozu daha çox Orta Asiya ölkələri, o cümlədən Çin, Tayvan, Malaziya, Yaponiya, İndoneziyaya aid olub.

“Ekstrasens” beləcə də deyib: “Mən Mərkəzi Asiya və Avropa qitəsində yerləşən ölkələri təbii fəlakətlər gözlədiyi haqda proqnoz vermişdim. Buna zəlzələ, qasırğa və daşqınlar daxildir. Elə ən çox da daşqınlar olacaqdır”.

Pah! Proqnozun dəqiqliyinə baxın! Ona qalsa mən daha müdhiş proqnozlar verə bilərəm Sibirdə qar yağacaq, 60 dərəcə şaxta olacaq!; Ərəbistan səhralarında qum fırtınası olacaq!; Tayvan, Okinava, Yaponiya, Koreya, Şərqi Çində musson yağışları yağacaq!

Hətta mən olacaqları bir az da dəqiqləşdirə bilərəm: Sibirdə qarlı-şaxtalı hava noyabrdan aprel ayına qədər davam edəcək, 60 dərəcədən çox şaxta isə konkret olaraq Oymyakon qəsəbəsində qeydə alınacaq, Ərəbistan səhralarında qum fırtınası erkən yazda müşahidə olunacaq. Tayvan və Okinavada musson yağışları mayi-iyun aylarında, Yaponiya və Koreyada iyun və iyulda, Şərqi Çində isə iyul və avqustda yağacaq. Dəqiq. İnanmayan otursun, gözləsin, elə olmasa, yazsın, etiraz eləsin.

Yüz faiz əmin edirəm ki, belə olacaq. Çünki min illərdir belədir. Araz və Həkəri çayları min illərdir necə axırsa, yuxarıda deyilən təbiət hadisələri də həmişə o yan-bu yan olmadan (uzağı 1 gün fərq edə bilər) baş verir. Bunu bilmək üçün nə Nostradamus olmaq lazımdır, nə də Vanqa. Heç meteoroloq da olmaq lazım deyil. Aksiomadır bu. Olmasa, fenomenal hal sayılar.

Zəlzələlər də təbiət hadisəsidir. Bəzən deyirlər ki, yox, zəlzələni proqnozlaşdırmaq olmur. Elə deyil. Bal kimi olur. Bizim proqnozlaşdıra bilmədiyimiz 6-7 baldan yuxarı olan dağıdıcı zəlzələlərdir. 5 baldan aşağı olanları ümumi şəkildə proqnozlaşdırmaq olur. Ən asanı isə 3 ballıq zəlzələləridir. Onlar hər 3 dəqiqədən bir olduqları üçün proqnoza yaxşı gəlirlər. Bax, siz bu yazını oxuduğunuz vaxtda ən azı 2 dəfə 3 ballıq zəlzələ oldu, stansiyalar qeydə aldı, amma siz bilmədiniz.

Elə ölkələr var ki, orada ildə 730 dəfə 4 və daha yüksək ballıq zəlzələlər olur. Məsələn, Türkiyə, Nepal, Yaponiya, Çin, İndoneziya, İran belə ölkələrdəndir. Bu il bu ölkələrdə tüz faiz zəlzələ olacaq. Bu da daha bir proqnoz olsun.

Zirəddin isə deyir ki, Azərbaycanda aprel, may, iyun və iyul ayları seysmoloji cəhətdən aktiv aylardır və yeraltı təkanlar baş verə bilər. Əlbəttə, baş verə bilər. Sən zəlzələnin gününü, maqnitudasını, episentrini de.

Yoxsa “mən demişdim, Türkiyədə zəlzələ olacaq” söhbətinin yeri yoxdur, bununla “bomba ekstrasens” olmaq olmaz. Biri də çıxar Yaponiyada zəlzələ olacağına dair 1 ay əvvəl verdiyi proqnozun skrin-şotunu qoyar ortaya.

Əvvəlki yazılarımda yazmışam, yenə təkrar edirəm: Çində kömür şaxtasında çökmə, Hindistanda qatar qəzası, Banqladeşdə bərə batması, İtaliyada vulkan püskürməsi, İsveçrədə qar sürüşməsi, bütün qitələrdə daşqınlar, Amerikada tornadolar və sair bu kimi texnogen qəzalar və təbii fəlakətlərin olacağını öncədən demək Allah vergisi-filan deyil. Bunlar həmişə olub və olacaqlar. Amma o olacaqları günüylə, saatıyla, şiddətiylə öncədən demək başqa məsələ, bunu deyə biləcək vergili ekstrasenslər varsa, dursunlar qabağa.

Yoxsa iyul-avqust aylarında Kürdəmirdə isti olacağı, havanın hərarətinin 40-ı keçəcəyini demək legitim proqnoz deyil. Bu o vaxt proqnoz olardı ki, həmin aylarda həmin rayonda hərarət 40-ı keçməsin. Biz də deyək, işə bax e, necə dedi, elə oldu.

Daha çox xəbərlər