Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Azərbaycanda 2024-cü il ərzində həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb. Mərkəzi Bankın hesabatından aydın olur ki, 2024-cü ildə həyatın yaşam sığortası yığımları 599 milyon 197 min min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 94 milyon 205 min manat və ya 19 faiz çoxdur. Xatırladaq ki, 2023-cü ildə həyatın yaşam sığortası üzrə 504 milyon 993 min manat sığorta haqqı toplanıb.
Ötən il həyatın yaşam sığortası üzrə sığorta ödənişləri 477 milyon 155 min manat təşkil edib. Bu isə illik müqayisədə 181 milyon 603 min manat və ya 62 faiz çoxdur – 2023-cü ildə 292 milyon 552 min manat sığorta ödənişləri həyata keçirilmişdi.
Hesabat dövründə bu sığorta növü üzrə zərərlilik göstəricisi isə 79 faiz təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 21 faiz artıb. 2023-ci ildə zərərlilik göstəricisi 58 faiz olmuşdu.
Qeyd edək ki, son illərdə bu sığorta növünə maraq sürətlə artırdı. Buna sığorta növünün inkişafı məqsədilə tətbiq olunan stimullaşdırıcı tədbirlər səbəb olmuşdu. Lakin 2023-cü ildən başlayaraq həmin stimullaşdırıcı tədbirlər tədricən aradan qaldırılır. Belə ki, 2023-cü ilin avrqustunda Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi qərara əsasən həmin ilin sentyabrından ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırmalı oldular. Həmin vaxta qədər “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının əsas hissəsini yığım sığortasına yönəldirdilər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 faiz-lə kredit xətti təklif edirdilər. Nəticədə rəsmi maaşı olan şəxslər “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əməkhaqqının əsas hissəsindən 50 faiz və ya 72 faiz (əməkhaqqıdan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edirdilər. Kredit xəttinin üstünlüyü ondan ibarətdi ki, əməkhaqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödəniş müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılırdı.
Bu ilin yanvarından isə dövlət sektorunda çalışan işçilərin həyatın yaşam sığortasına qoşulmaqla bağlı güzəştləri ləğv olundu. Bununla bağlı vergi və sosial qanunvericilikdə müvafiq dəyişiklik edilib. Qeyd edək ki, həyatın yaşam sığortasına qoşulan şəxs müqavilə müddətinin sonunadək yaşadığı yaxud müqavilə müddətində vəfat etdiyi halda toplanan sığorta ödənişi müqavilədə göstərilən şəxsə verilir. Müddətin sonunda verilən sığorta ödənişi və aylıq sığorta haqları gəlir vergisindən azad idi. 2005-ci ildən qanunvericiliyə edilən dəyişikliklə işçinin əmək haqqından 100 faiz həddə sığorta haqqı yığım sığortasına yönəldilə bilərdi. Həmin hədd isə tam həcmdə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azad edilmişdi. 2018-ci ildən etibarən bu hədd 50 faizə endirilib. Hər bir işçi minimum 3 il bitdikdən sonra müvafiq vergi və sosial sığorta haqqı güzəştlərini toplayıb, birdəfəlik ödəniş kimi əldə etmək iqtidarında idi. 2025-ci ildən həyata keçirilən düzəlişlərə əsasən dövlət sektorunda çalışan işçilərin əmək haqqından yığım sığortasına yönəldilən məbləğlər üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı güzəştləri ləğv edilib. Bu zaman 2024-cü ilin dekabr ayından başlayaraq davam edəcək yığım sığortası müqavilələri də daxil olmaqla, 2025-ci ilin 1 yanvar tarixindən sonra 3 ili bitənədək həmin müqavilələr üzrə müvəqqəti olaraq güzəştlər davam edəcək.
Verilən məlumata görə, bu addımın məqsədi Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin artımına nail olmaqdır. Belə ki, əmək haqqının həyatın yığım sığortasına yönəldilən hissəsi sosial ödəniş və vergidən azad olunurdu. Bu isə Fonda ödənişlərin azalmasına gətirib çıxarırdı.
Maraqlıdır ki, qeyri-rəsmi şəkildə dövlət sektorunda çalışanların həyatın yığım sığortasına qoşulması qadağan olunub. Dekabr ayından sığorta şirkətlərinə bu barədə bildirişlərin gəldiyi deyilir.
“Xalq həyat” sığorta şirkətinin satış idarəsinin müdiri Şəhriyar Məcidovun sözlərinə görə, həyatın yaşam sığortasında zərərin olması mübahisəlidir: “Bu sığorta növü elədir ki, tutalım, 36 ay müddətində sığortaolunan sığorta haqqını ödəyir, sonda ona nəzərdə tutulan ödəniş həyata keçirilir. Zərər o zaman yarana bilər ki, həmin şəxs müqavilə müddəti bitmədən vəfat etsin. Onda sığorta şirkəti bütöv müddət üçün nəzərdə tutulan məbləği ödəyir və bu da olur zərər. Amma bu sığortaya qoşulanların böyük əksəriyyəti gənc yaşlı insanlardır. Altı ildir mən bu sahədəyəm, bir dəfə də olsun müştərinin vəfatı halı ilə qarşılaşmamışam. Bildiyiniz kimi, Azərbaycan Mərkəzi Bankının həyatın yaşam sığortasına bağlı aşağı faizli kreditlərin verilməsinin dayandırılması qərarı 2024-cü ilin sentyabrından qüvvəyə mindi. Qərarla bağlı məlumat 2023-cü ildə açıqlandığına görə çoxsaylı insanlar sığortaya qoşulmağa çalışdılar. Beləliklə, ötən ilin ikinci yarısında yeni müqavilələrin sayında kəskin azalma qeydə alındı. Eyni zamanda 3 il əvvəl bağlanan müqavilələr üzrə ödənişlərin vaxtı gəlib çatdı. Ödənişlərin artımı 3 il əvvəl bağlanan müqavilələrin sayının çox olması ilə bağlıdır”.
