Gündəm 

2026 gec ola bilər! – İrəvan Bakıda səfirlik açmağa tələsməlidir

Azərbaycan-Ermənistan sülh danışıqlarında pauza davam edir. Əgər Bakı və İrəvan arasında sənəd layihəsi ilə bağlı məktub mübadiləsi nəzərə alınmazsa təbii ki. Səbəb bəsitdir: Azərbaycandan asılı heç nə qalmadığı üçün “top” Ermənistan tərəfdədir. Çoxdan.

Nikol Paşinyan hökuməti isə belə görünür ki, öz xalqını sülhə hazırlamaq əvəzinə, illəri illərə calamaqla vaxt udmağı hədəfləyib. Başlıca hədəf aşağı-yuxarı bəlli: altdan-altdan hücum ordusu qurub revanşa hazırlaşmaq, ən azından, masaya “güclü əl”lə oturmaq.

Hər halda həqiqət belədir ki, İrəvan Bakının sülhlə bağlı 4 şərt-tələbi (konstitusiyaya dəyişiklik, Minsk Qrupunun de-yure ləğvinə razılıq, sərhəddən üçüncü qüvvənin çıxarılması və beynəlxalq səviyyədə qarşılıqlı iddialardan imtina) reallaşdırmağa həvəsli görünmür. Üstəlik, Zəngəzur dəhlizi məsələsində mənasız dirənişi davam etdirir. Halbuki Azərbaycan tərəfdən dəhlizə bağlı infrastrukturun qurulması bitmək üzrədir…

Şərt-tələblərdən ən mühümü isə əlbəttə ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı torpaq iddiaları ilə bağlı müddəanın çıxarılmasıdır. Yerdə qalanlar daha az önəm daşıyır. Çünki məhz qonşu ölkələrə konstitusion ərazi iddiaları qaldıqca Bakı və Ankara ilə sülh sənədi imzalamağın əhəmiyyəti də olmayacaq.

Nədəni bəlli: Azərbaycan Paşinyan hökuməti ilə yox, Ermənistanla, erməni xalqı ilə bütün zamanlar üçün hüquqi qüvvəsini saxlayacaq sülh sazişi imzalamaq istəyir. Bu xüsusda məhz referendum göstərəcək ki, çörəyi dizi üstündə olan haylar iki əsas qonşu ilə dinc-yanaşı yaşamaqda maraqlıdır, yoxsa yeni müharibədə…

Sadalanan reallıqlar fonunda Ermənistan parlamentinin spikeri Alen Simonyan görün dünən nə ərz edib. Sitat: “Çox pisdir ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycanın girovuna çevrilib. Bakı Ankara-İrəvan əlaqələrinə hər vəchlə təsir eləməyə çalışır”.

Bu, erməni hiyləgərliyi və siyasi riyakarlığının növbəti parlaq təzahürüdür. Nədən ki, Türkiyə rəsmiləri başda prezident Ərdoğan olmaqla, dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanla sülh sənədi imzalayan kimi Ankara ilə münasibətlər qaydaya düşəcək. Yəni Türkiyə əslində İrəvan qarşısında saxta soyqırımından imtina məsələsini əsas şərt kimi də qaldırmır. “Öncə get Bakı ilə anlaş” deyir.

Doğru, torpaqlarımızın işğalına son qoyulub. Amma proses beynəlxalq hüquq baxımından məntiqi sonluğuna çatmayıb – kapitulyant tərəfdən konstitusion ərazi iddiası, yeni müharibəyə əsas yaradan faktor qalmaqdadır. Üstəgəl, Ermənistan konstitusiyasında qardaş dövlətə qarşı da ərazi iddiası yer alıb – hazırkı Ermənistandan ərazicə 6 dəfə böyük (186.5 min kv km) “qərbi ermənistan” şəklində…

Şübhəsiz, sülhə əsas əngəl aradan qalxmayınca kapitulyant ölkə dalandan çıxmayacaq. Axı Azərbaycan və ya Türkiyə, özünə hörmət edən ölkələr kimi, onlara rəsmən torpaq iddiası olan bir ölkə ilə necə diplomatik, iqtisadi-ticari əlaqələr qura, orada səfirliklər aça bilər? Odur ki, Ermənistan bir qucaqdan düşüb on qucağa atılsa da, nəticə onun xeyrinə yaxşıya dəyişməyəcək.

Söz düşmüşkən, erməni mediası yazıb ki, Paşinyan hakimiyyəti qlobal geosiyasi trendleri ciddiyə alaraq, Moskva ilə barışıq yolu axtarır. Bu məqsədlə parlamentə, Xarici İşlər Nazirliyinə, Rusiya ilə əlaqələrə malik digər strukturlara və nazirliklərə əlaqələrin mümkün qədər gücləndirilməsi ilə bağlı tapşırıqlar verildiyi bildirilir.

Ermənistan parlamentinin mətbuat xidməti isə xəbər yayıb ki, qatı anti-Rusiyaçı kimi tanınan Alen Simonyan martın 6-da MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etmək üçün Sank-Peterbuqra gedəcək. Hərgah Moskva ilə İrəvan arasında münasibətlərin yetərincə gərgin olduğu dövrdə Simonyan assambleyanın iclaslarına qatılmayıb, onu müavini əvəz edib.

Ancaq Rusiyanın Güney Qafqazda sülhə bağlı yanaşması, imperiya maraqları bəlli. Hansı ki, bir qayda olaraq, bölgə xalqlarının mənafeyi ilə üst-üstə düşmür. Gərək ki, artıq erməni xalqı da buna öz “dərisi” ilə əminlik hasil edib. O zaman nə qədər gec deyil, nə qədər ki, Moskvanın başı özünə qarışıb və “əli” çox yerə çatmır, İrəvan Kremldən təzədən imdad diləməkdənsə, Bakı və Ankara ilə barışığı tezləşdirməlidir. 2026 gec ola bilər…

Şans pəncərəsi bir də açılmaya bilər…

Daha çox xəbərlər