Bərdə Rayon Mərkəzi Xəstəxanası və nəzdindəki tibb müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, direktorun İlkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə, Cərrahiyyə şöbəsinin müdiri Zaur Əliyev, Pediatrik cərrahiyyə bölməsinin müdiri Ramiz Əhmədov, Reanimasiya şöbəsinin müdiri Eldar Əhmədov, şəhid ailələri və xəstəxanada çalışan bir sıra tibb işçisi iştirak edib.
Vüsal Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar. Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Daha sonrakı çıxışlarda tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadın, anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs sayılmışdır. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunduğu haqqında ətraflı məlumat verilib.
Daha sonra tibb müəssisəsinin rəhbrəliyi tərəfindən tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olunub.


