Mütəxəssis bildirir ki, bu ildən həyatın yaşam sığortasına qoşulanların sayında azalma daha kəskin olacaq: “Bildiyiniz kimi, dövlət sektorunda işləyənlərin bu sığorta üçün güzəştləri ləğv olunur. Güzəştlər olmadan insanlarda maraq çox az olacaq. Yalnız özəl sektor üçün güzəştlər qalır. Həyatın yaşam sığortası üçün əmək haqqından tutulmalar dövlət sektorunda çox, özəl sektorda azdır. Cənab Prezidentin təşəbbüsü ilə özəl sektorda əmək haqları 7 il müddətində 14 faiz gəlir vergisindən azaddır, amma dövlət sektorunda bu azadolma yoxdur. Buna görə də dövlət sektorunda əmək haqqının 39 faizi, özəldə isə 25 faizi sosial və vergi ödənişlərinə gedir. Bu şəraitdə aydındır ki, dövlət sektorunda çalışanlar bu sığortadan daha çox gəlir əldə edirlər, nəinki özəldə. İndi dövlətdə çalışanlar üçün güzəşt ləğv olunub deyə daha cəlbediciliyi qalmır. Özələ gəlincə, orada əmək haqqının məbləği də elə yüksək deyil. Bu sektorda işləyib min manat maaş alan şəxs maaşının yarısını sığortaya yönəldə bilmir, çünki qalan pulla xərcləri qarşılamaq mümkün deyil. Bunu yalnız 3 min manat və daha yuxarı əmək haqqı alanlar edə biləcəklər”.
Ş.Məcidovun fikrincə, son 3 ildə həyatın yaşam sığortasına qoşulmaların sayı çox olduğuna görə yaxın 2 ildə bu növ üzrə ödənişlər də yüksələcək: “Yeni müqavilələrin azalması 2024-cü ilin 3-cü rübündən başlayıb. Bu il yəqin ki, daha kəskin azalma olacaq. Kütləvi axının olduğu son 3 ildə bağlanan müqavilələrin müddəti isə 2027-ci ilədək bitəcək. Buna görə də ödənişlər çox olacaq”.
Onu da qeyd edək ki, dünyada işləyən şəxslər üçün annuitet sığorta adlı əlverişli sığorta növü tətbiq olunur Adətən bu sığorta növündən orta yaşlı insanlar daha çox istifadə edirlər. Mahiyyəti budur ki, insan sığorta şirkətinə həyat sığortası ilə bağlı birdəfəlik və ya hissəli şəkildə məbləğ ödəyir və daha sonra sığortaçı mütəmadi olaraq sığortalıya ödənişlər edir. Bu ödənişlər həmin şəxsə bir neçə il ərzində, hətta müddətsiz şəkildə, yəni vəfat edənə qədər ödənilə bilər. Belə müqavilələr işçilər, işəgötürən şirkət və sığorta şirkətləri arasında da imzalana bilər Bu zaman işəgötürən – yəni iş yeri hər ay işçinin əməkhaqqından müvafiq sığorta haqqını sığorta şirkətinə köçürür. Həmin işçi öz əmək qabiliyyətini itirərsə, ona sığorta ödənişi edilir. Annuitet sığortada ödənişlər birdəfəlik deyil, periodik və əksər hallarda aylıq olur. Sığorta şirkəti məbləği işəgötürən şirkətin hesabına keçirir və işçi hər ay keçmiş iş yerindən sığorta müavinəti alır. Əgər sığortalı vəfat edərsə, onda müavinətləri onun ailə üzvləri və ya varisləri əldə edir. Əgər vəfat edən şəxsin heç bir ailə üzvü və ya varisi yoxdursa, onda sığorta müavinətləri yalnız dəfn xərclərini qarşılamaq üçün ayrılır.
Ş.Məcidovun sözlərinə görə, Azərbaycanda da annuitet sığorta növü qanunvericilikdə nəzərdə tutulur: “Bu növ sığorta qanunda nəzərdə tutulub, lakin hələ satışa çıxarılmayıb. Vaxtilə Sovet dövründə bunu tətbiq edirdilər. Adətən, valideynlər övladları üçün edirdilər bunu. İndi Avropada, Türkiyədə geniş tətbiq olunur. Türkiyədə buna əməkli sığortası deyirlər. Bizdə gözləyirik ki, bu məhsuldan nə vaxt istifadə edə biləcəyik. Fikrimcə, tətbiq edilsə, ona maraq yüksək olacaq”.