Bizi Qarabağa və Şərqi Zəngəzura qovuşduran yollar
İşğaldan azad olunmuş ərazilərdə 3 382,6 km avtomobil yolu inşa edilir
Respublikamızda yol layihələrinin icrası fasiləsiz şəkildə davam etdirilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışı təmin etmək, davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub. Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də bildirib ki, azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir.
İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir. Bu ərazilərdə müasir yol infrastrukturu layihələrinin uğurla icrası Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesində mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı və Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında bu ərazilərdə yol infrastrukturunun bərpası məqsədilə ümumi uzunluğu 3.382,6 km olan 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi davam etdirilir. İndiyə qədər bu layihələrdən ümumi uzunluğu 315,9 km olan 7 avtomobil yolu tam başa çatıb, bir layihənin isə tikintisi qismən yekunlaşıb. Bu layihələr işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Yol-nəqliyyat infrastrukturunun bərpası və inkişafı istiqamətində həyata keçirilən layihələrin böyük əksəriyyəti 2025-2026-cı illərdə tamamlanması planlaşdırılan əsas magistral yolları əhatə edir. Bu çərçivədə bir sıra mühüm avtomobil yollarının inşası həyata keçirilir. Bu layihələr arasında 81,7 km uzunluğunda və dörd hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, 39,7 km uzunluğunda və dörd hərəkət zolaqlı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, 70,4 km uzunluğunda və dörd hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın avtomobil yolu və 81,8 km-lik, iki-dörd hərəkət zolaqlı Toğana-Kəlbəcər-İstisu avtomobil yolu mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yollarının uzunluğu 1.274,6 km, Zəngilan, Qubadlı və Laçın rayonları üzrə isə 297 km təşkil edir. Bundan əlavə, Laçın rayonunda inşa edilən hava limanı ilə bağlı qazma-partlatma və torpaq işləri aparılır. Bütün bu infrastruktur layihələri işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını təmin edəcək və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş səkkiz şəhərdə daxili yol infrastrukturunun yenidən qurulması və inşası da həyata keçirilir. Layihənin əsas məqsədi müasir şəhərsalma prinsiplərinə uyğun olaraq rahat və təhlükəsiz nəqliyyat şəbəkəsinin yaradılmasıdır. Belə ki, Şuşa şəhərində daxili yolların ümumi uzunluğu 52 km təşkil edir və ilkin mərhələdə 15,8 km-lik hissənin inşası aparılır. Ağdam şəhərində isə ümumilikdə 189,7 km daxili yolun salınması planlaşdırılıb, bunun 58,7 km-lik hissəsi birinci mərhələ çərçivəsində tikilir. Qubadlı şəhərində 74 km daxili yolun inşası nəzərdə tutulub, hazırda ilk mərhələdə 24 km-lik hissənin icrası davam edir. Zəngilan şəhərində daxili yolların ümumi uzunluğu 32 km-dir və bunun 15,8 km-lik hissəsi ilkin mərhələdə tikilir. Kəlbəcər şəhərində ümumilikdə 26,5 km daxili yolun inşası planlaşdırılıb, ilkin mərhələdə isə 18,9 km-lik hissə salınır. Cəbrayıl şəhərində daxili yolların uzunluğu 44,5 km təşkil edir və ilk mərhələdə 24 km-lik hissənin inşası həyata keçirilir. Füzuli şəhərində daxili yolların ümumi uzunluğu 84,7 km-dir, ilkin mərhələdə isə 18,5 km-lik hissə tikilir. Laçın şəhərində daxili yolların uzunluğu 80 km təşkil edir və bunun 55,8 km-lik hissəsi ilkin mərhələdə icra olunur. Bu layihələr azad edilmiş şəhərlərin müasir şəhərsalma tələblərinə uyğun olaraq yenidən qurulmasına və infrastrukturun tam bərpasına xidmət edir. Yeni yolların inşası şəhərlərin dayanıqlı inkişafına, nəqliyyat şəbəkəsinin optimallaşdırılmasına və əhalinin rahat hərəkətinə imkan yaradacaq.
Azad edilmiş ərazilərdə yol infrastrukturunun genişləndirilməsi çərçivəsində kəndlər və rayonlararası əlaqəni təmin edən avtomobil yollarının inşası da həyata keçirilir.
Hazırda Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 77,6 km-lik hissəsi, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun 32,6 km-lik hissəsi və Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9 km-lik hissəsi üzrə tikinti işləri aparılır. Bundan əlavə, Ağdərə-Ağdam avtomobil yolunun 33,8 km-lik, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun I texniki dərəcəli 24 km-lik, Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun 20,6 km-lik və Tərtər-Ağdərə avtomobil yolunun 24,2 km-lik hissələrinin inşası davam etdirilir. Bu yol infrastrukturu layihələri, azad edilmiş ərazilərin nəqliyyat əlaqələrinin bərpası və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri çərçivəsində tunel, körpü və viadukların inşası intensiv şəkildə davam edir. Bu mühüm infrastruktur obyektləri, yol təhlükəsizliyini təmin etməklə yanaşı, təbii maneələrin aşılmasını və nəqliyyatın fasiləsiz hərəkətini təmin edir. Hazırda azad edilmiş ərazilərdə inşa olunan avtomobil yolları üzərində ümumilikdə 70,8 km uzunluğunda 45 tunel, 9.581,6 metr uzunluğunda 447 körpü və 3.871 metr uzunluğunda 16 viaduk tikilir. Bu günə qədər həyata keçirilən işlər çərçivəsində 59,6 km uzunluğunda 28 tunel, 8.339,1 metr uzunluğunda 392 körpü və 1.695 metr uzunluğunda 9 viadukun tikintisi tamamlanıb.
Bu mühüm layihələr sayəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində həm sosial rifah, həm də iqtisadi potensial artırılacaq, regionların inkişafı sürətlənəcək. Bu infrastruktur işləri azad edilmiş ərazilərin gələcək inkişafına və Azərbaycanın müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yenidən qurulmasına böyük təsir göstərəcək.
Nigar Orucova, “İki sahil”