Sərhədlərin müəyyənləşməsində yenə xəritə problemi
Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr saxlanılır və Moskva kartoqrafik materialları bizə verə bilər; ekspertin fikrincə, İrəvan delimitasiya prosesinə Aİ-ni qoşmaq istəyir
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib: “Və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır. Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır. Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər”.
Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.
Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Lenin adına Rusiya Dövlət Kitabxanasının “Paşkov Evi”ndə yerləşən kartoqrafiya bölməsidir. Burada Azərbaycana aid 9 xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında baş tutacağı uzun müddətdir müzakirə olunan məsələlər içərisindədir. Tərəflər öz növbəsində müəyyən xəritələr irəli sürsələr də tam razılıq əldə edilməyib. Təxminən bir il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 1975-ci il xəritəsinin əsas götürülməsində maraqlı olduğunu demişdi. O zaman Azərbaycan tərəfi birmənalı olaraq bunu qəbul etmədi. Çünki sərhədin müxtəlif hissələrinə münasibətdə müxtəlif illərin xəritələri istifadə olunmalıdır. Məsələn, delimitasiya və demarkasiya olunmuş Qazax istiqamətindəki sərhəd hissəsi bolşevik Rusiyasının işğalı dövründən dəyişməyib. Amma digər yerlərdə xeyli dəyişiklik baş verib.
Azərbaycan ərazisinin parçlanması prosesi 1920-ci il mayın 12-dən 1929-cu ilə qədər davam edib. Ermənistana verilən Azərbaycan torpaqları 1918-ci ildə 9 min kv/km, 1920-ci ildən 1929-cu ilə qədər 20,08 min kv/km (ümumilikdə, 100,16 min kvadrat kilometr) olub. Bu qərar Azərbaycan hakimiyyət dairələri, SSRİ hökuməti tərəfindən verilib. Ekspertlərə görə, 1920-ci illərin xəritələrini biz qəbul edə bilmərik. Çünki xəritələrin təsdiqi bu deməkdir ki, Sovet hökumətinin Azərbaycan xalqının fikrini soruşmadan verdiyi torpaqları tanıyırıq. Ermənistan Rusiyanı delimitasiya prosesinə buraxmasa, Moskva o kartoqrafik xəritələri Azərbaycana ikitərəfli qaydada verə bilərmi və niyə də verməsin? Hansı xəritələrlə müəyyənləşmə bizə sərfəlidir? Yeri gəlmişkən, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunan Paşinyan 2024-cü ildə bu istiqamətdə əldə olunan irəliləyişdən danışmışdı. Sitat: “2024-cü ildə delimitasiya prosesi çox vacib olub. Bizim Azərbaycanla ilk ikitərəfli dövlətlərarası sənədimiz var, bu sənəd hər iki ölkənin prosedurlarından keçib və təsdiqlənib. Prinsipial əhəmiyyət kəsb edən bu sənədlə artıq razılıq əldə olunub ki, yaxın gələcəkdə komissiyalar Ermənistan-Azərbaycan arasında sərhədin Gürcüstan sərhədindən İran sərhədinə qədər delimitasiyasına diqqət yetirəcəklər”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun fikrincə, Rusiya baş nazirinin müavini Overçuk ilk dəfə belə təşəbbüslə çıxış etmir. Onun sözlərinə görə, əvvəllər də belə təkliflər səsləndirib: “Xüsusən də onun iştirak etdiyi işçi qrupu var idi və vaxtaşırı görüşlər keçirilirdi. Sadəcə, bu problemin həllində söhbət xəritələrdən getmir, Ermənistanın yanaşmasından bir sıra məsələlər asılıdır. Yəni Ermənistan istərdi ki, delimitasiyanı Fransanın, avropalı müşahidəçilərin iştirakı ilə həyata keçirsin”. X.Bəşirova görə, əgər ermənilər yenə cığallıq edəcəksə, pozuculuq siyasəti yürüdəcəksə, o zaman Moskvanın verəcəyi həmin sənədləri istəyə bilərik: “Amma dəqiq bilmirik ki, o xəritələrdə nələr var… Hansı dövrə və ərazilərə aid xəritələr Rusiyadadır. Nəzərə alaq ki, Kremldəki ermənipərəst dairələrin maraqlarını təmin etmək üçün Ermənistanı qane edəcək xəritələr də verilə bilər. O baxımdan, İrəvanın mövqeyi müəyyənləşməlidir”.
Siyasi şərhçi delimitasiya prosesini olduqca mürəkkəb iş sayır: “Ermənistan isə iddia edir ki, guya Azərbaycan onun ərazisinə keçib. Amma yalandır və sərhəd dəqiqləşməyib. 30 il sərhədlərimizi keçən tərəf indi Azərbaycanı ittiham edir. Bir məqam da var – Gürcüstanla delimitasiya aparmışıq, amma hansısa xəritələrə ehtiyac olmayıb. Çünki tərəflər öz ərazilərini bilirdi. Ermənistan isə belə deyil, iddia irəli sürür. Halbuki tarixə keçid etsək, onda delimitasiya prosesinin sonunda Ermənistanın ərazisindən əsər-əlamət qalmaz. Ona görə də burada vurğu xəritələrə edilməli deyil, Ermənistanın yanaşması mühüm problemdir. İrəvan da az əvvəl dediyimiz kimi, sərhədlərin müəyyənləşməsində Avropa İttifaqının mülki missiyasının iştirakını arzulayardı. Buna isə Azərbaycan razı deyil”.