Cəmiyyət 

Əfv gözləyərkən, amnistiya?

“Suverenlik və Konstitusiya İli”nin daha bir xoş sürprizi ola bilər

Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var. Bunu Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunub. “Parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününədək belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, indi də həbsdədirlər. Bu Amnistiya Aktının qəbulu onları da sevindirər”, – deyə S.Novruzov qeyd edib.

Son olaraq 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilib. Amnistiya yunan sözü olub, “unutmaq”, “bağışlamaq” mənasını verir. Amnistiya cinayət hadisəsi törətmiş şəxslər barəsində dövlətin iradəsi ilə həyata keçirilən humanist tədbir olub, bir  qayda  olaraq  ölkədə iqtisadi, sosial sahədə əldə olunan görkəmli nailiyyətlər, beynəlxalq aləmdə tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisələrlə bağlı dövlətin ali nümayəndəli orqanı və ya dövlət başçısı tərəfindən qəbul  olunur. Görkəmli  dövlət  və  ictimai  xadimlərin  yubileyləri  şərəfinə  amnistiya  aktlarının verilməsi hallarına da təsadüf edilir. Azərbaycan  Konstitusiyasının  95-ci  maddəsinə  əsasən  amnistiya aktlarının qəbulu  Milli Məclisin səlahiyyətinə aiddir.

Azərbaycan Cinayət Məcəlləsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

“Hər il mart və ya may ayında əfv sərəncamları imzalanır”. Bu fikirləri bir neçə gün öncə Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası adətən yanvar ayından işləməyə başlayır, müraciətləri təhlil edir və sənədlər hazır olandan sonra cənab Prezidentə təqdim olunur: “Çox güman ki, yaxın vaxtlarda yenə Əfv Məsələləri Komissiyasının iclasları başlayacaq və müraciətlərin müzakirəsindən asılı olaraq cənab Prezidentə sənədlər təqdim olunacaq. Ola bilsin ki, mart və ya may aylarında yenidən əfv sərəncamı imzalansın”.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti 2025-ci ili “Suverenlik və Konstitusiya İli” elan edib. Bu baxımdan da ehtimal böyükdür ki, bu il amnistiya aktı qəbul edilsin: “Təbii ki, mütəmadi olaraq əfv sərəncamları imzalanır, Əfv Komissiyası fəaliyyət göstərir. Komissiyaya edilən müraciətlər dəqiqliklə öyrənilir və təqdim olunur. Cənab Prezident bununla bağlı əfv sərəncamları imzalayır. Amma əfv sərəncamı çox geniş əhatəli olmur. Bu baxımdan amnistiya aktının qəbul edilməsi daha çox məhbusa şamil edilir. İstənilən halda, bununla bağlı qərar vermək ölkə Prezidentinə məxsusdur”.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, Azərbaycanda indiyə qədər çoxsaylı amnistiya aktı qəbul edilib və əfv sərəncamları imzalanıb. Bunların nəticəsində minlərlə insan azadlığa qovuşub. Həm amnistiya, həm də əfv humanist aksiya olmaqla yanaşı, ciddi hüquqi addımdır: “Amnistiya aktı təşəbbüsü adətən cənab Prezident İlham Əliyev və ya birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qaldırılır. Əfv sərəncamı imzalamaq isə ölkə Prezidentinin müstəsna səlahiyyətinə aid olan məsələdir. Əgər qarşıdakı yaxın dövrdə amnistiya aktı təşəbbüsü yenə də irəli sürüləcəksə, çox yaxşı və alqışlanmalı hadisə olacaq. Şəxsən məndə bu barədə dəqiq məlumat yoxdur. O ki qaldı əfv fərmanının mart ayında imzalanmasının gözlənildiyi barədə deyilənlərə, bu gün üçün hesab edirəm ki, əfv sərəncamının veriləcəyi ehtimalı daha yüksəkdir. Buna ehtiyac var. Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid tərəfindən açıqlamanın verilməsi, hər halda, boşuna deyil”.

Daha çox xəbərlər