Cəmiyyət 

Böyrəklərinizə zərər verə bilər

Prof. Dr. Sait Gönen lazımsız vitamin istifadəsinin sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, analiz nəticələri normal olan şəxslərin əlavə vitamin qəbul etməsi həm bədənə yük gətirir, həm də maddi baxımdan gərəksizdir.

Bədən lazım olan vitamin və mineralları əsasən təbii qidalardan əldə edə bilər. Məsələn, B vitamini taxıl və tərəvəzlərdə, C vitamini meyvələrdə, maqnezium isə ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlərdə olur.

Bəzi hallarda bağırsaq problemləri, çölyak xəstəliyi və qlüten həssaslığı vitamin çatışmazlığına səbəb ola bilər. Belə hallarda yalnız həkim nəzarəti altında vitamin əlavələri qəbul edilməlidir.

D vitamini əsasən günəş işığından alınır və bu vitaminin sintezi üçün günorta saatlarında birbaşa günəşə çıxmaq tövsiyə olunur. Xüsusilə qapalı məkanlarda uzun müddət işləyən insanlar D vitamini çatışmazlığı riski daşıya bilər.

Şüursuz vitamin istifadəsi böyrəklərə zərər verə bilər və onların həddindən artıq yüklənməsinə səbəb ola bilər. Xüsusilə D, B və C vitaminlərini ehtiyac olmadan qəbul etmək sağlamlıq üçün risk yaradır.

Maqnezium əlavələri də tez-tez müzakirə olunur, lakin bu mineralı qidalardan almaq mümkündür. Yalnız analizlərdə çatışmazlıq olduğu halda həkim tövsiyəsi ilə maqnezium qəbul edilməlidir.

Sağlam həyat üçün əsasən düzgün qidalanma və fiziki aktivlik vacibdir. Balanslı qidalanma və müntəzəm idman metabolik sağlamlığı qorumaqda mühüm rol oynayır.

Mütəxəssislər insanları lüzumsuz vitamin istifadəsindən çəkinməyə çağırır. Hər hansı vitamin çatışmazlığı yalnız həkim nəzarəti altında müalicə edilməlidir.//E-saglam.az

Daha çox xəbərlər